Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın

Biz yeni reallıq yaratdıq və indi hər kəs bu reallıqla barışmalıdır, hesablaşmalıdır. Bizim üçün yeni dövr başlayır və postmüharibə dövrü bir çox ölkələr üçün də çətin dövr olub. Amma müharibədən sonra artıq bir neçə ay keçir və biz görürük ki, postmüharibə dövrü də bizdə çox rahat keçir. Bu da cəmiyyətimizin çox böyük üstünlüyüdür, xalqımızın böyüklüyüdür və bu gün məhz bu ideyalar uğrunda biz yenidən birləşirik. Yeni ideyalar uğrunda - Qarabağı necə bərpa edək, keçmiş köçkünləri torpaqlara necə qaytaraq. Bundan sonra elə bir qüdrətli dövlət yaradaq ki, heç kim heç vaxt bizə qarşı heç bir təxribat törədə bilməsin.


İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransının əvvəlində jurnalistlərə etdiyi müraciətdə 29 il öncə Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilən Xocalı cinayəti haqqında məlumat verib. Dövlətimizin başçısı bu soyqırımı nəticəsində 613 mülki şəxsin xüsusi qəddarlıqla qətlə yetirildiyini, onlardan 106-sının qadın, 63-ünün uşaq olduğunu bildirib. Eyni zamanda, Xocalı soyqırımını törədən hərbi cinayətkarların bir çoxunun İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edildiyini xatırladıb.

Ölkə rəhbəri müraciətində Xocalı soyqırımının Ermənistan faşizminin təzahürü olduğunu, düşmənin həmin faciədən son hadisələrə qədər hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması kimi faşizm əməllərini davam etdirdiyini, xalqımıza böyük zərbə vurduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev daha sonra deyib: “Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilibdir. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalmışdır”.
Dövlətimizin başçısının vurğuladığı kimi, Xocalı soyqırımının törədilməsi ilə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi. Təsadüfi deyil ki, işğalçı ölkə rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə vaxtı bu barədə sualı cavablandırarkən qürur hissi ilə qeyd edirdilər ki, bəli, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib. Məqsəd isə Azərbaycan xalqını Ermənistan rəhbərliyinin mülki şəxslərə də əl qaldıra biləcəyinə inandırmaq olub.
Qisas qiyamətə qalmaz, deyilib. Vətən müharibəsində şanlı Azərbaycan Ordusu Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldı. Silahlı Qüvvələrimiz 44 gün çəkən savaşda işğalçı ordunu darmadağın edərək, öz tarixi torpaqlarımızı yağılardan təmizlədi. Təbii ki, döyüşlərdə Xocalı qurbanlarının da qanı yerdə qalmadı.
Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan güclü dövlət kimi bir daha erməni faşizminin baş qaldırmasına imkan verməyəcək. Lakin belə meyillər artıq nəzərə çarpır. Bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, regionda sabitliyin tam bərqərar olması üçün əməli addımlar atır.
Dövlətimizin başçısı daha sonra jurnalistləri maraqlandıran suallara cavab verib. Ölkə rəhbəri müxbirin Qarabağ zəfərindən dərhal sonra Ermənistanda davamlı daxili siyasi qarışıqlığın müşahidə olunması, son günlər isə vəziyyətin daha da kəskinləşməsi ilə bağlı sualına cavabında deyib: “Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir. Mən dünən şəhid ailələri ilə görüşdəki çıxışımda, o cümlədən Ermənistandakı vəziyyətə də toxundum. Ancaq onu bildirmək istəyirəm ki, o çıxış hadisələrdən əvvəl edilmişdir. Yəni, mənim şəhid ailələri ilə görüşüm təqribən saat 10:30-da olmuşdur və mən Ermənistandakı hadisələrdən ondan sonra xəbər tutdum. Ona görə istəyirəm, hər kəs bilsin ki, mənim şərhlərim bu hadisələrdən əvvəl edilmişdir”.
Azərbaycan Prezidenti fikrini davam etdirərək, bu gün Ermənistanın ağır durumda olduğunu, orada gedən proseslərin ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıtdığını, günahın isə Ermənistanın əvvəlki və indiki rəhbərlərinin üzərlərinə düşdüyünü vurğulayıb. Bildirib ki, iyirmi il ərzində Köçəryan-Sarkisyan xuntası Ermənistanı faktiki olaraq uçuruma aparıb və indiki böhranlı vəziyyət yaranıb. Bunun əsas səbəbi isə bu dövlətin işğalçılıq siyasəti olub. Çünki düşmən torpaqlarımızı uzun müddət işğal altında saxlamaqla asılı vəziyyətə düşüb.
Azərbaycan ötən illər ərzində Ermənistanı ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid edib. İşğalçı ölkəni iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək üçün Azərbaycan uğurlu siyasət yürüdüb: “Mən bunu heç vaxt gizlətmirdim və dəfələrlə açıq deyirdim, torpaqlarımız nə qədər ki, işğal altındadır, biz bu siyasəti aparacağıq. Deyirdim ki, Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxarsın, ondan sonra bölgədə işbirliyi də ola bilər, əməkdaşlıq da ola bilər və bizim siyasətimizdə dəyişiklik də ola bilər. Əfsuslar olsun ki, nə əvvəlki xunta rejimi, nə də ki, 2018-ci ildə hakimiyyətə gəlmiş hökumət bizim bu çağırışlara qulaq asmadı. Əgər vaxtında qulaq assaydılar, bu gün belə rəzil duruma düşməzdilər”.
Dövlətimizin başçısı mətbuat konfransında ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrası ilə bağlı verilən suala da aydınlıq gətirib. Xatırladaq ki, üçtərəfli bəyanatda əksini tapan 9 maddəlik bəndlərin icrası hazırda uğurla həyata keçirilməkdədir. Prosesin ən çətin və mürəkkəb mərhələsi artıq geridə qalıb. Sözügedən bəyanata əsasən, noyabrın 10-dan sonra 20 gün müddətində Azərbaycanın üç rayonunun qrafik təqviminə uyğun işğaldan azad olunması vaxtında yerinə yetirildi. Yəni, dekabr ayının 1-ə qədər Azərbaycan bir güllə belə atmadan, heç bir itki vermədən işğal altındakı torpaqlarının qalan hissəsini də azad etdi.
İkinci mürəkkəb və strateji məsələ Azərbaycanın Naxçıvanla birbaşa kommunikasiyalarının bərpası məsələsidir ki, bu da artıq icra olunmaqdadır. Üçüncü məsələ isə Türkiyə-Rusiya ortaq nəzarət qərargahının yaradılması idi ki, bu da artıq öz həllini tapıb.
Hazırda erməni icması daxilində silahlıların və terrorçuların təmizlənməsi, eləcə də Ermənistan silahlılarının erməni icmasının kompakt yaşadığı ərazilərdən çıxarılması prosesi gedir. Azərbaycan tərəfi bu məsələyə ciddi nəzarət edir və son nəticə əldə edilənə qədər də bu, edəcək.
Məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması istiqamətində də işlər görülür və ən optimal müddətdə bu məsələ öz həllini tapacaq. Qarşıdakı mərhələdə isə Laçın şəhərinə girmədən yeni nəqliyyat koridorunun yaradılması istiqamətində işlər görüləcək. Beləliklə, indiki vəziyyət deməyə əsas verir ki, bütün məsələlər Azərbaycanın nəzarətindədir və müəyyən kiçik insidentlər istisna olmaqla, üçtərəfli bəyanatda əksini tapan müddəalar uğurla gerçəkləşdirilir.
Prezident İlham Əliyev bununla bağlı deyib: “Noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir. O bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış bəyanat icra ediləcəkdir. Əks-təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Yəni, Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq.
Otuz il ərzində bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, eyni zamanda, ayrı-ayrı ölkələr bizə açıq, yaxud da qeyri-rəsmi mesajlar göndərirdilər ki, reallıq var, Azərbaycan müharibədə məğlub edilmiş tərəfdir, siz reallıqla barışın. Çalışın ki, bu reallıqdan özünüz üçün maksimum məqbul variant seçin, yəni, pis variantla daha pis variant arasında. Biz isə bildiyiniz kimi, belə çağırışları hər zaman rədd edirdik, öz mövqeyimizdən bir addım belə geri atmırdıq və mən bunu açıq bəyan edirdim. İndi isə, mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratdıq. Bu reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. İndi Ermənistan qarşısında bir neçə seçim var və onların arasında Ermənistan üçün ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks-təqdirdə, onlar üçün daha da böyük problemlər yarana bilər”.
Azərbaycan Prezidenti mətbuat konfransında işğaldan azad edilən ərzilərdə bərpa-quruculuq işlərinin gedişi, reallaşdırılacaq layihələr, logistika məsələləri barədə verilən sualları da geniş şəkildə cavablandırıb. Dövlətimizin başçısı Füzulidə artıq uçuş-enmə zolaqlarının ən ağır yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək beynəlxalq aeroportun tikintisinə başlanıldığını, kompleksin cari ilin sonunadək istifadəyə veriləcəyini, eyni zamanda, ərazidə minalardan təmizlənmə prosesinin operativ surətdə aparılaraq, başa çatmaq üzrə olduğunu diqqətə çatdırıb.

Təyyarə limanının işə salınması xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpasına müsbət təsir göstərməklə yanaşı, qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün əlverişli şərait yaradacaq.
Hazırda aeroportun tikintisi aparılmaqla bərabər, Şuşa şəhərinə iki avtomobil yolu da çəkilir. Həmin yollardan biri dövlətimizin başçısı tərəfindən “Qələbə yolu” adlandırılıb. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın xüsusi təyinatlı qoşunları məhz həmin yolla meşələrdən və vadilərdən keçərək, Şuşa şəhərinə daxil olublar. Nisbətən aran ərazidən keçən digər yol da sözügedən aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək.
Prezident İlham Əliyev bununla bağlı deyib: “Əminəm ki, xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları belə bir imkana malik olacaqlar. Deməliyəm ki, bizim aeroportlar tikmək planlarımız təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Biz ərazinin abadlaşdırılması proqramlarını, Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportlar tikməyi planlaşdırırıq. Bildiyiniz kimi, keçən il 10 noyabr tarixli Bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə idi. Buna görə də bizim böyük planlarımız var və biz onları reallaşdıracağıq. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Biz bağlanmış müqavilələr əsasında ilk ödənişləri həyata keçirməyə başlayırıq”.
Dövlətimizin başçısı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları ilə əlaqədar qrafik məsələsi ilə bağlı sualı cavablandırarkən, bildirib ki, hazırda ərazilərin minalardan təmizlənməsi və bununla paralel olaraq bütün imkanlardan istifadə etməklə ziyanın qiymətləndirilməsi tədbirləri həyata keçirilir, beynəlxalq qurumlar vasitəsilə işğalçılara əsaslandırılmış iddialar təqdim etmək üçün dronlarla çəkilişlər aparılır. Eyni zamanda, şəhər və kəndlərin inkişafının baş planları hazırlanır. Bunlarla bərabər, pilot layihələr də reallaşdırılır.
Artıq ağıllı kənd” layihəsinə başlanılıb. Bu, 30 il ərzində torpaqlarından qovulmuş soydaşlarımız üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaratmaq məqsədi daşıyır. Butün bu tədbirlərin həyata keçirilməsi, ərazilərin bərpası üçün Azərbaycan Prezidentinin siyasi iradəsi, ölkəmizin güclü maliyyə resursları var.
Bəli, ərazilərin bərpası, Böyük Qayıdışın başlanması üçün geniş miqyaslı işlər gerçəkləşdiriləcək. Çünki düşmən torpaqlarımızı minalamaqla yanaşı, o yerlərdə, necə deyərlər, daşı daş üstə qoymayıb, yaşayış sahələrini xarabalığa çevirib. Prezident İlham Əliyev bununla bağlı jurnalistin müvafiq sualına cavabında bildirib: “Məskunlaşma üçün, ilk növbədə, ərazilərin minalardan təmizlənməsi başa çatdırılmalıdır. Digər tərəfdən, işğal zamanı düşmən burada hər şey, bütün infrastruktur tamamilə dağıdılıb, şəhərlər yoxdur, qayıdası yer yoxdur. Praktiki olaraq bütün kəndlər dağıdılıb. Mən azad edilmiş ərazilərdə dəfələrlə olmuşam, maşınla yüzlərlə kilometr yol gedirsən və yalnız dağıdılmış kəndləri görürsən, heç yerdə bircə bina da yoxdur. Ağdamda bircə bina da yoxdur. Təkcə qismən dağıdılmış bir məscid qalıb, ondan da ermənilər atəşin təshih edilməsi üçün oriyentir və müşahidə məntəqəsi kimi istifadə ediblər, oradan baxırlarmış ki, Azərbaycan qoşunları orada hərəkət edir, yoxsa yox? Füzulidə bircə bina da yoxdur. Hətta bayraq sancmağa yer yox idi. Biz bayrağı bayraq dirəyindən asdıq. Cəbrayılda da eyni vəziyyətdir. Zəngilanda, Qubadlıda bir neçə ev qalıb, onlarda da qanunsuz məskunlaşdırma aparılmışdır”.
Yeri gəlmişkən, ölkə rəhbərinin vurğuladığı kimi, işğaldan azad edilən ərazilərdə infrastrukturun, şəhər və kəndlərin qurulması üçün minatəmizləmə prosesi mühüm önəm daşıyır. Ermənilər 30 il ərzində torpaqlarımızı işğal alında saxlamaqla, istismar etməklə, təbii resurslarımızı oğurlamaqla, kəndlərimizi, şəhərlərimizi dağıtmaqla bərabər, həm də əraziləri minalayıblar. Bu, düşmənin vəhşiliyindən, barbarlığından, vandal xislətindən xəbər verir. Ona görə də müharibədən sonra azad edilən torpaqlarda təəssüf ki, tez-tez bədbəxt hadisələr baş verir. Bu, əsasən mənfur düşmənin işğaldan sonra bütün yaşayış sahələrinin, infrastrukturun, təmas xəttinə yaxın olan ərazilərin, yolların, önəmli strateji yüksəkliklərin minalanması ilə əlaqədardır. İşğalçının müharibədən sonra bu cür təhlükəli zonaların xəritəsini verməkdən belə imtina etməsi isə onun qəddarlığının bariz ifadəsidir.
Bütün bu çətinliklərlə bağlı Prezident İlham Əliyev jurnalistin sualına cavabında deyib: “Ərazilərin minalardan təmizlənməsi məsələsində biz hələ yolun başlanğıcındayıq. Biz hələ cəmi bir neçə min hektar ərazini təmizləmişik. Mən yeni hərbi bölmələrin, Azərbaycan Müdafiə Nazirliyinin yeni mühəndis-istehkamçı batalyonlarının formalaşması barədə göstərişlər vermişəm. Bu bölmələr artıq formalaşıb. Bu yaxınlarda biz Türkiyədən müasir texnika almışıq, o artıq gətirilib. Bu texnika bizim işimizi xeyli asanlaşdıracaq. Bununla paralel olaraq mən yaxın vaxtlarda Minatəmizləmə üzrə Dövlət Agentliyinin yaradılması barədə sərəncam imzalamışam. Bundan əvvəl bizdə mövcud olan, ANAMA adlanan qurumun statusu çox qeyri-müəyyən idi. O, vaxtilə işğaldan azad edilmiş ərazilərin bərpası üzrə mövcud olmuş komissiyanın nəzdində yaradılmışdı. Bu işi gücləndirmək üçün biz dövlət qurumu yaratdıq, o, artıq formalaşıb. Agentliyin səmərəli işləməsi üçün biz bu ilin investisiya proqramında təqribən 100 milyon manat ayıracağıq. O cümlədən ən müasir avadanlıq, distant xarakterli robotlar və minatəmizləyən maşınlar alınacaq. Yəni, biz bu işlə maksimum məşğul olmağa çalışacağıq…”.
Dövlətimizin başçısı mətbuat konfransında jurnalistlərin regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası, ermənilərin və azərbaycanlıların birgə yaşayışı, Qarabağda sülhməramlı missiyasının fəaliyyəti, ermənilər tərəfindən müharibə zamanı ağır silahlardan, o cümlədən Rusiya istehsalı olan “İsgəndər” əməliyyat-taktiki raketlərdən istifadə olunması barədə Ermənistan rəsmi şəxslərinin heyrətamiz və ziddiyyətli bəyanatları, əcnəbi investorların Qarabağın bərpa prosesində iştirakı, palaq qələbəmiz nəticəsində regionda yeni reallıq yaranması ilə bağlı suallarını da əhatəli şəkildə cavablandırıb.


Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

28 Fevral 2021 00:38 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə