Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalıdan olan rabitəçilərlə görüş keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Xocalıdan olan rabitəçilərlə görüş keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazirlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Xocalı faciəsini bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət adlandırıb. Nazir bildirib ki, Xocalı faciəsinə ilk dəfə siyasi qiymət verilməsi istiqamətində işlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən başlanılıb. Hələ 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib. 26 fevral günü – “Xocalı soyqırımı və milli matəm günü” kimi qəbul olunub.

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunda mühüm yer tutduğunu deyən R.Nəbiyev Heydər Əliyev Fondunun da bu istiqamətdə olduqca fəal və məqsədyönlü işlər apardığını diqqətə çatdırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası keçirilir. Kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirləri təşkil olunur, Azərbaycanın haqq səsi dünyaya çatdırılır.

Nazir qeyd edib ki, işğaldan əvvəl Xocalı Rabitə Qovşağında 28 nəfər çalışıb. Dəhşətli qətliam zamanı rabitəçilər arasında da şəhid olan, əsir düşən, ailə üzvlərini itirənlər olub. R.Nəbiyev, həmçinin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı uğurlardan, ərazi bütövlüyümüzü bərpa etməsindən danışıb.

Mərasimdə çıxış edən Xocalı sakinləri 29 il əvvəl yaşadıqları dəhşətli hadisələr barədə danışıb, rabitəçilərin dinc əhalinin müdafiəsi uğrunda göstərdikləri fədakarlıqdan söz açıblar.

R.Nəbiyev Xocalı rabitə işçilərinin problemləri ilə maraqlanıb, onların sosial məsələlərinin daim diqqətdə saxlanıldığını deyib.

Sonda Xocalı rabitəçiləri bu görüşün təşkilinə, eləcə də göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

 

27 Fevral 2021 10:42 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə