Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan hərbçiləri Paşinyanın istefasını tələb ediblər

Fevralı 25-də “Vətənin xilası uğrunda hərəkatın” koordinatoru, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan canlı yayımda müxalifətin planlarını açıqlayaraq, əhalini parlament binasının ətrafına səsləyib və baş nazir Nikol Paşinyanı “başdanxarab” adlandıraraq ordu ilə əlbir olduqlarını deyib: “Biz iki tərəfdən Baqramyan prospektini barrikadalarla tutmuşuq. Çadır qururuq, ocaq da qalayacağıq. Ordumuzla birlikdəyik və birlikdə Nikol Paşinyanı aradan götürəcəyik”.

Onu da qeyd edək ki, cümə axşamı, fevralın 25-də İrəvandakı Azadlıq meydanında birləşmiş müxalifətin mitinqi keçirilib. “Vətənin xilası uğrunda hərəkat” etirazların ikinci mərhələsi və müddətsiz aksiyaların reallaşdığını elan edib. Baş nazir N. Paşinyanın əleyhdarları tərəfindən Baqramyan prospekti boyunca yürüş edilərək parlamentə girişlər bağlanılıb. Beləliklə, paytaxtın mərkəzi prospekti etirazçıların əlinə keçib.
Müxalifətin aksiyası ilə yanaşı, Paşinyanın tərəfdarları da mitinq keçiriblər. Onlar əvvəlcə Respublika meydanına yığışıb, sonra isə şəhərin cənubuna (faşist Njde Qareginin adı verilən meydana) yürüş ediblər.
Ölkədə vəziyyət Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Paşinyanın istefasını tələb etməsi ilə qarışıb. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan və onun müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri, habelə komandirlərin imzaladığı bəyanatda ətraflı məlumat verilib.
Hərbçilər Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini deyiblər. Onlar “Belə çətin bir şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır”, – deyə bildiriblər.
Buna cavab olaraq Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.
Yeri gəlmişkən, Ermənistan polis zabitləri tərəfindən də birgə bəyanat yayılıb: “İctimaiyyəti təxribatlara getməməyə və hakimiyyətin saxlanılmasına yönəlmiş istənilən addımdan çəkinməyə çağırırıq”. “Hazırkı durumun yeganə həlli hakimiyyətin istefasıdır”, – bəyanatda vurğulanıb.
Məlumata görə, bu bəyanatı 5 general və 25 polkovnik imzalayıb. İmzalayanlar arasında hazırda qurumda işləyənlərlə yanaşı, ehtiyatda olan zabitlər də var.
Prezident Armen Sərkisyan isə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin istefası təklifini növbəti kadr dəyişikliyi hesab etmir. “RİA Novosti” xəbər verir ki, bu haqda Ermənistanın prezident administrasiyasının yaydığı bəyanatda deyilir.
Bildirilir ki, Konstitusiyaya əsasən, prezidentin baş nazirin qərargah rəisini istefaya göndərmək təklifi ilə bağlı mövqeyini bildirməsi üçün üç gün vaxtı var: “Dövlət orqanlarının normal fəaliyyətinin təmin edilməsi zərurəti nəzərə alınaraq, prezidentin vəzifəli şəxslərin təyin və ya vəzifədən azad edilməsinə dair hər hansı bir əsas etirazı olmayıb. Bununla belə, mövcud böhran şəraitində Silahlı Qüvvələrin Baş Qərargah rəisinin istefaya göndərilməsi növbəti kadr dəyişikliyi hesab oluna bilməz. Konstitusiyaya əsasən, Silahlı Qüvvələr ölkənin müdafiə, təhlükəsizlik və ərazi bütövlüyünü, sərhədlərin toxunulmazılığını təmin edir”.
Administrasiyadan, həmçinin bildirilib ki, hazırkı vəziyyətdə kimsə prezidentin siyasi proseslərə qarışmasına çalışmamalıdır: “Prezidentə təzyiq göstərmək cəhdləri yolverilməzdir. Prezident hər hansı tərəfi tutmur. Yalnız dövlətin və xalqın maraqlarını müdafiə edir”.
Burada bir nəqamı da xatırlatmaq istərdik. Ermənistan parlamenti baş nazir Nikol Paşinyanın impiçmentinin müzakirəsi ilə bağlı təcili iclas çağırmaqdan imtina edib. Bunu Vətənin Xilası Hərəkatının koordinatoru İşxan Saqatelyan deyib. Onun sözlərinə görə, “Mənim addımım” blokundan olan deputatlar hərəkatın və minlərlə vətəndaşın tələbini rədd edib.
Saqatelyan daha sonra müxalifətin bu məsələni Prezident Armen Sərkisyanla mütləq müzakirə edəcəyini də vurğulayıb.
Siyasi şərhçi Armen Badalyan isə deyib ki, Baş Qərargah qərarından dönməsə, Nikol Paşinyan qaçmağa məcbur olacaq, Baş Qərargahın qərarı kortəbii deyil.
A.Badalyan mülki əhali ilə ordu arasında toqquşmaları da istisna etməyib və baş nazirin gedişinə alternativ görməyib.
Badalyan əlavə edib ki, indi Paşinyan polis və qoşunları kimi heç bir şey edə bilməyən müavinlərinə güvənir: “Bunlar arasında belə, baş nazirə mütləq dəstək də yoxdur. Onlar ölkədəki mövcud rejimi canlarının bahasına müdafiə etməyəcəklər. Adi vətəndaşlara gəldikdə, Paşinyan başa düşür ki, ordu qarşısında durmaq və onu qorumaq iqtidarında deyillər. Tərəfdarları azdır və toqquşmalar istisna edilmir.
Əsgərlər şəhərə gətirilsə, Paşinyanın tərəfdarları da daxil olmaqla, hamı dağılacaq”.
A.Badalyan bildirib ki, hökumət orduya qarşı güc tətbiq etsə, Onik Qasparyan silahlı çevrilişə gedəcək və o zaman Paşinyan üçün ən pis ssenari həyata keçiriləcək: “Hərbi çevrilişin xarici amillərin təsiri də daxil olmaqla, planlı hərəkətlər olduğunu istisna etmirik”.
Baş naziri Nikol Paşinyan isə bütün bunlardan sonra korrupsionerlərin hakimiyyətə bir daha qayıtmayacağına söz verib.
Paşinyanın bu sözlərinə Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi Vazgen Manukyandan cavab gecikməyib: “Biz Paşinyanı xain və düşmən sayırıq. Biz onunla yalnız onun hakimiyyəti necə tərk edəcəyini müzakirə edə bilərik”.
Nikol Paşinyan onun hakimiyyətdən gedişinə yalnız xalqın qərar verməli olduğunu vurğulayıb. O, bu barədə tərəfdarları ilə birlikdə keçirdiyi yürüşdə bildirib.
Paşinyan, həmçinin orduya müraciət edərək onun əmrlərini yerinə yetirməsini tələb edib: “Bütün əsgərlərə, zabitlərə, generallara əmrim odur ki, öz işinizlə, Ermənistanın sərhədlərini və ərazi bütövlüyünü qorumaqla məşğul olun. Bu, mənim əmrimdir və heç kim onu poza bilməz”,- deyə Paşinyan ordunun siyasi proseslərdə iştirak edə bilməyəcəyini və seçilmiş orqanlara tabe olmalı olduğunu deyib.


V.BAYRAMOV,

“Xalq qəzeti”

27 Fevral 2021 09:52 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə