Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt təxribatı erməni separatizminə “haqq qazandırmaq” məqsədilə düşünülmüşdü

Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi.


İlham ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Dövlətimizin başçısı İlham Əliyev 2019-cu il noyabr ayının 21-də Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş tədbirdəki nitqində sözügedən hadisələrin mahiyyətinə, ermənilərin qanlı aksiyalarının, əslində, nəyə xidmət etdiyinə aydınlıq gətirmiş və bəyan etmişdir ki, sovet dönəmində – ötən əsrin 88-ci ilində, fevral ayının son günlərində törədilmiş Sumqayıt hadisələri Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına və keçmiş SSRİ-nin dağılmasına təkan verəcək vasitələrdən biri kimi düşünülmüşdü.

Xatırladaq ki, Sumqayıt hadisələrinin təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması məqsədilə bir neçə il əvvəl Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Baş Prokurorluğu bununla bağlı istintaqı təzələmiş və araşdırmaların hərtərəfli aparılmasına başlamışdır. İstintaq nəticəsində Sumqayıt hadisələrinin həqiqi mahiyyəti üzə çıxmış, bu hadisələrin əsas sifarişçi və təhrikçilərinin Mixail Qorbaçov, eləcə də sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst dairələr və “böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçi və separatçı qüvvələrinin olması müəyyən edilmişdir. Bu hadisələrin mahiyyətcə Dağlıq Qarabağın anneksiyasına "rəsmi” səbəb kimi törədilən təxribat olması tam sübuta yetirilmişdir.
Əslində, Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana biləşdirilməsi ermənilərin çoxdan “cücərtdikləri” bir məsələ idi. Sadəcə olaraq, neçə ki, ulu öndər Heydər Əliyev əvvəlcə Azərbaycanda, sonra isə SSRİ rəhbərliyində yüksək vəzifələr tuturdu, onlar bunu açıb-ağartmağa ürək etmirdilər. Yalnız 1987-ci ildə Heydər Əliyev vəzifəsindən istefa verdikdən sonra dünya erməniliyi hərəkətə keçmiş və Azərbaycan daha açıq şəkildə hədəfə çevrilmişdir. Fransada Erməni İnstitutunun təşkil etdiyi qəbulda akademik Abel Aqanbekyan mənfur niyyəti çəkinmədən dilə gətirmişdir: "Mən istərdim ki, respublikanın şimal-qərbində yerləşən Qarabağ Ermənistanın olsun, o, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır".
Mixail Qorbaçovun əlaltısının həmin çıxışı "Humanite" qəzetində dərc ediləndən dərhal sonra erməni separatizminə yaşıl işıq yandırıldı. Təəssüf ki, həmin planı ermənilər özlərinin yüksək ranqlı havadarlarının köməyi ilə qismən də olsa, həyata keçirə bildilər.
Məlum olduğu kimi, Sumqayıt hadisələrində 32 nəfər qətlə yetirilib. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı idi. "Nalyotçik” ekstremist qrupu Sumqayıtda öz "vəzifə”sini yerinə yetirdikdən sonra Moskvadan gələn SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları təcili olaraq şəhəri tərk ediblər. Onların rütbələri artırılıb, hər biri vəzifə pillələri ilə sürətlə yüksəlib. Ermənilərsə dərhal dünya ictimaiyyətinin nəzərində “vəhşi azərbaycanlı” obrazı yaradaraq iki millətin nümayəndələrinin Qarabağda birlikdə yaşamasının qeyri-mümkünlüyünü aləmə car çəkiblər. Təxribatın planlı şəkildə düşünülüb həyata keçirilməsini sübut edən faktlardan biri budur ki, hadisələrdən ikicə gün sonra Xankəndidə "Sumqayıt genosidi" qurbanlarına abidə ucaldılmışdır.
Hadisələri öz gözləri ilə görmüş bir sumqayıtlı kimi şahidəm ki, fevralın 28–29-da təhrikçilər şəhərin emosiyalara uymuş gənclərinin kortəbii axını ilə faciəli hadisələrə yol açaraq necə aradan çıxdılar. İki gündə 50-dən artıq mədəni-məişət obyekti dağıdıldı, 40-dan çox avtomaşın sıradan çıxarıldı, 200-dən artıq mənzil talan edildi, 400-dən çox adam bədən xəsarəti aldı. Qanlı aksiyalarda 32 nəfər sakin qətlə yetirildi. Hakimiyyət dairələri iğtişaşların davam etdiyi üç gün ərzində şəhərdə sabitliyi bərpa etməkdən ötrü bilərəkdən heç bir tədbir görmədilər. Yalnız dalğa yatandan sonra, martın 1-də Sumqayıtda fövqəladə vəziyyət elan edildi. Bundan sonra komendant saatı və pasport rejimi tətbiqinin heç bir mənası yox idi. Amma, görünür, bu, Moskvadan göndərilmiş istintaq qrupunun rahat işləməsi üçün lazım imiş. İğtişaşlara görə minə yaxın azərbaycanlı şübhəli şəxs qismində saxlanıldı, 500 nəfər həbs olundu, 94 nəfər mühakimə edildi. Zərərçəkmiş erməni sakinlərin ifadə verərək məhz dəstə başçısı Eduard Qriqoryanın üzünə durduqlarına görə o, istintaqdan yayındırıla bilmədi və 12 il həbs cəzası aldı (bu terrorçu-quldur sonradan azadlığa buraxıldı). Qriqoryanın fitvasına uyaraq talanlarda iştirak etmiş dəstə üzvü Taleh İsmayılova 15 il cəza verildi (!?). Əhməd Əhmədov erməni lobbisinin hay-küyü nəticəsində güllələndi. İkinci qrup əlil olan Elçin Gəncəliyev istintaq dövründə verilən işgəncələrə dözməyərək təcridxana kamerasında özünü asdı…
Sumqayıtı erməni qətllərinin törədildiyi məkan kimi təqdim etmək cəhdi, əslində, yalanla yoğrulmuş siyasi “tozanaq” idi. Daşnaklar qəsdən antierməni iğtişaşları törətdikdən sonra “Sumqayıtda erməni genosidi!” deyə bağıraraq, ardınca məsələ qaldırmışlar ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması təhlükəlidir, onu Ermənistana birləşdirmək lazımdır. Elə bu həyasız hay-küyün davamı olaraq, çox keçmədən Ermənistandan azərbaycanlıların mütəşəkkil surətdə, zorla, silah gücünə qovulmasına start verildi. 1988-ci il noyabr ayının 28-dən dekabrın 7-dək erməni separatçıları və millətçiləri basqın edib azərbaycanlılar yaşayan 22 rayonun 185 yaşayış məntəqəsinin sakinlərini kütləvi şəkildə ata-baba yurdlarından çıxartdılar. Həmin günlərdə 217 nəfər azərbaycanlı öldürülmüşdür ki, onlardan 57-si qadın, 5-i körpə uşaq, 18-i isə yeniyetmə olmuşdur. Qırğın Ermənistanın 19 rayonunda və 11 şəhərində törədilmişdir. Kənd rayonları arasında Quqark və Vardenis (Basarkeçər), şəhərlər arasında isə Masis (Zəngibasar) bölgəsində daha çox azərbaycanlı qətlə yetirilmişdir. Sonrakı mərhələdə isə Dağlıq Qarabağ münaqişəsi alovlandırılmış, muxtar vilayətə daxil olan 5 və onun ətrafında yerləşən 7 rayon Ermənistan tərəfindən işğala məruz qalmış, 1 milyon soydaşımız dogma yurd-yuvasından qaçqın düşmüşdür.
Bu gün artıq Sumqayıt hadisələrindən 33 il ötür. Ötən payız 44 günlük zəfər yürüşü nəticəsində əzəli Qarabağ torpaqlarımız işğaldan azad edilib. Amma mənfur niyyətli dünya erməniliyi yenə də riyakarlıq edir, qalib Azərbaycana qarşı nifrət püskürür, xislətlərinə uyğun nankorluq edir, hətta revanşist ideyaları ilə meydan sulayırlar. Biri elə Qarabağ canisi, Xocalı qətliamının təşkilatçısı, 2008–2018-ci illərdə Ermənistanın prezidenti olmuş və hazırda yenidən hakimiyyətə gəlmək üçün dəridən-qabıqdan çıxan Serj Sarkisyandır. Sumqayıt hadisələrinin araşdırılması zamanı məlum olub ki, dəstə başçısı Eduard Qriqoryan 1988-ci ilin əvvəllərində Stepanakertdə Serj Sarkisyanla, "Krunk” cəmiyyətinin fəalları ilə görüşmüşdü. Görəsən, qatı millətçi Serj Sarkisyanın tüfeyli həyat sürən Eduard Qriqoryanla Stepanakertdə nə işi ola bilərdi? Cavab aydındır: Serjik Dağlıq Qarabağı Azərbaycandan almaq naminə Sumqayıt kartını işə salmaq üçün Ediki təlimatlandırırmış.
Əslən bakılı olan, şahmat üzrə 13-cü dünya çempionu, vaxtilə Sumqayıtın “fəxri vətəndaşı” adına layiq görülmüş Harri Kasparovun isə DQ münaqişəsində Sumqayıtı suçlaması onun necə riyakar olduğunu göstərir. Özünün “Sport24.ru” saytının 12 oktyabr 2020-ci il tarixli paylaşımında bu nankor erməni bildirib ki, tarixi qurdalamaq lazım deyil (?!) Tam aydındır ki, bu faciənin başlanğıc nöqtəsi Sumqayıt qırğınıdır. “Mənə ermənilərin Raisa Qorbaçovanı lobbiləşdirdiklərindən, Aqanbekyanın Mixail Qorbaçova nəsə söyləməsindən danışmayın. Prinsipial fakt bu ki, digər tərəfin haqlı, ya da haqsız tələbinə ilk olaraq kim qan tökməklə cavab verib”. – Bunu Rusiyada İnsan Haqlarını Müdafiə Fondu Şurasının sədri deyir. Bəs, məkrli Harri nəyə görə Sumqayıtdan öncə Ermənistanda yanan ilk qığılcımları – Qukark hadisələrini, azərbaycanlıların tarixi yurdlarından kütləvi şəkildə qovulmalarını, həmçinin Sumqayıt hadisələrinin E.Qriqoryanların əli ilə DTK tərəfindən məhz sonrakı ilhaq üçün zəmin yaratmaqdan ötrü təşkil edildiyini söyləmir? Çünki sərf eləmir.
Sumqayıt sakinlərinin, habelə hadisələrin bilavasitə şahidlərinin çoxsaylı ifadələrindən görünür ki, iğtişaşları təşkil edən meşin gödəkçəli şəxslər sumqayıtlı olmayıblar. Onlar öz aralarında bir çox hallarda erməni dilində danışıblar, Azərbaycan dilini təmiz biliblər və hadisələr zamanı adamlar arasında ermənilərin əleyhinə güclü təbliğat aparıblar, cavanlara spirtli içkilər, güclü təsiredici həblər, pul, dəmir parçaları və s. paylayıblar və talançıları əvvəlcədən onlara məlum olan erməni ünvanlarına aparıblar.
Respublikanın Əməkdar jurnalisti, hadisələr barədə bir neçə kitabın müəllifi olan həmkarımız Eyruz Məmmədov yazır: “Sumqayıtda Z.Ağababyan, E.Misesov, N.Qriqoryan, K.Tamrazyan, D.Ağadjanyan, D.Ambartsumyan həbs edilmişlər. Bu haqda SSRİ Daxili İşlər naziri Vlasova teleqram vurulmuşdu. Nazir Rusiyanın ayrı-ayrı bölgələrindən erməni millətindən olan bir neçə nəfəri təcili olaraq Sumqayıta ezam etmişdir. İstintaq materialları azərbaycanlı müstəntiqlərin əlindən alınıb erməni müstəntiqlərinə verilmişdir. Bir neçə gündən sonra isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının tələbi və göstərişi ilə istintaq işinə xitam verilmişdir. Cinayətkarlar azad olunmuş və Sumqayıtı tərk etmişlər”.
Hadisələr zamanı bu şəhərin partiya komitəsində çalışmış, hazırda təqaüddə olan Tahir Babayevin bizə təqim etdiyi “acı xatirələri” də bəzi məqamları ilə maraq doğurur. Həmyerlimizin qeydlərindən: “Hadisələr ərəfəsində Daxili Qoşunların böyük bir kontingenti Azərbaycana yeridilmiş, fevralın 26-da Sumqayıtın 10 kilometrliyində dayanmışdı. Biz şəhərdə situasiyanın dövlət orqanlarının nəzarətindən çıxdığını başa düşürdük. Ovaxtkı şəhər komitəsinin katibi, milliyyətcə belorus Anatoli Samolazov, mən və şəhər mülki müdafiə qərargahının rəisi olan podpolkovnik hərbçilərin yanına getdik. Orada general Krayev (komendant) və general Dubinyakla (qərargah rəisi) görüşdük. Vəziyyəti tam açıqlığı ilə izah etdik. İğtişaşlar törətməyə cəhd edənlərin arasında şəhər əhalisi nümayəndələrinin, demək olar ki, olmadığını və buna görə də bizim vəziyyəti əldə saxlamaqda imkansız olduğumuzu nəzərə çatdırdıq. Hərbçilər bizi soyuq qarşıladılar və azərbaycanlı olduğum üçün mənə qarşı çox aqressiv davrandılar. Onlar sübut etməyə çalışırdılar ki, şəhər əhalisindən ibarət iğtişaşçılar millətçilər tərəfindən, vəzifəlilərin xeyir-duası ilə silahlanmışlar və hərbçilər şəhərə girsələr, böyük itkilər verərlər. Hərbçilərin qarşısında bizim anlaya bilmədiyimiz, tamamilə başqa vəzifə qoyulduğunu başa düşərək Sumqayıta qayıtdıq.
Sonrakı günlərdə şəhər ərazisində erməni evlərinin talana məruz qaldığı barəsində məlumatlar aldıq. Beləliklə, hərbçilərin əlinə bəhanə verildi. Növbəti gün qoşun şəhərə daxil oldu və onların qərargahı şəhər partiya komitəsinin binasında yerləşdirildi. Bir neçə gün sonra general Krayev məni dəvət edərək erməni millətindən olan və Sumqayıtı tərk etmək istəyənləri respublikanın sərhədinə qədər getmək üçün nəqliyyat vasitəsi ilə təmin etməyi əmr etdi və bildirdi ki, onların birinci qrupu binanın birinci mərtəbəsindəki zalda toplaşaraq, avtobusun gəlişini gözləyir. Zala düşəndə gördüm ki, oradakıların çoxu elə iğtişaşların əsas təşkilatçıları, erməni evlərini talayan, onların qadın və qızlarına təcavüz edən, Azərbaycan dilində təmiz danışan ermənilərdir. Cəld yuxarı qayıdaraq, Krayevə bildirdim ki, bunlar iğtişaşları törədənlərdir və adiyyatı üzrə hüquq-mühafizə orqanlarına təhvil verilməlidirlər. Gözlədiyimin əksinə olaraq, Krayev bunu çox əsəbiliklə qarşıladı və mənim zirzəmiyə atılmağım barədə əmr verdi. Dadıma şəhərin 1-ci katibi yetdi və qolumdan tutaraq məni otaqdan çıxardı. Sonra öyrəndim ki, respublika Nəqliyyat Nazirinin müavini çağrılıb və ermənilərin avtobuslarla təchizatı ona tapşırılıb. Beləcə, cinayət törətmiş erməniləri və hərbçiləri məsuliyyətdən yayındıraraq aradan çıxardılar. Günahsız, iğtişaş barəsində elementar təsəvvürü belə olmayan azərbaycanlı gənclərdən bir qrupu saxlanıldı və onlar barəsində həbs qətimkan tədbiri seçilərək Moskavaya “etap” edildilər...”
Artıq erməni separatizmi özünün layiqli cavabını alıb. Onlar birdəfəlik əllərindən çıxmış Dağlıq Qarabağdan, Laçından, Kəlbəcərdən, Fizulidən, Cəbrayıldan, Qubadlıdan, Zəngilandan öz oğullarının meyitlərini “hədiyyə” alırlar. İşğalçının, qonşusuna xəyanət
edən və onun torpağında gözü olanların bundan başqa aqibəti
ola bilməz.
Həmin dövrdə Dövlət Təhlükəsizliyi Komitəsi Sumqayıt şəhər şöbəsində çalışmış başqa bir həmyerlimiz də bu barədə təxminən eyni fikirlər söyləyib: “Sumqayıt hadisələrinin ssenarisi əvvəlcədən tutulmuşdu. SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən polkovnik Paponinin rəhbərliyi altında 30 nəfərdən ibarət bir heyət Sumqayıta gəldi. Onların Azərbaycan xalqının xeyrinə heç bir tədbir görmədiklərinin şahidi olduq. Əksinə, ermənilərlə söhbətlərində onları azərbaycanlılara qarşı qızışdırırdılar. Qoşunların gözləmə mövqeyi də hamının təəccübünə səbəb olmuşdu. Məsələ isə aydın idi. Sumqayıtda təxribat törədilməli idi və törədildi”.
Keçmiş DT-nın arxivlərində "Nalyotçik" adı altında saxlanılan məxfi işdən müəyyən edilib ki, Sumqayıt hadisələri ərəfəsində yerli Dövlət Təhlükəsizlik Komitəsi (DTK) şöbəsinin nəzarətində 47 nəfər ekstremist-millətçi erməni əsilli şəxs olub və onlardan heç biri hadisələr zamanı zərərçəkən siyahısında olmayıb. Bu faktlar bir daha təsdiq edir ki, "Krunk" cəmiyyəti ilə əlaqə saxlayan erməni millətçiləri sağ-salamat qalıblar.
1991-ci ilin yanvar ayında SSRİ DTK-nın sabiq əməkdaşı A.Kiçixin Moskvada nəşr olunan “Столица” jurnalında yazırdı: “Biz Sumqayıt, Uzen və Oşda qanlı hadisələrin baş verəcəyi haqqında məlumatlı idik. Bu haqda DTK-ya məlumat verdik. Onlar da Mərkəzi Komitəni xəbərdar etdilər. Bizim bütün yazılı və şifahi məlumatlarımız MK-nın divarları arasında sükutla qarşılandı. Partiya rəhbərliyi separatçıların və cinayət dəstələrinin qarşısını almaq üçün heç nə etmədi”.
Moskvada çıxan “İzvestiya” və “Trud” qəzetlərinin keçmiş xüsusi müxbiri Lev Əsgərov isə ötən il “Nezavisimaya qazeta”da Sumqayıt hadisələrini təhlil etdiyi yazısında göstərir ki, o zaman şəhərdə yaşanmış talanlar hələ də unudulmayıb. “Sumqayıtda təhqiqatlar, həbslər aparılıb, məhkəmələr, məhkumlar olub, amma Sumqayıtdan əvvəl və sonra Ermənistanın azərbaycanlılar yaşayan rayonlarında törədilən vəhşiliklərin heç biri araşdırılmayıb, hüquqi qiymətini almayıb. Yəni, 1988-ci ildə Stepanakertdə, Yerevanda və Sumqayıtda başlanan hadisələrə vurulan düyün hələ də açılmayıb. O zaman SSRİ DTK-sının arxivində nəzərdən keçirdiyim qovluqların bəzilərinin üstündə kalliqrafik xətlə belə yazılmışdı: “Azərbaycan. Çatdırılmalar. Tövsiyələr. Təkliflər (1950–1970). Sən demə, olayların kökü daha dərində imiş. Sirr deyil ki, Sumqayıtda erməniləri öldürməyə talançıları məhz təxribatçı-ermənilər yönəldiblər. Düşmənçilik toxumu səpmək planını isə onilliklər boyunca erməni ruhaniliyinin nümayəndələri yetişdiriblər. Ermənistanın Eduard Qriqoryanı cəzadan qurtarmasının özü suallar doğurmaya bilməz”.
Müəllif daha sonra özünün sosial şəbəkə səhifəsində yazır: “Həmin yazım dərc edildikdən sonra Ermənistanın Rusiyadakı səfiri Toranyan tələblə Baş Prokurorluğa müraciət edib ki, guya məqalədə olan millətlərarası münaqişəni qızışdırmaq cəhdləri yoxlanılsın. Qəzet buna heç bir cavab verməsə də, saytdan məqaləni götürmüşdür. Doğrudur, 1988-ci ildə məhkəmələr olub, amma son nöqtə hələ də qoyulmayıb. “Nə üçün?” və “Necə?” suallarının cavabı ətraflı verilməyib. Versiya var ki, kommunist rejimi özünün son nəfəsində iki xalqı qarşı-qarşıya qoyub ki, digər respublikaların elitaları millətlərarası münaqişələr uçurumundan dəhşətə gəlsinlər və SSRİ rəhbərliyinin ətrafında sıx birləşsinlər. Başqa bir versiya ondan ibarətdir ki, Sumqayıt olaylarının arxasında “Vaşinqton agentləri” dayanırdılar, çünki SSRİ-nin öz-özünə çökməsini gözləməyə səbrləri çatmayıb və prosesi beləcə sürətləndirməyi qərara alıblar”...
Sumqayıt hadisələrindən 33 il keçir. Amma ermənilər hələ də özlərinin törətdikləri həmin təxribatdan bəhrələnmək istəyirlər. Bu isə o anlama gəlir ki, biz də susmamalı, aşkar olunan ifşaedici faktları davamlı olaraq dünya ictimaiyyətinə çatdırmalıyıq.


Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

27 Fevral 2021 09:46 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə