Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamağa hazır olduğunu göstərir

Biz yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə, regionda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlamışıq. Ona görə də düşünürəm ki, hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var.


İlham ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Dünya ədəbiyyatının və Şərq mədəniyyətinin görkəmli simalarından olan Nizami Gəncəvi bütün yaradıcılığı boyu Xeyirin Şərə qarşı mübarizəsini, ədalətli cəmiyyət görmək istəyini təbliğ etmiş, insanların başqasının malına, mülkünə, torpağına göz dikməsini lənətləyərək, bu eybəcərliklərin yox olmasına çalışmışdır.
Təqdirəlayiq haldır ki, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət göstərən, beynəlxalq, qeyri-kommersiya və qeyri-siyasi beynəlxalq təşkilat olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi də bu gün məhz ulu şairin həmin məqsədlərinin reallaşdırılmasını təmin edir. Əsas məqsəd müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın bilavasitə Nizami Gəncəvinin əsərlərində təqdim edildiyi kimi, daha geniş miqyasda dünyaya təbliğ olunmasıdır.

Azərbaycan dövləti və xalqı 30 il davam edən işğala son qoymaq üçün apardığı 44 günlük müharibə dövründə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daim bizim yanımızda olmuşdur. Hamının yadındadır, ötən il oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 1999–2007-ci illərdə Latviyanın Prezidenti olmuş, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa və 1992–2000-ci illərdə Dünya Bankının vitse-prezidenti olmuş, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin adından gələn məktubun qayəsi belə idi ki, biz daim Azərbaycanın yanındayıq: “Dağlıq Qarabağda davam edən hərbi əməliyyatlarla yanaşı, tarixi Gəncə şəhərinin dəhşətli hücumlara məruz qalmasından böyük kədər hissi keçiririk. Bu dəhşətli zorakılığın qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk… Amma inanırıq ki, müdrikliyiniz və qətiyyətiniz sayəsində düşmənlərinizə və maneələrə baxmayaraq, ölkənizi bu ağır sınaqdan uğurla çıxararaq ədalətə və beynəlxalq hüquqa hörmətə əsaslanan sülhə doğru aparacaqsınız”.
Bəli, onlar haqlı idilər. Prezident İlham Əliyev, sözün həqiqi mənasında, düşmənlərimizin məkrli planlarına və beynəlxalq aləmdəki bəzi maneələrə baxmayaraq, Azərbaycanı ədalətli sülhə doğru aparmağı bacardı və xalqımıza son iki əsrdə ən möhtəşəm qələbə sevincini yaşatdı.
Yeri gəlmişkən, dövlət başçımız fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən də yuxarıda qeyd etdiyimiz məqamları qədirşünaslıqla yada saldı: “Mən bilirəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, sözsüz, bütün məhdudiyyətlər nəzərə alınaraq, öz fəaliyyətini davam etdirib. Sizə, xanım həmsədr Vayra Vike-Freyberqaya və Mərkəzin İdarə Heyətinin digər üzvlərinə Azərbaycanın uğurla həyata keçirdiyi azadlıq müharibəsi ilə əlaqədar mənə ünvanlanmış səmimi məktublarınıza görə minnətdarlığımı ifadə etmək istərdim. Sizin müharibə vaxtı və müharibədən sonra dəstək məktublarınız, Azərbaycanın ərazi bütövlüyünə dəstəyiniz ölkəmizdə yüksək qiymətləndirilir. Mən torpaqlarımızın azad edilməsi işinə bu çox açıq, səmimi, ədalətli yanaşmaya görə olduqca minnətdaram”.
Bu məqamda bir faktı xüsusilə vurğulamaq zərurəti var. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Azərbaycanın haqq işini dəstəkləyən fəaliyyətini şərti olaraq üç mərhələyə bölmək olar. Birincisi, qurumun yarandığı gündən 2020-ci il sentyabrın 27-dək olan dövrdəki fəaliyyəti, ikincisi, 44 günlük müharibə dövründəki fəaliyyəti və üçüncüsü, Azərbaycanın şanlı qələbəsindən sonrakı əməli tədbirlər.
Dövlət başçımız xatırlatdı ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin daimi forumları zamanı mən auditoriyaya müraciət edərkən hər dəfə münaqişəyə diqqət çəkirdim, hər dəfə ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına diqqət çəkirdim. Amma indi vəziyyət dəyişib. Azərbaycan beynəlxalq hüququ bərpa edib, faktiki olaraq regionda və dünyada yeni reallıqlar yaradıb. Düşünürəm ki, bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqların region ölkələri, böyük dövlətlər tərəfindən düzgün qiymətləndirilməsindən asılı olacaq.
Azərbaycan Prezidenti əmin olduğunu söyləyir ki, hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var: “Azərbaycan öz öhdəliklərinə sadiqdir. Biz müharibə zamanı beynəlxalq norma və qaydalara əməl etməklə çox ləyaqətli, doğru şəkildə davrandıq. Zənnimcə, müharibədən sonra çox konstruktiv yanaşma nümayiş etdiririk. Düşünürəm ki, bu reallıqlar uzunmüddətli olacaq”.
Azərbaycanın mövqeyi ondan ibarətdir ki, indi beynəlxalq birliyin həqiqəti bilməsi daha vacibdir. İndi xarici diplomatlar, beynəlxalq medianın nümayəndələri işğaldan azad olunmuş əraziləri ziyarət edəndə, onlar işğal nəticəsində bizim tarixi abidələrimizin, mədəni abidələrimizin nə vəziyyətə salındığını həqiqətən görürlər.
Mərkəzin həmsədri İsmail Serageldin Azərbaycanın haqlı mövqeyini növbəti dəfə dəstəkləmək məqsədilə atılacaq addımlardan danışdı və dedi ki, mən idarə heyətindəki həmkarlarımla ziyarətetmə zərurəti olmadan Sizin dinindən asılı olmayaraq, bütün tarixi abidələrin tərəfinizdən qorunmasına dair möhtəşəm bəyanatınızla bağlı videoformatda xüsusi tədbirin keçirilməsi məsələsini müzakirə edirdim: “Hesab edirəm ki, bu, çox mühüm məsələdir və biz UNESCO, Dünya Abidələr Fondu kimi təşkilatları, mədəni irsin qorunmasına cəlb olunmuş təşkilatları dəvət etməklə, bu məsələni daha yaxşı qabarda bilərik və Sizin bəyanatınızla bağlı onları müzakirələrə cəlb edə bilərik. Çünki bu, insanların qalibin nəinki təkcə möhtəşəm olduğunu, eyni zamanda, Siz də dediyiniz kimi, regionda sülhü təşviq etmək məqsədilə yeni səhifə açmaq istədiyini söyləməsi üçün bir nümunə ola bilər”.
Beynəlxalq Mərkəzin həmsədri məmnunluqla qeyd etdi ki, Azərbaycan rəhbərliyi sülhü təşviq etmək barədə bəyanat verməklə, dünyaya yeni nümunə təqdim etdi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bununla bağlı tədbir keçirə bilər.
Xatırladaq ki, söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək planları və Bakı Qlobal Forumunun keçirilməsi haqqında fikir mübadiləsi də aparılmışdır.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

 

27 Fevral 2021 09:33 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə