Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənub bölgəsində Xocalı şəhidləri ehtiramla yad ediliblər

Lənkəran. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” Beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Lənkəranda Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiya zamanı Lənkəran ŞİH başçısı Taleh Qaraşovun, hüquq-mühafizə orqanları əməkdaşlarının, YAP Lənkəran Təşkilatının fəallarının, idarə və təşkilat kollektivlərinin, könüllülərin iştirakı ilə şəhərin Heydər Əliyev prospektində Xocalı şəhidlərinin sayı qədər – 613 ədəd sərv və küknar ağacları əkilib. Tədbir karantin qaydaları gözlənilməklə həyata keçirilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Masallı. Rayondakı Gənclər evində “Yaddaşlardan silinməyən faciə” mövzusunda onlayn tədbir, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yerli şöbəsinin təşkilatçılığı ilə videoformatda konfrans keçirilib. Bundan başqa, Tarix-diyarşünaslıq Muzeyi və rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Xocalı fəryadı” mövzusunda onlayn tarix dərsi keçirilib.
Astara. Ölkəmizin “cənub qapısı” sayılan bu rayonun ictimaiyyəti ağacəkmə kampaniyasında fəal iştirak edib. Ələt-Astara-İran İslam Respublikası avtomobil yolunun Astara şəhərinə aid hissəsində 113-ü sərv, 100-ü girdəyarpaq birgöz, 200-ü göyrüş, 200-ü dəmir ağacı olmaqla, ümumilikdə 613 ağac əkilib. Bu rəqəm Xocalıda erməni terroru nəticəsində soyqırıma məruz qalan şəhidlərin simvolizə edir. Astaralı aksiya iştirakçıları yeni tingləri sulayıb və onlara lazımi qulluq göstəriblər.
Yardımlı. Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Yardımlı rayonunda da Heydər Əliyev Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunub. Aksiya zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə rayonun müxtəlif küçə və prospektlərində 613 ədəd şam, göyrüş, sərv və akasiya ağacları əkilib.


Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

27 Fevral 2021 08:43 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə