Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AHİK-in Xocalı soyqırımı ilə bağlı bəyanatı

Azərbaycan Həmkarlar Konfederasiyası 29 il əvvəl Ermənistanın silahlı qüvvələrinin Xocalıda törətdiyi soyqırımının ildönümü ilə bağlı bəyanat yaymışdır. Bütün ölkələrin hökumətlərini və parlamentlərini vicdanlarının səsinə qulaq asmağa və XX əsrin ən qəddar soyqırımından biri olan Xocalı soyqırımını tanımağa çağıran bu sənəddə bildirilir:

– 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlandırılmış erməni separatçıları SSRİ Silahlı Qüvvələrinin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti ilə birlikdə Xocalı şəhərinin dinc əhalisinə qarşı hücuma keçərək soyqırım törətdilər. 7 min nəfər əhalisi olan şəhər yerlə-yeksan edildi. Şəhər əhalisi azərbaycanlı və türk olduqlarına görə, kütləvi surətdə qətlə yetirildi.
Qətliam zamanı beynəlxalq hüquq normaları kobud formada pozularaq girovlar əzizlərinin gözü qarşısında güllələnmiş, insanların başlarının dərisi soyulmuş, müxtəlif əzaları kəsilmiş, körpələrin və yaşlıların gözləri çıxarılmış, diri-diri torpağa basdırılmışdır. Əsir götürülmüş azərbaycanlı özünümüdafiə dəstəsinin döyüşçüləri erməni qəbirləri üzərində “qurban” kəsilmiş, alçaldılmış və təhqir edilmişlər. Girov götürülmüş əsirlərə qarşı da ən qəddar işgəncələr verilmişdir.
Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki bu cinayət bütün Azərbaycan xalqına qarşı soyqırımı aktıdır. Bütün dövrlər üçün bəşəriyyətin ən böyük faciələrindən biridir. XX əsrin ən dəhşətli cinayətləri – Xatın, Sonqmi, Lidiçe soyqırımları ilə eyni səviyyədə durur. Bu qətliamın səbəbkarları isə Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” qurmaq xülyasına düşənlərdir.
Bəyanatın davamında göstərilir ki, Azərbaycana qarşı həyata keçirilən bu siyasət sülh və insanlıq əleyhinə cinayət olmaqla beynəlxalq hümanitar hüquqa da ziddir:
Bu soyqırımının törədilməsi ilə, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldılan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, uşaq hüquqları haqqında Konvensiya və insan hüquqlarının və azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Hazırda Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər nəticəsində Xocalı soyqırımı haqqında dünya ictimaiyyəti məlumatlandırılır və müxtəlif dövlətlər tərəfindən faciəyə beynəlxalq hüquqi qiymət verilir. Keçən dövr ərzində 17 dövlətin qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı qətnamə və digər sənədlər qəbul ediblər. Bütün bunlara baxmayaraq, bu günədək Ermənistan silahlı qüvvələrinin Xocalıda insanlıq əleyhinə törətdikləri cinayət əməllərində bilavasitə iştirak etmiş şəxlərdən heç biri cinayət məsuliyyətinə cəlb edilməmişdir.
Sıralarında yüz minlərlə üzvü birləşdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 1992-ci ilin fevralın 26-da erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı aşağıdakıları bəyan etmişdir:
– Xocalı şəhərində yüzlərlə dinc sakinin amansızlıqla qətlinin təşkilatçıları və icraçıları olan, bunu açıq şəkildə etiraf edən Ermənistanın keçmiş hərbi və siyasi rəhbərləri və onlarla əlbir olanlar törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmalıdırlar.
– Bütün ölkələrin höku-mətlərini və parlamentlərini vicdanlarının səsinə qulaq asmağa və XX əsrin ən qəddar soyqırımından biri olan Xocalı soyqırımını tanımağa səsləyirik.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hesab edir ki, mövcud beynəlxalq hüquq çərçivəsində dövlətimiz tərəfindən görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcək.

R.TAHİR,

“Xalq qəzeti”

27 Fevral 2021 08:00 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə