Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

PrezidentiPrezident İlham Əliyev: Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq

Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı.


İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına Prezident İlham Əliyevin tapşırığına əsasən aidiyyəti qurumlar tərəfindən qayğı və diqqət nəinki dövlət qurumlarının, həm də cəmiyyətin böyük bir hissəsinin diqqət və qayğısını çəkən təxirəsalınmaz mühüm bir vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır, onların dövlətimizə və qalib Prezidentimizə inam hisslərini, məhəbbətini gündən-günə artırır.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxış edərək, bu barədə ətraflı danışıb. Dövlətimizin başçısı daha sonra Vətən müharibəsindən cəmi üç ay yarım keçməsinə baxmayaraq, şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksinin, şəhərciyin inşa edilməsinin, həmçinin Şağan qəsəbəsində reabilitasiya mərkəzinin əsaslı təmirdən sonra istifadəyə verilməsinin təsadüfi xarakter daşımadığını, bunun ölkəmizdə şəhid ailələri və müharibə əlillərinə dövlət siyasətində prioritet istiqamət kimi yanaşılmasının məntiqi nəticəsi olduğunu xatırladıb.
Ümumiyyətlə, ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə yenidən ölkə rəhbərliyinə gəlməsi ilə mühüm önəm verilən bu xətt möhtərəm dövlət başçımızın prezidentlik fəaliyyətinin ötən dövründə daim diqqət mərkəzində saxlanılıb. Belə ki, son 17 il ərzində 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il bu məqsədlə 1572 mənzil ayrılıb. Bu il isə 3 minə yaxın mənzil veriləcəyi nəzərdə tutulub.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin bu il yanvarın 25-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamı da həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür.
Xatırladaq ki, adıçəkilən sənəd 2020-ci ildə ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əliliyi müəyyənləşdirilən şəxslərin də yaxın dövrdə mənzil və ya fərdi evlə təminatını nəzərdə tutur.
Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması, fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirləri nəzərəçarpacaq dərəcədə gücləndirilib, o cümlədən onlara yönələn sosial ödənişlər dəfələrlə artırılıb. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri yüksək səviyyədə davam etdirilir.
Bütün bunlar Azərbaycan dövlətinin bu kateqoriyadan olan insanlara qayğısının parlaq ifadəsidir. Dövlətimizin başçısı bununla bağlı yuxarıda adı çəkilən görüşdəki çıxışında deyib: “Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib. Onu da bildirməliyəm ki, Ermənistan ordusunda da itkilər olub və İkinci Qarabağ müharibəsində müxtəlif rəqəmlər səslənir. Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir. Onların birinin də ailəsinə Ermənistan dövləti heç bir yardım etməyib. Ümumiyyətlə, Ermənistanda bizdə olan proqram mövcud deyil. Müharibədə həlak olmuş insanların yaxınlarına nəinki ev, bir daxma da verilmir. Hər şey müqayisədə ölçülür. Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması göz qabağındadır. Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək”.
Prezident İlham Əliyev çıxışında Vətən müharibəsi, eləcə də İkinci Qarabağ müharibəsi şəhidlərinin qanının yerdə qalmadığını, düşməndən intiqam alındığını, ərazi bütövlüyümüzün bərpa olunduğunu vurğulayaraq, şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağımızı diqqətə çatdırıb.
Dövlətimizin başçısı nitqində bildirib ki, ermənilərin otuz il ərzində qurduqları 5–6 xətt müdafiə istehkamlarını və o bölgənin relyefini nəzərə alsaq, tam qətiyyətlə demək olar ki, biz istədiyimizə az itkilərlə nail olduq. Hətta dünyanın aparıcı ölkələrinin hərbi ekspertləri təəccüb edirlər ki, biz torpaqlarımızı işğalçılardan belə az itkilərlə azad etdik: “Nəyə görə? Çünki bütün əməliyyatlar planlaşdırılanda ən vacib amillərdən biri itkilərin az olması idi. Hər gün əməliyyat planını təsdiq edərkən o amil ön planda idi”.
Prezident İlham Əliyevin vurğuladığı kimi, müharibə itkisiz, necə deyərlər, qan-qadasız olmur. Azərbaycanın haqq mübarizəsi azadlıq, ədalət savaşı idi. Ermənistan isə işğalçılıq siyasətinə əsaslanıb döyüşürdü. Bax, elə buna görə də haqq-ədalət Azərbaycanın tərəfində idi. Ona görə hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetiriblər. Minlərlə əsgər və zabitimiz yüksək dövlət orden və medalları ilə təltif edilib. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı, hər bir gənc nəsil üçün örnək olmalıdır və olacaq.
Dövlətimizin başçısı çıxışında Vətən müharibəsində Azərbaycan tərəfindən ədalətin bərpa edildiyini, otuz il ərzində işğal altında olan torpaqlarımızın qaytarıldığını və bunun dövlətimizin, xalqımızın gücü hesabına reallaşdığını vurğulayıb: “Müharibənin ilk günündən üstünlük bizim tərəfimizdə idi. Düşmən demək olar ki, panikaya, isterikaya qapılmışdı. Ermənistan ordusunda onların özlərinin etirafına görə, 10 mindən çox fərari olmuşdur. İndi Ermənistan dövləti bilmir ki, bu fərariləri necə mühakimə etsin. Çünki bu da böyük problemlərə gətirib çıxara bilər. Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır. Halbuki Birinci Qarabağ müharibəsində fərarilər olub”.
Prezident İlham Əliyev daha sonra Birinci Qarabağ müharibəsində Azərbaycanın qəhrəman övladlarının şücaət göstərdiklərini, amma o zaman ölkə rəhbərliyinin lazımi tədbirlər görə bilməməsini, xüsusilə, AXC–Müsavat cütlüyü dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsinin böyük xəyanət olduğunu, bunun isə müharibənin sonrakı gedişatını şərtləndirdiyini xatırladıb: “Çünki Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılmışdır və ondan sonra digər torpaqların işğalı üçün ermənilərin çox böyük üstünlüyü yaranmışdır”.
Ölkə rəhbəri uzun illər ərzində Vətən müharibəsinə ciddi şəkildə hazırlaşmağımızın təsadüfi olmadığını da vurğulayıb. Bildirib ki, buna səbəb torpaqlarımızın işğal altında olması və məsələnin sülh yolu ilə həllinin mümkünsüzlüyü idi. Çünki artıq son illər ərzində bu, açıq-aşkar görünürdü. Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları da bunu deməyə əsas verirdi. Hətta bu münaqişənin həlli ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksək vəzifəli rəsmi nümayəndələri də münaqişənin hərbi həlli olmadığını daim təkrarlayırdılar. Bir sözlə, 30 il ərzində bu cür nə hərb, nə sülh vəziyyəti kimisə qane edirdi: “Kimisə qane edirdi ki, Azərbaycan xalqı 30 il ərzində belə vəziyyətdə yaşasın. Kimisə qane edirdi ki, bizim torpaqlarımız işğal altındadır və sanki Azərbaycana bu, müəyyən təzyiq mexanizmi kimi qəbul edilirdi. Bizi inandırmağa çalışırdılar ki, indi reallıq yaranıb, 30 il ərzində bu reallıq mövcuddur və Azərbaycan bu reallıqla barışmalıdır. Mən isə deyirdim ki, heç vaxt biz bu vəziyyətlə barışmayacağıq. Mən deyirdim, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın və imkan vermədik. Bütün gücümüzü səfərbər etdik, bir çox illər ərzində ardıcıl siyasət apardıq, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər gördük. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Bax, bu nəsil torpaqlarımızı azad etdi...”.
Görüşdə bu gün Ermənistanda yaşanan xaos və özbaşınalığa da toxunulub. Bildirilib ki, hazırda işğalçı ölkədə siyasi, sosial-iqtisadi böhran hökm sürür, toqquşmalar, həbslər baş verir, demokratik əsaslar demək olar ki, tamamilə pozulmuş vəziyyətdədir. Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmamışdır. İndiki rəhbərlik, həmçinin 20 il işğalçı respublikaya başçılıq edən Köçəryan–Sarkisyan xuntası tərəfindən ölkə bu cür acınacaqlı duruma gətirilib çıxarılmışdır.
Azərbaycan Prezidenti çıxışında Ermənistan rəhbərliyinə mühüm bir mesaj da verib: “Bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər...”.
Dövlətimizin başçısı bütün bu işlərə ciddi nəzarət edildiyini, ordumuzun bundan sonra da gücləndiriləcəyini, bu məqsədlə ən müasir silahlar alındığını, onların ölkəmizə gətiriləcəyini xatırladıb.


Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

27 Fevral 2021 09:19 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə