Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan haqq səsini bir daha dünyanın diqqətinə çatdırdı

Dünən böyük qürur və hədsiz məmnuniyyət hissi ilə Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransını izlədim. Dövlətimizin başçısının müxbirlərin ən müxtəlif səpkili suallarını yüksək diplomatik tərzdə cavablandırması, Azərbaycanın 44 günlük zəfər yürüşünün tarixi, hərbi-siyasi və bəşəri aspektlərini ətraflı şərh etməsi, 29-cu ildönümü qeyd olunan Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda tam hüquqi qiymət verilməməsi, Qafqaz adlı gülüstanın alaq otu olan erməni terrorizminin qarşısının alınması üçün birgə mübarizə tədbirlərinin zəruriliyi barədə fikirlərini bildirməsi ilə bir daha Azərbaycanın haqq işini dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

“Dağlıq Qarabağ münaqişəsi artıq sona çatıb. Bizim qənaətimizə görə, bu, belədir. Azərbaycan bu münaqişənin bir tərəfi idi və biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan bunu həll edib. 30 il davam edən danışıqlar heç bir nəticə verməyib. Minsk qrupunun fəaliyyəti olsa da, sıfıra bərabər olub. Son 2 il ərzində faktiki olaraq Minsk qrupunun həmsədrləri heç özləri də bilmirdilər nə işlə məşğul olsunlar. Çünki Ermənistan baş nazirinin yersiz və təhlükəli bəyanatları onların fəaliyyətlərini də iflic və mənasız edib”, – Azərbaycan Prezidentinin qətiyyətlə ifadə etdiyi bu fikirlər dönə-dönə olduğu kimi, yenə də artıq keçmişdə qalmış münaqişə haqqında əsl həqiqətlərə obyektiv işıq salınması baxımından əhəmiyyətlidir.
Dövlətimizin başçısı öz cavablarında nə müharibə dövründə, nə də indi Ermənistanın baş naziri ilə birbaşa təmasının olmadığını bildirdi və onun kapitulyasiya aktını hansısa qaranlıq bir otaqda imzaladığını söylədi. Eyni zamanda, son günlər Yerevanda baş verən hadisələr, kütləvi etirazlar, hakimyyət uğrunda mübarizə barədə danışmaq istəmədiyini bildirən cənab İlham Əliyev yalnız onu vurğuladı ki, orada vəziyyət son dərəcə kritik həddə çatmışdır. Əgər ermənilər faşist xislətlərindən əl çəksələr, demokratik dəyərlərə önəm versələr və revanşizm əhval-ruhuyyəsindən qurtularaq dinc yanaşı yaşama və quruculuq işlərinə başlasalar, ölkələrini bürüyən xaosdan xilas ola bilərlər. Prinsipcə, Ermənistanda baş verənləri tragikomediya səhnəsi kimi xarakterizə edən Azərbaycan Prezidenti orada yeganə çıxış yolunun əsassız və yersiz iddialardan əl çəkmək, Azərbaycanın ərazi bütövlüyünü tanımaq və sivil dünya proseslərinə inteqrasiyaya cəhd etmək olduğunu əsaslandırdı.
Prezident İlham Əliyevin yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında işğaldan azad edilmiş rayonlarda aparılan bərpa və quruculuq işlərindən də ətraflı danışdı və o torpaqların əzəli sahiblərinin dədə-baba yurdlarına mümkün qədər tez qayıtmaq arzusunda olduqlarını da jurnalistlərin nəzərinə çatdırdı və dedi ki, biz orada onlar üçün ən ideal həyat şəraiti yaradacağıq.
Dövlətimizin başçısının mətbuat konfransı bir daha bugünümüzlə bağlı xətircəmlik, sabahımızla bağlı inam hisslərimizi qat-qat artırdı. Dünya isə bir daha gördü ki, biz bütün davranışlarımızda ən yüksək insani ideallara sadiqik, haqq yolundayıq və heç nə bizi bu yoldan döndərə bilməz.


Namis ŞİRMƏMMƏDOV,
Sumqayıt Dövlət Dram Teatrının rejissoru, Əməkdar artist

27 Fevral 2021 09:12 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə