Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Riçard Lapaitis: Xocalı soyqırımı mənim həyat yolumu dəyişdi, hərbi jurnalist oldum - EKSKLÜZİV

Mən onu dərin maraq, heyrət və dəhşət hissi ilə dinləyirdim. Yox, mən dinləmirdim, bir film izləyirdim sanki… Bir-birini əvəz edən məkanlar, ürəkdağlayan kadrlar, dəhşətli epizodlar…  Bəzən də kiçik zaman kəsiyində mərhəmət  dolu böyük bir ürəyin döyüntüsünü, təmiz vicdanın səsini,  sükutun fəryadını duyurdum.  Filmin qəhrəmanı  Vilnüsdan Bakıya səyahət edən, 23 yaşlı litvalı gənc  Riçard Lapaitisdir.

--  1992-ci ilin fevral ayında mən Azərbaycana hansısa KİV orqanı tərəfindən göndərilməmişdim, çünki o vaxt mən  jurnalist deyildim. O zamanlar Vilnüsdə və Bakıda qanlı yanvar hadisələri baş vermişdi. Dağlıq Qarabağ hadisəsi post-sovet məkanında ilk münaqişə ocağı idi. Ona qədər biz Sovet İttifaqında müharibənin nə olduğunu bilmirdik. 20 Yanvar hadisələri zamanı Azərbaycan informasiya blokadasında idi. 250-yə yaxın kütləvi informasiya vasitəsi erməni yalanlarına xidmət edirdi. 1992-ci il fevralın sonunda Azərbaycana səfərimlə bağlı tərəddüd edirdim. Qorxurdum bir az. Çünki mən də Pribaltika mətbuatında oxuduğum informasiyaların təsiri altında idim. Düşünürdüm ki, ermənilər təzavüzə uğrayıb, Pribaltika mediasında özlərini “təcavüz qurbanları” kimi təqdim edirdilər.

Azərbaycana səfərinədək bir sıra yerlərə səyahəti olmuşdu Riçardın. Sibir, Uzaq Şərq, Şimali Ural, Qütb dairəsində, Yerevanda olan gənc səyyah Orta Asiyaya səfər etmək istəyirdi. Lakin 20 Yanvar hadisələrindən sonra planını dəyişərək Bakıya gəlir.

Bakı, Təzəpir məscidinin həyəti, soyuq fevral axşamı ... Qərib şəhərdə gecələməyə yeri belə olmayan Riçardın ilk azərbaycanlı tanışı Şahin Babayev olur:

-- On yeddi yaşı olardı, gənc oğlan mənə yaxınlaşıb kim olduğumu və haradan gəldiyimi soruşdu. Şəhəri görmək istədiyimi və burada beş gündən çox qalmayacağımı və sonra Orta Asiyaya səfər edəcəyimi bildirdim. Qalmağa yerin varmı?--  deyə oğlan gözləmədiyim halda söruşdu.  Yoxdu -- dedim.

  • O zaman məndə qala bilərsən.
  • Şahin dostu ilə birlikdə idi. Təlaş içində idim. Nə cavab verəcəyimi bilmirdim. Açığı qorxurdum bir az.  Amma gecələməyə  yerim yox idi..

-- Axşamdan xeyli keşmiş Şahinin kirayələdiyi ünvanında -- Dimitrov küçəsi, ev 38 çox da böyük olmayan evinə gəldik. Səhər çay süfrəsində bir-birimizi daha yaxından tanımağa başladıq. Öyrəndim ki, Şahin rəssamlıq üzrə təhsil alır. Otaqda İsa Məsihin tablosu diqqətimi cəlb etmişdi.  Bu  təzə rəsm əsəri Şahinin əl işi idi. Bir müsəlman gəncin İsa Məsihin şəklini çəkməsi mənə qəribə gəldi. Təəccübümü gizlələdə bilmədim, səbəbini sorüşdum. Şahinin üzünə qəribə ifadə qondu, anidən əhvalı dəyişdi. Mənə qəmli və qəribə hekayəsini danışdı. Öyrəndim ki, Şahin böyük qardaşı ilə birlikdə Ordubaddan Bakıya gəlib, rəsm məktəbinə daxil olub. 20 Yanvar gecəsi sovet qoşunları zirehli tanklarla dinc əhalini vəhşicəsinə qıranda Şahinin qardaşı da  şəhid olub.  

-- Yuxumda İsa Məsihi gördüm, bağışla və həyata davam et -- dedi. Onu gördüyüm kimi çəkmişəm -- qonağı olduğum gənc rəssam bildirdi.

Riçard bu  hadisədən çox təsirlənmişdi. Bir neçə gün Şahinin evində qalır. Şəhərlə tanış olur. Şahini tanıdıqca qanı qaynayır ona: “ O, çox qonaqpərvər, səxavətli, mehriban insan idi. Son gündə çox gərgin idi. Narahatlığının Vətəni, xalqı üçün olduğunu öyrəndim. Şahin mənə ermənilərin əsassız torpaq iddiaları, Dağlıq Qarabağdakı müharibə barədə danışdı, ermənilər tərəfindən günahsiz insanların öldürüldüyünü dedi. Eşitdiklərim Litva mətbuatında oxuduqlarımla tərs mütənasib idi. Mən heç vaxt müharibədə olmamışdım”.

Gəcənin bir yarısı, sükutu pozan saatın səsidir, əqrəblər 4-ü göstərir. Stolun üstündəki açıq  məktubda yazılmışdı: “ Dostum Şahin! Sənə və sənin xalqına görə Qarabağa gedirəm”.

Dəmir yolu vağzalı. Riçard kassa yaxınlaşıb Ağdama bilet istəyir. Satıcı Ağdama qatar getmədiyini, Bərdə və Yevlaxa bilet olduğunu  bildirir...

-- Qatar sürətli deyildi, yavaş-yavaş gedirdi, Bərdəyə çatanda artıq gecə idi. Qış vaxtı, hava tez qaralırdı. Balaca avtobusla Ağdama yola düşdüm. Avtobusda ölü sükut hökm sürürdü, sanki sərnişinlər yox idi, insanların çöhrəsindən  kədər və qəzəb yağırdı.

Ağdama çatanda komendat saatının olduğunu bilmirdim. Hər yer qaranlıq idi, yəqin ki, insanlar raket hücumundan qorxaraq işıqları söndürmüşdü. Bu mənim üçün dəhşətli mənzərə idi. Gecənin qaranlığında 2 saat idi ki, kor kimi yeriyirdim, düşünürdüm ki, qarşıma çıxan ilk işıq gördüyüm pəncərəyə doğru gedib evin qapısını döyəcəm.

Gecənin zil qaranlığında pəncərədə işıq görünür. Bu Ağdam mehmanxanası idi.  Pəncərənin qabağında yaşlı kişi durmuşdu. Riçard qocaya yaxınlaşaraq çox donduğunu, sığınacaq axtardığımı söylədi.

-- Bax, döşəmədə nə qədər insan var, yeganə qala biləcəyin yer  buradır. Yer tap yat, səhəri gözlə -- deyə qoca yer göstərdi. Riçard bel  çantasını çıxarıb beton piltənin üstünə atdı, başının altına çantanı  qoyub diri gözlə səhərin açılmasını gözlədi...

Soyuq fevral səhəri, Ağdam məscidi. Eşidilən səda minbərdən gələn azanı deyil, insanların avazlı naləsi idi. Elə yanıqlı və  içdən gəlirdi ki...

 -- Məscidin yaxınlığında dəhşətli izdiham vardı, insanlar ağlayır, qadınlar dairəvi şəkildə durub saçlarını yolur, üzlərini cırır, Azərbaycan dilində nəsə deyib nalə çəkirdilər. Mən onların nə söylədiklərini başa düşməsəm də fəryadlarını iliyimə qədər hiss edirdim.  

Litvalı gənc məscidin yanındakı binya daxil oldu. Gərək ki meyitlərin yuyulma yeri idi. Hər tərəfdə üzərində işgəncə əlamətləri olan insan meyitləri vardı, aralarında qocalar, qadınlar, südəmər körpələr, kiçik uşaqlar... Bir nəfər şəxs onları Riçarda göstərirdi. Dəhşət içində addımlayan gəncin  ürəyinin döyüntüsü qulaqlarında eşidilirdi...

-İlk gözümə sataşan 70 yaşlarında qadın meyiti oldu. Onun bütün bədəni dəlmə -- deşik edilmişdi, yaraları qan idi. Yanındaki  əlləri, sinəsi yanmış, yarıçilpaq vəziyyətdə olan kişi meytinin beyni tamamilə dağıdılmışdı, gözlərindən deşik açılmışdı. Bu vəziyyətdə olan meyitin nə vaxtsa canlı insan olduğunu demək çətin idi.

Riçard dərindən nəfəs aldı, sanki köksündə ağır daş varmış kimi. Hiss edirdim ki, o, həmin epizodları xatırladıqca soyqırımı səhnəsini təkrar yaşayardı...   Xeyli sükutdan sonra aramla:

-- Sonra iki qız meytini gördüm. Birinin boğazı kəsilmişdi, beyni parçalanmışdı, gözləri açıq idi, uzun saçları qan içində idi. Bədənində güllə yaraları və cəhənnəmin izləri vardı ... Qətlə yetirilən insanların əksəriyyətinin gözləri açıq idi, yuxarı  qaldırılmış əlləri donub qalmışdı. Bu, qatillərin  onları çox yaxın məsafədən öldürdükləri anlamına gəlirdi. Həmin binada meyitləri yuyurdular. Su qana qarışıb küçə ilə axırdı. Yaxınlıqda çoxlu sayda tabut düzülmüşdü. Bu səhnələr mənə cəhənnəmi xatırladırdı...

23 yaşlı litvalı gənc şok içində idi, bu vəhşiliyin niyə baş verdiyini öyrənməyə, informasiya yığmağa başladı.  Xeyli insanla söhbət etdi, onlar arasında müxtəlif yaş qrupundan adamlar vardı: “Aldığım bütün məlumatlar, faktlar göstərirdi ki, ermənilər və 366-cı alayın əsgər və zabitləri tərəfindən  Xocalıda dinc mülki əhalini vəhşicəsinə qırıblar. Bu faciə vəhşiliyin görünməmiş forması idi. Şəhərə gecə ikən hücum edib günahsız mülki insanları məhz azərbaycanlı olduğuna görə öldürmək, ağlasığmaz işgəncələr vermək dəhşətli cinayətdir, soyqırımıdır və mən orada soyqırımı qurbanlarının şahidi oldum. Mən müsəlman deyiləm, xristianam. Mənimlə eyni dinə sitayiş edən ermənilərin belə bir vəhşilik etməsi çox utancverici idi. Bu, qəddarlıq, vəhşilik, cəlladlıq, insanlıq adına ləkə, bəşəriyyətə qarşı cinayətdir!”

Müsahibim danışdı ki, Ağdamda olduğu bir neçə gün ərzində şəhərə yüzlərlə meyit gətirildi. Əksər meyidlərinəli, qolu,  barmaqları, qulaqları kəsilmiş, gözləri, dişləri çıxarılmış, başının dərisi soyulmuşdu: “Mən orda silahli Azərbaycan hərbçilərini hönkür- hönkür ağladığını gördüm. Erməni quldurları qadınların üzüklərini  barmaqlarından, sırğalarını qulaqlarından çıxarmayıb həmin orqanlarını kəsmişdilər. Bir faktı da qeyd etmək isyəyirəm ki, Xocalıda soyqırımı törədən ermənilərin içərisində ABŞ, Fransa, yaxın Şərqdən, orta Asiyadan gələn terrorçularlar da olub”.

Riçard gördüyü ağlasığmaz vəhşilikdən dəhşətə gəlirdi, sanki cəhənnəmə düşmüşdü. Üzərindəki işgəncələrdən meyitlərin nə zamansa insan olduğunu ağla gətirmək olmurdu. Ağdam hospitalında, xəstəxanasında Xocalı faciəsindən sağ qalan şoyqırımı şahidləri ilə, “Sərhədsiz həkimlər”, Qırmızı Xaç Komitəsi və Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin əməkdaşları ilə   tək- tək söhbət edib, fakt toplamaqda, qeydlər aparmaqda davam edirdi. Müsahibim  aclığın, susluğun nə olduğunu bilmədən hadisənin təfərrüatını yazırdı: “Əksər xocalılar Əskəran qalası və Naxçıvanik kəndindən qırğının çox olduğunu bildirdilər. İnsanların bir qısmi şaxtada donmuş, yolu azıb, itkin düşmüşdülər. “Sərhədsiz həkimlər”, Qırmızı Xaç Komitəsi və Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin informasiyalarında fevralın 25-dən 26-sına keçən gecə baş verən faciənin, dəhşətli cinayətin mənzərəsi əks olundu”.

-- Minə yaxın Xolalı sakini ermənilər tərəfindən girov götürülmüşdü. Girovların bir qısmi Xankəndinə, digər hissəsi Əsgərana aparılmışdı. Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin nümayəndələrinin uzun danışıqlarından sonra onlara girovlarla görüşməyə icazə verildi. Hüquq müdafiəçiləri deyirdilər ki, girovlar soyuq zirzəmidə, ac saxlanılırdı. Onların arasında uşaqlar, qadınlar da vardı. Girovlar müxtəlif işgəncələrə məruz qalırdılar, kişilər vəhşicəsinə döyülür, qadınlara güc tətbiq olunurdu. Erməni faşizminin nə olduğunu ilk dəfə olaraq, xocalılar, ümunən azərbaycanlılar, həmçinin Mesxeti türkləri bildilər.

Riçard girovlardan danışanda səsi titrəyir, cümlələri rabitəsiz və aramla tələffüz edirdi. Doluxsunurdu, göz yaşlarının ürəyinə axdığını hiss edirdim. Həmin epizodları, girovlarla söhbətlərini xatırladıqca əzab çəkirdı. Səsi, sözü deyil, aldığı nəfəs belə yaşadıqlarını yaşadırdı mənə...

-- Girovların işərisində çoxsayda uşaqlar və qadınlar da vardı. Onların bəziləri Allahverdi Bağırovun köməyi ilə dəyişdirmişdi.  Bəziləri də Qırmızı Xaç Komitəsinin yolu ilə azad olunmuşdu... İllər keçib, girovluqdan azad olunan bir qadının üzündəki ifadə hələ də gözlərimin önündən getmir. Onu Ermənistanda bir həftə türmədə saxlamışdılar. Danışırdı, ermənilər bu gənc xanıma ağlasığmaz işgəncələr verir, hər saatdan bir döyür, təhqir edirdilər. İnsanı özünü öldürmək səviyyəsinə çatdırmışdılar erməni vəhşiləri, cəlladları. Xanım özünü asmağa cəhd etsə də, paltarı onu saxlaya bilməmişdi. Girovun dəyişdirilməsi zamanı Qırmızı Xaç Komitəsi ermənilərdən sənəddə imza tələb etdilər, mən o sənədi gözlərim ilə görmüşdüm, orada imza yerində məsul şəxs kimi Ermənistan hakimiyyəti yazılmışdı. Bu, sadəcə Qarabağdakı seperatçı qüvvələrin deyil,  bir daha rəsmən Ermənistan dövlətinin, hakimiyyətinin  Xocalıda dinc əhaliyə qarşı soyqırımı törətdiyini sübut edir.

Məkan dəyişir, dərd həmin dərddir amma.  Riçardın növbəti üz tutduğu yer --Ağdam sanitar qatarıdır. Səsinin titrəməsindən hiss edirdim ki, buradakı acı xatirələri danışdıqca əzab çəkir...

-- Ağdam sanitar qatarına erməni faşızminin işgəngələrinə məruz qalmış xeyli Xocalı sakini gətirilmişdi. Mən sanitar qatarının rəisi polkovnik Qurbanovla tanış oldum, onun gözlərinin dərinlikdərinə sonsuz boşluq gördüm, erməni vəhşiliklərinin qarşısında güclə tuturdu özünü. Həmin insanların üzərindəki erməni faşızminin izləri dözülməz idi. Polkovnik Qurbanov sanitar gündəliyini açdı, həmin gün 598 amputasiya qeydə alınmışdı. Ora xeyli sayda başı kəsilmiş meyitlər gətirilmişdi. 170 meyit tibbi ekspertiza olunmuşdu. Xocalılar vardı ki, diri-diri baş dərisi soyulmuşdu. Sizcə, mən bunlara, nec reaksiya verirdim? Mən özümdə deyildim, şok vəziyyətində idim! Mən bilmirdim haradayam, nə zaman yemək yediyimi belə unutmuşdum. Mən bilmirdim, bu psixoloji şokdan sağala biləcəyəmmi?

Müsahibim hadisələrin sonrakı mərhələsində ermənilərin eybəcər xislətini dəhşət içində danışırdı: “Xocalı əhalisinin çox hissəsi ermənilərin əlində idi, həm dirilər, həm ölülər. Ölüləri benzinə, pula, qızıla dəyişirdilər. Bu ermənilərin açdığı XX əsrin ən dəhşətli bazarı idi!”

-- Xocalı soyqırınının təşkilatçıları və icraçıları Serj Sarkisyan, Seyran Ohanyan, Robet Köşəryan, erməni hərbçiləri, Qarabadakı seperatçı silahlı qüvvələr, dünyaca tanınan erməni başkəsənləri, terrorçuları Aramo, Molte Melkonyan, onun qardaşı Markan Melkonyan, Arkadi Dedobosyan, Nazaryan və digər cəlladlar, həmçinin 366-cı motaatıcı alayın əsgər və zabitləri daha sonra 27 fevralda Qaradağlı, Meşəli, Ayrımlı kəndlərində də dinc əhaliyə qarşı kütləvi qırğın törərətmişlər.

Riçard Lapaitis rus jurnalisti Viktoriya Yivlevanın ermənilərlə birlikdə Xocalıya getdiyindən, çəkdiyi şəkillərdən, erməni sakilərinin insanlığa sığmayan davranışlarından da danışdı: “Onun çəkdiyi şəkillərdə küçədəki südəmər körpələrin, uşaqların, qadınların meyitii açıq-aydın görünürdü. Ən dəhşətlisi odur ki, Xocalıda küçələrdə meyitlərin qanı qurumamış ermənilər evləri zəbt ediblər. Hərəsi bir azərbaycanlı evinin qapısında, divarına öz adını yazıb. Bir də həmin evlərin zirzəmisində 300-ə yaxın Xocalı sakini qalmışdı”.

Müsahibim çox maraqlı bir faktla faciəni, cinayəti başqalarının adına bağlamaq istəyən ermənilərin mənfur simasını açdı:  “Onlar hansısa yadplanetli deyildilər. Mən yüzdən çox soyqırımı şahidi, Xocalı girovları  ilə danışan zaman məlum oldu ki, onların əksəriyyəti soyqırımı törədən keçmiş müəllimlərini, keçmiş milisi, keçmiş həkimi tanıyıblar”.

Ağdam xəstaxanası, ermənilərin işgəncələrlə tanınmaz hala saldığı meyitlər. Yaralıların ahı  anaların naləsinə qarışıb.  Riçardın  bir küncdə taqətsiz halda oturub, gözləri mərmilərdən deşik-deşik olmuş balaca qışın cəsədinə dikilib, xəstəxanada son ziyarəti idi.  Xəyal dünyasında qırmızı gödəkcəli balaca qızcığazın əlində çanta məktəbə getdiyini təsəvvür edərək öz- özünə:

-- Niyə axı, niyə? Siz insan ola bilməzsiniz, siz xristian deyilsiniz. Vəhşilər, faşistlər, qəddarlar, cəlladlar, quldurlar, dinsizlər...

-- Oğul, ay oğul...- Yaşlı ananın səsi onu  xəyallardan ayırdı. -- Biz bilmirik haralısan,  hansı ölkədənsən, amma biz səni burada görürük. Görürük  ki, sən necə vaxtdı gəlib gedirsən, yazırsan, adamları danışdırırsan.

Ətrafdakı qadınlar da ananın sözünü təsdiqlədilər: “Düzdü!”, “Doğrudu!”, !Allah razı olsun!”

Ay oğul, Ana yalvarış dolu baxışlarla fikrinə davam etdi, vətəninə qayıdanda burada nə görmüsənsə onu yaz, biz səndən başqa heç nə istəmirik, sadəcə gördüklərini yaz, bala.

Bu epizodu xatılayanda Riçard  bildirdi ki, həmin anaların xahişi mənim həyat yolumu dəyişdi: “Mən həmin analara and içdim ki, bunu edəcəm. Bakıya qayıdıb əşyalarımı Şahinin evində qoydum. O zaman internet kimi məsafələri yaxın edən qlobal şəbəkə olmadığı üçün mən qatarla Rusiyadan keçib Vilnüsa qayıtdım”.

Vilnüs, “Respublika” dövlət qəzetinin redaksiyası. Riçard əlində yazdığı məqalə, Xocalıda baş verən soyqırımını sübut edən faktlarla -- fotolar, rəsmi məlumatlar,  tibbi ekspertizalar, şahidlərin ifadələrindən ibarət materiallarla siyasi şöbənin redaktorunun qəbulunda gəlir. Səssizcə bütün materialları redaktor Alqimantas Jukasın stolunun üstünə qoyur.

 -- Bu ermənilərin meyitidir, onları azərbaycanlılar öldürübmü? -- deyə Alqimantas Jukas dəhşət içində reaksiya verir.

Rişard Lapaitist:

- Xeyir. Bu azərbaycanlıların meyitidir. Onları erməni faşistləri öldürüblər. Bu insanları tanınmaz, eybəcər hala erməni başkəsənləri, cəlladları salıb. Baxın, bu südəmər körpədir, bu yaşlı qadının döşləri, qulağı, barmağı kəsilib, bu qocanın baş dərisi soyulub, bu kişinin gözləri çıxarılıb. Bunları özlərini dünyanın qədim, sivil xalqı adlandıran erməni vəhşiləri törədiblər...

-- Qlobal şəbəkənin olmadığı bir dövrdə, mən Bakıdan Vilnüsə qayıdanda xeyli vaxt keçməsinə baxmayaraq Litvada bu haqda informasiya yox idi. Redaktor inana bilmədi, mən onunla xeyli mübahisə etməli oldum. Nəhayət, Alqimantas Jukas bildirdi ki, materialları Sakraça göndərirəm, qoy baxsın, qərar versin, səhər “bomba” partlayacaq.  Mən Xocalıda ermənilərin və 366-cı motaatıcı alayın əsgər və zabitləri ilə dinc əhaliyə qarşı törətdiyi soyqırımı haqqında məqaləmin və bu barədə əldə etdiyim sübutların, faktların Litvanın rəsmi “Respublika” qəzetində şap olunmasına nail oldum.

Bu məqalədən sonra Alqimantas Jukas məni redaksiyaya çağırıb “Sən bizim qəzetin xüsusi müxbiri olaraq Qarabağa yollanmaq istərdinmi?” – şəklində təklif etdi. Həmin anda mən tərəddüd etmədən qərar qəbul etdim: Bu dəqiqədən sonra, hərbi jurnalist olacam.

Riçard Lapaitist onun həyat yolunu  dəyişən, hərbi jurnalistikaya gətirən  Xocalı soyqırımı ilə bağlı bir epizodu xüsusi vurğuladı:

Bilmirəm, Leyla xanım, yazıda qeyd edəcəksiniz, ya yox, amma bunu bilməyinizi istəyirəm. O zaman mən 23 yaşlı təcrübəsiz gənc idim. Sadə fotoaparatım vardı. Yanımda yaxşı geyinmiş, bahalı aparatla təhciz olunmuş iki  jurnalistdən biri digərinə: “Yox, burada heç nə baş verməyib”. Hiddətimi, qəzəbimi saxlaya bilmədim: “Necə heç nə baş verməyib, bura əsl cəhənnəmə çevrilib”. Mən onda başa düşdüm ki, satılmış KİV-lər, vicdanı və qəlbi olmayan jurnalistlər var. Ona görə də mənim hərbi jurnalistikaya yolum xüsusi yoldur. Bu yol alçaq, şərəfsiz jurnalistlərə və qərəzli mediaya qarşı vicadanın səsi ilə gedən, haqqın-ədalətin yoludur.

-- Mən Vilnüsdən Bakıya gələndən sonra yenidən Ağdama qayıtdım. Bu dəfə hərbi jurnalist kimi. Ağdama ikinci səfərim zamanı şəhər bombalanırdı, mən güllələr, bombalar altında bir neçə dəfə ölümlə rastlaşdım. Bir səfərimdə ölüm mənə lap yaxın olduğu zaman, mən ona yalvardım ki, məni apara bilərsən, ancaq uşaqlara toxunma.

Cinayətkarların cəzasız qalması vicdanının diktəsi ilə döyünən Rişard Lapaitisin ürəyinə, ruhuna bu gün də rahatlıq vermir: “ Bizim bütün səylərimizə, soyqırımına dair fakt və sübutlara baxmayaraq Xocalıda dinc əhalini qətlə yetirən hərbi cinayətkarlardan heç biri cəzalandırılmayıb. Bu qatillər yazdıqları kitablarda, memuarlarda Xocalı soyqırımını etiraf ediblər. Arkadi Tadevosyan kimi qatil siyasətçi müsahibələrində deyirdi ki, Xocalı soyqırımını bizdən siyasətçilər tələb edirdi. Siyasət tələb edirdi ki, olduqca çoxlu qan axıdaq. Məni narahat edən bir məsələ də 366-cı motaatıcı alayın əsgər və zabitlərinin hələ də susması, cinayətdə iştiraklarını gizlətməsidir.  Amma mən inanıram ki, erməni faşizmi bütün dünyada tanınacaq, ədalət gələcək, hərbi cinayətlərdə köhnəlmiş iş yoxdur”.

Müsahibim müxtəlif dövlətləri gəzir, Xocalı soyqırımı haqqında tədbirlərdə  gördüklərini, bildiklərini, soyqırımı şahidlərindən eşitdiklərini dünya ictimaiyyətinə çatdırır. Baş qəhrəmanı və layihə müəllifi olduğu, dünyanın müxtəlif dillərinə tərçümə edilərək, bir çox ölkələrdə  nümayiş etdirilən “Sonsuz dəhliz” sənədli filmi Xosalı soyqırımının beynəlxalq aləmə çatdırılmasında, tanıdılmasında böyük rol oynayıb. O, deyir:: “Xocalı soyqırımının dünyada tanıdılması mənim məqsədinə çevrilib. İstəyirəm ki, bütün dünya erməni vəhşiliyi, faşizmi haqqında bilsin. Buna görə də, Xocalı soyqırımının şahidi olan bütün jurnalistləri vicdanının səsini dinləməyə, gözləri ilə gördüklərini danışmağa, mediada yayınlamağa çağırıram. Mən cinayətkarların, dinc xocalıların qatillərinin cəzalandırılmasını istəyirəm. Xocalı soyqırımı cinayətkarları mütləq cəzalandırılmalıdır ki, onlar bir daha baş qaldırmasın, digər dövlətlərdə də dinc əhaliyə qarşı belə vəhşilik, soyqırımı törədilməsin”.

-Bilirsiniz, Xocalı haqqında yazımdan sonra ermənilər məni ölümlə təhdid etməyə başladıqda bacardığım hər şeyi etdiyimi anladım... Amma yenə də ağrı ürəyimdə yaşayır ... Uşaqların və qadınların gözlərini hər zaman görəcəyəm... Mən litvalıyam, amma bütün bunları xatırladıqca həmişə belə dəhşətli bir ağrı çəkirəm !!!! Qoy, İlahi qeyri-insani vəhşiliyi mühakimə etsin!

Görüşümüzün sonunda, o, xocalılara, ümümən Azərbaycan xalqına dərin hüznlə başsağlığı verdi. Onu da bildirdi ki, Azərbaycan xalqı qəhrəman, mərd xalqdı, mən bu xalqın döyüş ruhuna heyranam. Ermənilər Azərbaycan əsgərləri ilə üz-üzə gəlməkdən həmişə çəkiniblər, onların gücü yalnız əliyalın, dinc əhaliyə çatır, mülki əhali qarşısında “qəhrəman”a çevrilirlər.

Xocalı soyqırımının bu ildönümü, Xocalı qurbanlarının anım günü fərqlidir. Bu gün Azərbaycan qalibdir, bu qalibiyyəti xalqınıza yaşadan Azərbaycan əsgəri, Ali Baş Komandandır.

Düşünürəm, dili dilimizdən, dini dinimizdən olmayan litvalı jurnalist Riçard Lapaitisi Azərbaycan xalqı niyə bu qədər sevir?! Sadəcə bir cavabı var: O, təmiz vicdana malik əsl İNSANdır!

 

 Leyla Rəşid,

“Xalq qəzeti”

26 Fevral 2021 18:32 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə