Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BDU-da “Nizami Gəncəvi ili” çərçivəsində tədbir

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında sərəncamı ilə əlaqədar ilk onlayn tədbir keçirilib. Tədbirdə Şərqşünaslıq fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti, tələbə və magistrantlar, BDU-nun rektoru Elçin Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik, Milli Məclisin deputatı Rafael Hüseynov iştirak edib.
Tədbirin moderatoru İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov Nizami Gəncəvi yaradıcılığından, onun dünya və Şərq ədəbiyyatının bədii fikir tarixində əhəmiyyətli rolundan söz açaraq dahi şairin əsərlərinin hər zaman dünya şərqşünaslıq elminin diqqət mərkəzində olduğunu qeyd edib.
Akademik Rafael Hüseynov “Nizami Gəncəvinin ötürücülük və qovuşduruculuq missiyası” mövzusunda məruzəsində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığının fəlsəfi fikir tarixində rolundan bəhs edib. Natiq Nizami irsinin sadəcə ədəbiyyat deyil, eyni zamanda musiqi, memarlıq, ictimai-siyasi düşüncənin inkişafına da təkan verdiyini diqqətə çatdırıb. Nizami Gəncəvinin kamil insan, ədalətli hökmdar modeli haqqında fikirlərinin onun “Xəmsə”sində əsas xətti təşkil etdiyini qeyd edən akademik Rafael Hüseynov çıxışında, həmçinin Bakı Dövlət Universitetində Nizami irsi ilə bağlı müxtəlif elm sahələri üzrə məqalələr toplusunun nəşr edilməsinin, Şərqşünaslıq fakültəsində kalliqrafiya sənətinin tədrisinin böyük əhəmiyyət kəsb etdiyini də vurğu layıb.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək BDU-da “Nizami Gəncəvi ili” çərçivəsində həyata keçiriləcək tədbirlər planı haqqında məlumat verib. Bu məqsədlə xüsusi komissiyanın yaradıldığını, silsilə elmi konfransların, simpoziumların, elmi seminarların keçiriləcəyini, dahi şairin zəngin söz xəzinəsinə həsr olunmuş sərgilərin təşkil olunacağını, eyni zamanda akademik Rafael Hüseynovun ideyasını dəstəkləyərək BDU-da nizamişünaslığa həsr olunmuş toplunun nəfis şəkildə çap olunacağını qeyd edib. Rektor Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq çərçivəsində mütəmadi olaraq belə mühazirə və qiraətlərin təşkil olunmasının dahi şairin ədəbi irsinin öyrənilməsi baxımından əhəmiyyətli olacağını bildirib. E.Babayev BDU tələbələrinin Nizami irsinin geniş tədqiq olunduğu ölkələrin elm və təhsil müəssisələrində təcrübə keçmələri, kadr hazırlığı istiqamətində görüləcək işlərdən bəhs edib.


Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

26 Fevral 2021 02:46 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə