Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Erməni quldurları xocalıları azərbaycanlı olduqlarına görə öldürürdülər”

29 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Qarabağın dağlıq hissəsini yerli azərbaycanlılardan min bir vəhşiliklə təmizləyən erməni millətçi-separatçı toplumundan və onların xarici havadarlarından təşkil olunmuş silahlı quldur dəstələri Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Xocalının dinc əhalisini kütləvi surətdə qırmış, bu şəhəri talan edib, dağıdıb Yer üzündən silmişdir.

Bəşəriyyətin çağdaş tarixinə ən amansız soyqırımı hadisəsi kimi yazılan bu qətliamın xalqımız üçün ən ağrılı tərəflərindən biri də o idi ki, həmin vaxt Azərbaycan düşmən və bədxah dairələr tərəfindən sərt informasiya blokadasına alınmış və ermənilərin yalan-böhtan təbliğatı ilə sıx əhatə olunmuşdu. Bu səbəbdən dünya bu müdhiş qırğından vaxtında və kifayət qədər geniş xəbər tuta bilməmişdi. Həmin vaxt özünü Xocalıdan sağ çıxara bilmiş soydaşlarımızın güllə yağışı altında üz tutduqları Ağdama yetirmiş, xocalılıların sonuncu mühasirə həlqəsinin yarıldığı Əsgərana qədər irəliləmiş Türkiyənin cəcur və vicdanlı savaş yazarı İrfan Sapmaz Xocalıda baş verən dəhşətli hadisələr barədə xəbərləri mümkün olan bütün vasitələrlə dünyaya yaymışdı.
Bu fədakarlığına görə xalqımızın həmişə qədirbilənliklə yad etdiyi ekstremal şəraitlər jurnalisti İrfan Sapmaz Xocalı və bütövlükdə, Qarabağ şəhidlərinin intiqamının alındığı bir vaxtda 29 il əvvəl baş verənlər barədə Azərbaycan mediasına açıqlama verib. O, 1992-ci ilin 26 fevralında şahidi olduğu və yaşadığı dəhşətləri belə xatırlayıb:
– Xocalı qətliamı baş verdiyi zaman mən Şuşa şəhərində idim. Qırğından xəbər tutan kimi Şuşadan Laçına keçdim, sonra Ağdama gəldim. O zamanlar “Hürriyət” qəzetində və TRT-də işləyirdim, Ağdama isə öz təşəbbüsmlə getmişdim. Orada yerli özünümüdafiə batalyonları Əsgəran ətrafında mühasirəni yarıb Ağdama keçmək istəyən xocalılıların atəş altından çıxıb xilas olmaları üçün qanlı döyüşlər aparırdılar. Onlardan birinin komandiri Allahverdi Bağırov Xocalı tərəfə gedəndə mən də onlara qoşulmaq istədiyimi söylədim. O, xarici jurnalist olduğumu nəzərə alıb razılaşdı. Sonralar Azərbaycanın Milli Qəhrəmanı olmuş Allahverdi Bağırov sonrakı günlərdə Əsgərandakı erməni yaraqlılarının başçıları ilə danışıqlar da aparmış, həlak olanların meyitlərinin gətirilməsini təşkil etmişdi.
Biz Ağdamla qonşuluqdakı Əsgəran yüksəkliyinə çatanda güllə yağış kimi yağırdı. Həmin ərazidə qar içində, ayaqyalın-başaçıq canını qurtarmağa çalışan qadınların, qocaların, uşaqların şəkillərini və videolarını axşam saatlarına qədər çəkdim. Fotolar və videoları çəkdikcə taqətdən düşmüş yaşlı insanlara, körpələrə əlimdən gəldiyi qədər kömək də edirdim. Üst-başım qan, palçıq içində idi. Hava tutqun və yağışlı idi. İnsanlar, sanki, cəhənnəmdən qaçıb qurtarmaq istəyirdilər...
Öz qanımdan, canımdan olan, eyni dili danışdığım insanların kütləvi qətlə yetirilməsinə şahid olmaq çox ağır idi. Şəkilləri, videoları göz yaşları içərisində çəkmişdim. Ən acı mənzərələrdən biri isə bir ananın öldürülmüş körpəsini qucağından sonadək buraxmaması idi. Zavallı ana, hadisənin şoku altında onu qucağında Xocalıdan eləcə qaçırmışdı...
Əlimizdə olan materialları dünyaya yaymaq üçün elə o halımla Bakıya qayıtdım. Çəkdiyim materialları dünya mediasına çatdırmaq üçün daha sonra İstanbula yollandım. İlk dəfə Xocalı soyqırımını Türkiyə üzərindən dünyaya biz bəyan etdik.
O vaxt gördüklərinin, yaşadıqlarının həyatının sonrakı dövrlərində də həmişə ona acılar yaşatdığını söyləyən İrfan Sapmaz daha sonra bildirib:
– Bir savaş müxbiri olaraq uzun illərdir dünyanın müxtəlif yerlərindəki müharibələrə canlı şahid olmuşam. O günkü faciə həyatımda ən dərin, ən acı izlər qoydu. Erməni qaniçənlərinin törətdikləri vəhşiliklər insanın özü kimi məxluqa qarşı qəddarlığının son həddi idi. Onlar xocalılıları harda rastlarına gəldi azərbaycanlı olduqlarına görə öldürürdülər. Bu, xalis soyqırımı əlaməti idi. O dəhşətlər hələ də gözlərimin qabağından getmir.
O gün adamların saniyələr içində həyatlarını itirdiklərini, canlarını qurtarmaq üçün hansı əzabdan keçdiklərini gördüm. Savaşların heç kimə faydasının olmadığını bir daha dərk etdim. Bunu anlamaq üçün Qarabağdakı erməni quldurlarına, Xocalı soyqırımını törədənlərə, onların qəddar başçılarına 28 il vaxt lazım oldu. Lakin ötən ilin payızında 30 ildən bəri Qarabağda meydan sulayan erməni hərbi birləşmələri darmadağın ediləndə, Xocalıda günahsız körpələri belə öldürən quldurlar dinc soydaşlarını qoyub qaçanda Azərbaycan Ordusu bir nəfər də silahsız erməninin burnunu qanatmadı.
40 ilə yaxın müddətdə bir çox ekstremal şəraitlərdə jurnalist kimi fəaliyyət göstərsəm də, xocalılıların müsibətlərinin bərabərinə heç bir yerdə rast gəlməmişəm, nə də şahidi olmamışam. Həyatımda ən dəhşətli mənzərələr idi o vaxt gördüklərim. Savaş müxbiri kimi daha əvvəl də dünyadakı münaqişələri izləmişdim. Əfqanıstanda altı il qaynar nöqtələrdə olmuşdum. Lakin Xocalıda baş verən dəhşətləri dünyanın heç bir yerində görməmişdim.
Orada çəkdiyim şəkillər və videolar dünyanın hər yerində yayımlanıb. Hadisə yerində olan tək jurnalistlərdən idim. Amma Xocalıdakı fəaliyyətimə xarici jurnalist gözü ilə heç vaxt baxmamışam. Əgər amerikalı, avropalı bir jurnalist olsaydım, çəkdiyim şəkillərin müəllif hüququndan istifadə edərək, bəlkə də, milyon dollarlar qazana bilərdim. Lakin mən Azərbaycana həmişə öz vətənim kimi baxdığım üçün heç vaxt qazanc arxasınca düşmədim. 12 il Azərbaycanda yaşadım, 30 ilə yaxın müddətdir ki, öz vətənim saydığım Azərbaycanın haqlı mübarizəsini dünyaya yaymağa çalışıram. Bütün bunları qarşılıq gözləmədən, öz qəlbim və vicdanımla etdim.
Sonda İrfan Sapmaz Azərbaycan xalqını çox sevdiyini və onun verdiyi dəyərdən qürur duyduğunu söyləyərək, jurnalist olaraq, hər zaman azərbaycanlı qardaşlarının haqq işinə dəstək verəcəyini vurğulayıb:
– Şükürlər olsun ki, təxminən, 30 il sonra Azərbaycan torpaqları düşmən işğalından azad olundu. Müdafiə Nazirliyinin açıqlamasına görə, 3 minə yaxın şəhid verdik. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Onlar vətənləri üçün böyük bir fədakarlıq nümunəsi göstərərək, canlarından keçdilər. Qazanılan zəfərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevi, Azərbaycan döyüçüsünü və xalqını bir daha bütün qəlbimlə təbrik edirəm.
Bu qələbəyə aparan yolda Azərbaycan Ordusunun və Azərbaycan–Türkiyə dostluğunun gücü bir daha dünyaya sübut olundu. Bu bölgələrə sərmayə qoyulmalı, yurdlarından didərgin düşən insanlar geri qayıtmalıdır. Bu tarixi qayıdış və böyük bərpa işində Azərbaycan dövlətinin və xalqının üzərinə ağır və yeni şərəfli yük düşür.
Lakin Qarabağ münaqişəsinin insanlığı dəhşətə gətirən faciə olduğu, onun sağalmayan yara və ağrıları da unudulmamalıdır. Bundan sonra Xocalı qətliamı dünya ictimaiyyətinə daha yaxşı tanıdılmalı, onun misilsiz bir soyqırımı olduğu bütün dünyada tanınmalıdır. Əgər bu qətliamın dünya tarixində silinməz bir iz qoymasını istəyiriksə, faciəni xüsusilə Qərb ölkələrinə qədərincə anlatmaq lazımdır. Bu məsələdə “Xocalıya ədalət!” kampaniyasını yüksək dəyərləndirirəm. Ancaq dayanmamalıyıq. Dünya Xocalı soyqırımını tanımalı, qəbul etməli, Ermənistan bu vəhşiliyinə görə təzminat ödəməlidir!


Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

26 Fevral 2021 02:39 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə