Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan Azərbaycana qarşı təxribatdan əl çəkməlidir

Otuz ildir ki, Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan ordusu 44 günlük müharibədə minlərlə itki verərək darmadağın edildi. Bu, Ermənistanın yaxın 100 il ərzində ən böyük məğlubiyyəti kimi tarixə düşdü. Lakin Ermənistanda köhnə iqtidar klanlarına məxsus bəzi siyasi fəallar, daşnak təfəkkürlü müxalif partiya funksionerləri bundan nəticə çıxarmayaraq hazırda müxtəlif revanşist açıqlamalar verməkdədir. Hətta müxalifətin lideri, keçmiş baş nazir Vazgen Manukyan Azərbaycanı və Türkiyəni hədələməkdən də çəkinmir.

Əlbəttə, bütün bunların hamısının siyasi “blef” olduğunu dünyada da, erməni cəmiyyətinin əksəriyyətində də anlayırlar. Normal düşüncə sahibləri yaxşı anlayırlar ki, Ermənistanın Azərbaycana qarşı yenidən müharibə etməsi intihardır. Türkiyəyə qarşı isə bu, sadəcə xülyadır. Bütün hallarda 10 noyabr bəyanatından sonra baş verən kiçik miqyaslı insidentlər, terror hərəkətləri, əsir götürülən yüzlərlə erməni terrorçusunun fəaliyyəti göstərdi ki, istər əsgərlərimiz, istərsə də, cəmiyyətimiz, necə deyərlər, əlitətikdə olmalı, düşməni tam nəzarətdə saxlamalıdır. Hətta hərbi qüdrətimiz onları dəfələrlə üstələsə belə...
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, kimi nəyi, necə, nə vaxt etmək lazımdırsa, biz bilirik. Və həyat bunu göstərdi ki, vaxtında atılmış addımlar nəticəsində bütün gücümüzü səfərbər edib, bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Dövlət başçımız xatırladır ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir və bu dəmir yumruq düşmənin belini qırdı, onun başını əzdi: “Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi. Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə də eyni olacaq. Yenə Azərbaycanın dərmir yumruğu onların belini qıracaq”. Azərbaycanın prinsipial mövqeyi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsaslanır. Biz dövlət olaraq, bu bəyanatın şərtlərinə əməl edirik. Cəmiyyətimiz də buna əməl edir. Ermənistan dövləti isə bəyanata əməl etmək məsələsində məsuliyyətsizlikdən əl çəkmir. Bəzən Ermənistan tərəfi daxili auditoriyanı ələ almaq, etirazları soyutmaq üçün epizodik addımlar atmağa çalışır. Lakin Azərbaycan Prezidenti, öz qətiyyətli mövqeyini göstərərək bildirdi ki, mövcud bəyanatda təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz. Azərbaycan hazırda ərazidə vəziyyəti başa düşür və humanitar məsələlərin həllinə razılığını verib. Lakin bundan sui-istifadə yolverilməzdir.
10 noyabr gecəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev xalqımızı böyük zəfər xəbəri ilə müjdələyərək bildirdi ki, bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur: “ Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Müharibədən sonra erməni quldur birləşmələrinin Ermənistan ərazisindən Azərbaycan ərazisinə keçərək diversiya, terror törətməyə cəhd göstərməsinə dərhal kəskin cavab verildi. Uğurlu əməliyyat planı ilə onların hamısı əsir götürüldü. Şübhəsiz ki, onlar terrorçu və diversantlardır. Lakin Azərbaycan yenə də humanizm göstərərək onları məhv etmədi, əsir götürdü. Bu isə Azərbaycanın qalib ölkə adına yaraşan addım atdığını sübut edir”.
Əslində, Azərbaycan dünya praktikasında və siyasi ekspertlərin dəfələrlə dilə gətirdiyi məşhur fikri– qalib mühakimə olunmur, tezisinə əməl etməkdə haqlıdır. Çünki öz ərazisində terrorçuları zərərsizləşdirmək Azərbaycanın haqqı idi. Amma regionda sülh, dünyada barışın tərəfdarı olan dövlətimiz onları əsir götürməklə Ermənistanın rəsmi administrasiyasına bir növ qulaqburması verdi.
Hətta ötən həftələrdə Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Xankəndiyə getməsinə sərt təpki verən Ali Baş Komandan qəti şəkildə bildirdi: “Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. Əgər münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli “səfərlərə” nə ehtiyac var? Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar”.
Prezident diqqətə çatdırıb ki, heç bir xarici vətəndaş rəsmi Bakının icazəsi olmadan ərazilərimizə gələ bilməz. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində.
Ermənistandakı revanşist qüvvələr məğlubiyyətin şokunu ən çox onda yaşadılar ki, ötən əsrin təxminən 20-ci illərində Azərbaycandan zorla qoparılan Zəngəzur mahalının, onun Mehri rayonunun ərazisindən Naxçıvana birbaşa dəmir yolu çəkilməsinin bəyanatda olmasını eşitdilər. Onlar işğal etdikləri və nə vaxtsa çıxacaqlarını ağıllarına belə gətirmədikləri Şuşa, Laçın, Kəlbəcər kimi dağ relyeflərini necə azad etməyimizi araşdırmağa macal tapmamış Mehri dəhlizi məsələsi onlara sözün həqiqi mənasında “soyuq duş effekti” yaşatdı. Bəli, Azərbaycan tarixi torpağı olan Naxçıvana dəhlizi məhz Mehri vasitəsilə əldə edəcək. Bu qələbəmizin mühüm hissəsidir ki, bəhrəsini qısa zamanda görəcəyik. Dövlət başçısı Laçına səfəri zamanı da bildirdi ki, Vətən müharibəsinin çoxşaxəli əhəmiyyəti bundan ibarətdir – biz həm doğma torpaqlarımızı işğalçılardan təmizlədik, düşməni torpaqlarımızdan qovduq, həm də ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini göstərdik, xalqımızın əyilməz ruhunu göstərdik. Eyni zamanda, ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün əməli addımlar ataraq önəmli sənədləri imzaladıq. Noyabrın 10-da imzalanmış birgə bəyanat, əlbəttə ki, Laçın, Kəlbəcər və Ağdam rayonunun qaytarılmasını təmin etdi, bir güllə atmadan biz bu torpaqlara qayıtdıq. Eyni zamanda, Azərbaycanın onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşməsi də məhz o bəyanatda təsbit olunur. Lakin bütün bunların dinc yolla baş verməsi çox önəmlidir. Əslində, Naxçıvan-Mehri dəhlizi vasitəsilə dəmir yolu nəqliyyatının bərpası bütün region üçün, o cümlədən Ermənistan üçün də əhəmiyyətlidir. Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan ərazilərini dəmir yolu vasitəsilə birləşdirəcək bu nəqliyyat xəttləri qonşu dövlətlərin iqtisadi potensialına da müsbət təsir göstərəcək. Bu baxımdan, həm Ermənistan rəhbərliyinin, həm də müxalifətinin revanşist arzulara qapılması onlar üçün növbəti fiaskoya səbəb ola bilər. Çünki onlar dəfə həm hərbi, həm də iqtisadi çöküşlə üzləşə və erməni xalqının faciəli vəziyyətə düşməsinə səbəb ola bilərlər.
Prezident İlham Əliyev nəqliyyat dəhlizinin önəmindən danışarkən qəti şəkildə bildirdi ki, bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışırlar. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Bir sözlə, bütövlükdə Cənubi Qafqaz regionunda sülhün, sabitliyin qorunmasında Azərbaycan modelinin reallaşmasında Ermənistan və erməni xalqı üçün hər bir mənada yalnız fayda var. Bunu dərindən düşünmək isə erməni başbilənlərinin işidir.
 

Anar TURAN, “Xalq qəzeti”

26 Fevral 2021 01:45 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə