Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımı qan yaddaşımızda

Erməni silahlı qüvvələrinin bəziləri məlumdur. Əgər onlar bu gün də cəzalarını almayıblarsa, gələcəkdə öz cəzalarını alacaqlar. Beynəlxalq məhkəmə onların da cəzasını verəcəkdir. Belə olan halda, demək, bizim içimizdən cinayət edənlər, xəyanət edənlər də araşdırılmalıdır və meydana çıxarılmalıdır. Xocalı hadisəsindən, faciəsindən də istifadə edib hakimiyyətə gəldilər, faciənin üstünü örtüb basdırmaq istədilər. İndi bu gün yenə də tarix bunu açır, açacaqdır tarix! Tarix açacaqdır, geci-tezi var.


Heydər ƏLİYEV
Ümummilli lider

 

1992-ci ildə Xocalı soyqırımı törədildi. Xocalı soyqırımını törədənlər bu gün Ermənistan rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni, biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri – bütün bunlar həqiqətdir və reallıqdır. Ancaq nədənsə bəziləri bunu görmək istəmir, bəziləri bu günə qədər də erməniləri qurban kimi təqdim etmək istəyirlər.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

1992-ci ilin fevralı:
tarix təkrarlandı
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər ağır işgəncələrə məruz qalanlar çoxluq təşkil edirdi.
Erməni həmin ermənidir!
Əsl adı Hovannes Ter-Martirosyan olan, lakin əsərlərini "A-Do” imzası ilə çap etdirən erməni müəllifinin 1907-ci ildə İrəvanda erməni dilində çap edilən irihəcmli "Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla” əsərində ermənilərin torətdikləri vəhşiliklər barədə kifayət qədər fakt yer almışdır. Ermənilər 1992-ci ildə Xocalıda törətdikləri soyqırımının analoqunu XX əsrin əvvəllərində– 1905-ci il avqustun 23-də də törətmişdilər. A-Do yazır ki, erməni silahlı dəstələrinin Xocalıya hücumu zamanı kənd əhalisinin bir qismi qaçaraq canını qurtarmış, bir qismini də ermənilər öldürmüşdülər. Müəllif daha sonra yazır ki, Xocalını ələ keçirən ermənilər əvvəlcə evləri talamış, sonra isə od vurub yandırmışdılar ki, bir də əhali geri qayıda bilməsin.
Azərbaycanın görkəmli publisisti, pedaqoqu, filosof-alimi Əhməd bəy Ağaoğlu “İrşad” qəzetinin 25 sentyabr 1906-cı il tarixli sayında dərc olunmuş “Qarabağın əhvalı” məqaləsində yazırdı: “Yetişdik Xocalı deyilən postxanəyə. Bu postxanənin adı yavuqluqda bir il bundan əqdəm mövcud olan müsəlman kəndinin adından əxz olunub. Lakin bu gün həman kənddən bir əsər də qalmıyıb, yurtları böylə itmiş. Kəndi ermənilər talan etmişlər. Yol ilə yaylaqdan enən müsəlman əyaləti gediyordular. Bunlar hər qədəmdə bizə ermənilərdən və kazaklardan şikayət ediyordular. Birisinin qoyununu əlindən almışlar, birisinin atını, birisinin dəvəsini. Hər qədəmdə min əziyyət görmüş. Və hər yerdə ermənilər kazaklar ilə iş görüyordular.”
Erməni silahlı dəstələri 1918-1920-ci illərdə də Xocalıda soyqırımı törətmişdilər.1918-ci ildə öncə Xalq Cümhuriyyətinin Ordusu və Nuri paşanın komandanlığında Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusu birlikdə erməni silahlı dəstələrinin tərksilah etdilər. 1920-ci ildə Qarabağda yenidən baş qaldıran erməni separatizmini general Həbib bəy Səlimovun komadanlığında Azərbaycan Ordusu darmadağın etdi və ermənilər təslim oldular. Bundan sonra xocalılılar doğma yer-yurdlarına qayıda bildilər.
100 il öncə sadalanan faktlar bu günün mənzərəsini göz önünə gətirir. Yüz il öncə erməni hansı xislətdə idisə, bu gün də eyni, xislətdədir, sadəcə qiyafəsi dəyişib. O vaxtlar onların havadarları hansı missiyanı yerinə yetirirdilərsə, 1991-1994-cü ilərdə Birinci Qarabağ müharibəsində olduğu kumi, bu gün də həmin missiyanı yerinə yetirirlər. Mahiyyət və niyyət eynidir.
Bu qırğın baş
verməyə bilərdimi?
Qətiyyətlə demək olar ki, bəli, mümkün idi. Ermənilərə fürsəti Azərbaycanın o zamankı iqtidarı və müxalifəti birlikdə verdilər. Xocalı 1988-ci ildən ermənilərin hədəfində idi. Xocalının Əsgəran-Xankəndi yolunun üstündə yerləşməsi, aeroportun Xocalı ərazisində olması, Xankəndinin ətrafındakı erməni mövqelərinin Xocalıdan top atəşi ilə sıradan çıxarmaq imkanı olması erməni separatçılarını ciddi narahat edirdi. Xocalını yer üzündən silmək qərarı alınmışdı. Bunun üçün də tez-tez təxribatlar hazırlanırdı. Xocalıdan keçib Xankəndinə gələn bütün ermənilərə tapşırılırdı ki, şəhərə çatan kimi sir-sifətlərini, üst-başlarını bərbad hala salaraq, Lenin meydanına gedib onları Xocalıda döydüklərini söyləsinlər. Belə bir hadisəni o vaxt Xankəndində xidmət edən milliyyətcə erməni zabiti podpolkovnik Valeri Uzlyan Moskvada dərc edilən həftəlik “Veteran" jurnalına müsahibəsində belə açıqlamışdı: “Sentyabrın 18-də Stepanakertdə Lenin adına mərkəzi meydanda mitinq keçirilirdi. Bu zaman kimsə şayiə yaydı ki, Xocalıda erməniləri döyür, erməni qızlarını zorlayırlar. Mitinqə toplaşan azğınlaşmış kütlə elə o zaman həmin kəndə üz tutdu. 2 min nəfər Xocalıya hücum etdi, 42 nəfər yaralandı. Sonradan aparılmış yoxlama göstərdi ki, iğtişaş qəsdən törədilmişdir.” Elə həmin gün Zori Balayan, Sos Sarkisyan və Silva Kaputikyan İrəvan televiziyası ilə təcili çıxış edərək, bütün ermənilər adından Xocalının məhvi üçün hökm çıxardılar. Bildirdilər ki, nə yolla olursa-olsun, Xocalı Xankəndi yolunun üstündən silinməlidir. Çünki o zaman İrəvandan silah-sursatı yalnız Xocalı aeroportu vasitəsilə daşımaq mümkün idi.
Xocalı rayonu 1991-ci il noyabrın 26-da yaradılmış, Xocalı qəsəbəsinə şəhər statusu verilmişdi. Xocalıda qaçqınların məskunlaşdırılması, tikinti-quruculuq işlərinin aparılması erməniləri ciddi narahat edirdi. Xocalının məhvi üçün Ermənistanda çıxarılan hökmdən, təbii ki, Azərbaycanın o dövrkü rəhbərləri xəbərdar idilər. Azərbaycan rəhbərləri isə Xocalının müdafiəsinin gücləndirilməsi əvəzinə, Ermənistandan qovulan və həmin vaxtadək daimi məskunlaşmamış azərbaycanlıları, erməni təxribatı nəticəsində Özbəkistandan qovulan Axıska türklərini Xocalıda məskunlaşdırmaqla onları, sanki, ermənilər üçün qurbanlıq quzuya çevirmişdilər. Əgər 1988-ci ilin əvvəlində Xocalıda min nəfərə qədər əhali yaşayırdısa, 1991-ci ilin noyabrında şəhər tam mühasirəyə düşənədək orada yaşayanların sayı 7 minə yaxın idi. Dağlıq Qarabağın erməni rəhbərləri isə dəfələrlə Azərbaycan rəhbərlərinə ultimatum göndərmişdilər ki, Xocalıda aparılan tikintini dayandırsınlar və qaçqınları oradan çıxarsınlar.
1988-1989-cu illərdə Azərbaycana rəhbərlik edən Əbdürrəhman Vəzirov Dağlıq Qarabağda Xüsusi İdarə forması tətbiq edilməsinə və onun rəhbərliyinə ermənipərəst Arkadi Volskinin gətirilməsinə razılıq verməklə muxtar vilayətin sənaye obyektlərinin tədricən Ermənistanın və Rusiyanın tabeçiliyinə keçirilməsinə şərait yaratmışdı. Ermənistan rəhbərləri nizami ordu yaratmaqla yaşayış məskənlərimizin bir-bir işğalına nail olduqları vaxt Azərbaycanın rəhbərliyi ümidini Rusiya qoşunlarına bağlayırdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1991-ci il sentyabrın 5-dən Xocalı soyqırımı baş verənədək dörd müdafiə naziri (V. Bərşadlı, T. Mehdiyev, Ş. Musayev, T. Əliyev) dəyişmişdi. Ermənistanla sərhəddə müdafiə xətti qurulmamışdı. 1991-ci ilin noyabrında SSRİ Daxili İşlər Nazirliyinin qoşunları Dağlıq Qarabağdan çıxarıldıqdan sonra azərbaycanlı kəndlərinin quru yolla gediş-gəlişi kəsilmişdi. Ümid yalnız vertolyotlara qalmışdı. Dekabrın 23-də Meşəli, 25-də Həsənabad, 26-da Nəbilər, 28-də Kərkicahan, 1992-ci il yanvarın 21-də Qaybalı, fevralın 12-də Malıbəyli, Yuxarı Quşçular və Aşağı Quşçular, 15-də Qaradağlı kəndlərini erməni silahlı qüvvələri işğal etmiş, yüzlərlə soydaşımızı qətlə yetirmişdilər. Növbəti hədəf Xocalı idi.
Ermənilərə məlum idi ki, Azərbaycanda hakimiyyət davası gedir. Yaradılmış könüllü batalyonların əksəriyyəti Müdafiə Nazirliyinə deyil, Xalq Cəbhəsinin nümayəndələrinə tabe olurdular. Ermənilərə o da məlum idi ki, Xocalının xilası üçün Ağdamda cəmləşən qüvvələr yetərincədir. Lakin vahid komandanlığın olmaması, orduda hərc-mərcliyin baş alıb getməsi ermənilərə şans vermişdi ki, üç il yarım öncədən həyata keçirmək istədikləri aksiyanı reallaşdırsınlar. Xocalı faciəsi ərəfəsində təkcə Ağdam ərazisində müdafiə və daxili işlər nazirliklərinin tabeliyində 10 silahlı birləşmə və könüllülər dəstəsi, onların da sərəncamında T-72 tankları, toplar və digər hərbi texnika, kifayət qədər canlı qüvvə var idi. Lakin həmin vaxt Ağdamda mitinqlər keçirildiyindən, vahid komandanlıq məsələsi həll edilmədiyindən xocalılıların xilası üçün hazırlanan əməliyyatlar axıradək baş tutmamışdı. “Qrad” qurğularının Ağcabədiyə aparıb gizlədilməsi də ermənilərin maneəsiz şəkildə Xocalıda soyqırımı həyata keçirmələrinə şərait yaratdı.
Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Elman Məmmədovun, rayon prokuroru Atakişi Atakişiyevin müxtəlif dövlət orqanlarına göndərdikləri teleqramlar və müraciətlər cavabsız qalır, verilən vədlər sözdən o yana keçmirdi. Bakının Xocalının taleyinə biganəliyi, cinayətkarcasına məsuliyyətsizliyi şəhərin süqutunu labüdləşdirirdi.
O müdhiş gecə və sonrası
Tarixdən bəllidir ki, ermənilərin özündən zəif olana, müdafiəsizə, qocaya, qadına, uşağa heç vaxt rəhmi gəlməyib. Erməni özündən güclünün qabağında isə həmişə yaltaqlanıb, ona təzim edib. O müdhiş fevral gecəsində Xankəndidə qalan keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayının canlı qüvvəsindən və texnikasından istifadə edən ermənilər özlərini çox güclü hiss edirdilər. Xocalı aeroportunun mühafizə dəstəsi və könüllü özünümüdafiə qüvvələri ermənilərin canlı qüvvəsi və hərbi texnikası qarşısında duruş gətirə bilməzdi. 1991-ci ilin oktyabr ayında ermənilər Xocalı ilə Ağdam arasındakı yolu kəsmişdilər, şəhərə yalnız vertolyotla getmək mümkün idi. Xocalıya sonuncu vertolyot reysi 1992-ci il fevralın 13-də təşkil edildi və həmin gün oradan ən azı 300 sakin çətinliklə çıxarıldı, şəhərdə isə təqribən 3.000 sakin qalırdı. Xocalını hava limanının komendantı Əlif Hacıyevin tabeçiliyində olan milislər və yüngül silahlanmış könüllü döyüşçülər müdafiə edirdi. Xocalılıar səksəkə içində hər an ermənilərin hücumunu gözləyirdilər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə şəhərin üzərinə hücum edən erməni-rus birləşməsi XX əsrin ən qəddar cinayətini törətdilər. Heç kəsə aman verilmədi. Yaşından, cinsindən, sağlamlığından asılı olmayaraq, rastlarına çıxanı güllələdilər. Qəfildən güllə yağışına düşərək pərən-pərən olan xocalıllıarı təqib edərək çöllərdə yaxalayıb qətlə yetirdilər. Bu, azmış kimi, erməni vandalları sonrakı günlər ölülərdən də qisas aldılar. Onların başlarının dərisini soydular, kəllələrini çapdılar, bədənlərinin müxtəlif əzalarını kəsdilər. Bütün bunlar dünyaya televiziya vasitəsilə nümayiş etdirildi. Lakin vicdanı yatmış dünya oyanmadı, silkələnmədi, erməninin vəhşiliyi onların üzünə deyilmədi.
Xankəndidən 9 kilometr şimalda yerləşən Xocalını işğal etmək əməliyyatı "Komandos" ləqəbli Arkadi Ter-Tatevosyana həvalə edilmişdi. O müdhiş gecədə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-dən qalma 366-cı motoatıcı alayın hərbi texnikası və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edildi, dinc sakinlərə amansızcasına divan tutuldu. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirildi. 8 ailənin həyatına son qoyuldu, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edildi, 487 dinc Xocalı sakini ağır yaralandı və 1275 nəfər girov götürüldü. Girov götürülənlərdən 150 nəfərdən çoxunun taleyi indiyədək məlum deyil.
Budur, özünü dünyaya “yazıq”, “məzlum”, “soyqırımına məruz qoyulan xalq” kimi təqdim edən ermənilərin iç üzü.
Xocalı cinayətinin ortağı olan 366-cı alayın sonrakı aqibəti haqqında ABŞ tədqiqatçısı Tomas de Vaal “Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” adlı əsərində yazır: “Xocalının işğalında 366-cı alayın oynadığı şərəfsiz roldan sonra Moskva alayın Qarabağdan çıxarılması barədə əmr verdi. 1992-ci il martın əvvəllərində alayı müşayiət etmək üçün Stepanakertə (Xankəndiyə - N.M.) dəstə göndərildi, lakin yerli ermənilər texnikanın çıxarılmasına mane olmaq üçün yolları blokadaya almışdılar. Axırda, alayın şəxsi heyətini vertolyotlarla daşıdılar, lakin, demək olar ki, bütün hərbi texnika qaldı. Mayor Ohanyan qarnizonda qaldı, onun bir çox erməni və slavyan zabit yoldaşları ondan nümunə götürdülər. Burada onlar tank alverindən tutmuş erməni döyüşçülərinin hərbi hazırlığma qədər hər bir işlə məşğul oldular. Onların arasında Yuri Nikolayeviç (Yevgeni Nabokiin – N.M.) də var idi. Gürcüstana gətirilən 366-cı alay martm 10-da buraxıldı”.
Tomas de Vaal həmin əsərində Xocalı soyqırımının təşkilatçılarından biri, əli Azərbaycan xalqının qanına bulaşmış Serj Sarkisyanın Ermənistan prezidenti olduğu dövrdə ondan aldığı müsahibədə söylədiyi fikirləri bir daha ermənilərin əsl simasını ortaya qoyur. Sarkisyan deyib: “Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə oyun oynaya bilərlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bunu (stereotipi) qıra bildik. Bax, bu da baş verdi”.
Sonrakı dövrdə aparılan təhqiqat nəticəsində müəyyən edilmişdir ki, Xocalı üzərinə hücumda terrorçu təşkilatlar kimi tanınan ASALA və “Fidain” (fədailər) dəstələrinin yaraqlıları, habelə muzdlular da iştirak etmişlər.
18 sentyabr 2013-cü ildə Quba Soyqırımı Memorial Kompleksinin açılışında Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlər və onların havadarları haqqında demişdir: “1992-ci ildə Xocalı soyqırımı törədildi. Xocalı soyqırımını törədənlər bu gün Ermənistan rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni, biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri – bütün bunlar həqiqətdir və reallıqdır. Ancaq nədənsə bəziləri bunu görmək istəmir, bəziləri bu günə qədər də erməniləri qurban kimi təqdim etmək istəyirlər.”
Ermənistanın bugünkü rəhbərliyi isə Xocalı soyqırımının törədilməsində ermənilərin təqsirkar olmadığını, cinayətin baiskarının yalnız ruslar olduğunu iddia edir. Ermənistanın baş naziri Nikol Paşinyan öz feysbook səhifəsində 20 fevral 2020-ci ildə paylaşdığı postunda yazır: “Xocalıda azərbaycanlılara qarşı həyata keçirilən qırğınların ermənilər və azərbaycanlılarla heç bir əlaqəsi yoxdur. Bu, Rusiyanın 336-cı polku tərəfindən törədilmişdir. Bu faciə ilə bağlı bizim heç bir təqsirimiz yoxdur”. Yenə də erməni riyakarlığı, erməni saxtakarlığı. Qatil erməniləri təmizə çıxarmaq cəhdi və təqsiri bütünlüklə cinayət ortağının üstünə yıxmaqla, Azərbaycanla Rusiya arasında nifaq salmaq cəhdi. Əsl erməni xisləti budur.
Xocalının xilası üçün gedən döyüşlərdə onun müdafiəçiləri son nəfəslərinədək vuruşmuş, onlardan az bir qismi salamat qalmışdır. Xocalı uğrunda döyüşən milislədən, özünümüdafiə dəstələrinin döyüşçülərindən və məsul işçilərdən 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, 16 nəfər “Azərbaycan bayrağı”, 58 nəfər “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
Cəzasız qalan cinayət
Xocalı soyqırımından 29 il ötsə də, indiyədək nə həmin vəhşiliyi törədənlər, nə də faciənin qarşısını almağa məsul olanlar öz layiqli cəzalarını almayıblar. Görünür, neçə ki, bir xalq olaraq başımıza gətirilən faciələrin miqyasını dərk edib onları dünyaya çatdıra bilməyəcəyik və həmin faciələrin baş verməsinə imkan verən şəxsləri cəzalandırmağı bacarmayacağıq, onda faciələrimiz yenə də təkrarlanacaq.
Xocalıda soyqırımı hadisəsinin təfsilatını araşdırmaq üçün 1992-ci ilin martında deputat istintaq komissiyası və Respublika Prokurorluğunda istintaq qrupu yaradılmışdı. İnsafən, həm deputat-istintaq qrupu, həm də prokurorluğun istintaq qrupu bu faciənin baş verməsinin səbəblərini, onun miqyasını və təqsirkarları müəyyən etmək üçün kifayət qədər iş görsələr də, cinayətkarlar indiyədək cəzasız qalmışlar. 1993-cü il fevralın 17-də Milli Məclisdə deputat-istintaq komissiyasının rəyi müzakirə edilmiş, faciənin baş verməsində bu və ya digər dərəcədə məsuliyyət daşıyan 8 nəfərin adı müəyyən edilmişdir: prezident Ayaz Mütəllibov, baş nazir Həsən Həsənov, daxili işlər naziri Tofiq Kərimov, müdafiə nazirləri Şahin Musayev, Tacəddin Mehdiyev, Xalq Cəbhəsinin nümayəndəsi Fəhmin Hacıyev, milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov və prezidentin Qarabağ zonası üzrə müvəkkili Musa Məmmədov.
Xocalı soyqırımının törədilməsində iştirak etmiş 366-cı alayın 2-ci batalyonunun komandiri mayor Seyran Ohanyanın (2016-cı ilin oktyabrına qədər Ermənistan Respublikasının müdafiə naziri olmuşdur), 366-cı alayın 3-cü batalyonunun komandiri Yevgeni Nabokinin, 1-ci batalyonun qərargah rəisi Valeri Çitçyanın və qeyrilərinin cinayət əməllərini sübuta yetirən materiallar toplanmış və Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilən şəxslər kimi məsuliyyətə cəlb olunmaları təsbit edilmişdir.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanmışdır, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. 1994-cü ilin fevralında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri təhlil edərək, ermənilərin törətdikləri cinayət əməllərinin azərbaycanlılara qarşı soyqırımı olduğunu beynəlxalq hüquq məsuliyyəti baxımından təsbit etmiş və 26 fevral tarixinin “Xocalı soyqırımı günü” kimi qeyd olunması haqqında qərar vermişdir. 1996-cı ilin fevralında xocalılarla görüş zamanı ümummilli lider Heydər Əliyev göstəriş vermişdi ki, 1992-ci ildən bəri davam edən istintaq yekunlaşdırılsın, cinayətkarlar layiqli cəzalarını alsınlar. İndiyədək yalnız Fəhmin Hacıyev 15 il həbs cəzası alıb, ölkədə qalan digər cinayətkarların işləri amnistiyaya görə xətm edilib. Deməli, istintaq həmin cinayətə obyektiv qiymətini verməyib.
Bu məqamda ümummilli lider Heydər Əliyevin söylədiklərini xatırlamağa ehtiyac var: "Erməni silahlı qüvvələrinin bəziləri məlumdur. Əgər onlar bu gün də cəzalarını almayıblarsa, gələcəkdə öz cəzalarını alacaqlar. Beynəlxalq məhkəmə onların da cəzasını verəcəkdir. Belə olan halda, demək, bizim içimizdən cinayət edənlər, xəyanət edənlər də araşdırılmalıdır və meydana çıxarılmalıdır. Xocalı hadisəsindən, faciəsindən də istifadə edib hakimiyyətə gəldilər, faciənin üstünü örtüb basdırmaq istədilər. İndi bu gün yenə də tarix bunu açır, açacaqdır tarix! Tarix açacaqdır, geci-tezi var".
Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Prezident İlham Əliyev, dövlət və hökumət nümayəndələri, ictimaiyyət təmsilçiləri hər il fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edirlər.
Xocalı soyqırımının baş verməsindən illər ötdükcə onun ağrı-acısı heç də unudulmur. Bu faciə qan yaddaşımıza əbədi həkk olunub.
“Xocalıya ədalət!”
Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyasına görə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun gəlir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilib.
Bu faciənin daha geniş miqyasda tanıdılması hər bir azərbaycanlının borcudur. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası artıq öz bəhrələrini verməkdədir. Kampaniya çərçivəsində dünyanın bir çox ölkəsində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin keçirilməsi əsl həqiqətlərin, Ermənistan tərəfindən ölkəmizə qarşı yürüdülən təcavüzkar siyasətin mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynamaqdadır. Hazırda dünyanın 13 ölkəsi parlament səviyyəsində, ABŞ-ın 20-dən artıq ştatı qanunverici orqan səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanımışdır. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. Eyni zamanda, dünyanın bir çox şəhərlərində dünya xalqlarının soydaşlarımıza qarşı törədilmiş soyqırımı aktı haqqında məlumatlandırılması məqsədilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidələr ucaldılmaqdadır.
Litvalı rejissor Andreas Brokasın Xocalı qırğınından söz açan “Sonsuz dəhliz” sənədli filmi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanmışdır.
“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin Birləşmiş Krallıqdan olan araşdırmaçı-jurnalist İan Piertin ssenarisi əsasında ərsəyə gətirdiyi “Xocalı – bir millətin kədəri” sənədli filmi son illərdə ərsəyə gətirilən ən sanballı filmlərdəndir.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqların azad edilməsi uğrunda Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər keçirdiyi hərbi əməliyyatlar nəticəsində təqribən 15 min kvadratkilometrdən artıq ərazimiz, o cümlədən də Xocalı rayonunun 11 kəndi işğaldan azad edilmişdir.


Nazim MUSTAFA,
Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru

26 Fevral 2021 00:39 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə