Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq”

Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırım və etnik tənzimləmə siyasətinin qanlı səhifəsidir. Bu soyqırımı törətməklə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil səfərbər etmişdir. Məqsədimiz Xocalı faciəsinə beynəlxaq huquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri və keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən motoatıcı alayının hərbçiləri tərəfindən qədim Xocalı şəhəri yerlə-yeksan edildi. Bu müdhiş soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı. Qırğın zamanı 487 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirildi. Həmçinin 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirdi. 

Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.

Tarixi faktlar göstərir ki, əzəli Azərbaycan torpaqlarında – indiki Ermənistanda, Dağlıq Qarabağ bölgəsində və onun ətrafındakı yeddi rayonda yaşayan azərbaycanlılar erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, doğma yurdlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə – 1905- 1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalıblar.

SSRİ-nin süqutundan dərhal sonra isə yenicə yaranmış Ermənistan Respublikasının ilk addımları dövlət səviyyəsində zor tətbiqi və Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə etməkdən ibarət oldu. Bütün bunların nəticəsində Azərbaycan Respublikası ərazilərinin təqribən beşdəbiri işğal edildi, zəbt olunmuş torpaqlarda və Ermənistanın öz ərazisində bir milyondan artıq köklü azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Bu təcavüz zamanı mülki azərbaycanlı əhaliyə qarşı insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı aktları törədildi.

Müharibənin gedişinin ən faciəvi səhifəsi Xocalı şəhərinin işğalı oldu. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bu şəhərdə müharibədən əvvəl 7 min insan yaşayırdı. 1991-ci ilin oktyabrından şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər. Ozamankı Azərbaycan hakimiyyəti erməni təcavüzkarlarının törətdikləri bu dəhşətli vəhşiliyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir əsaslı iş görmədi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildi. Dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün inadlı və ardıcıl fəaliyyət göstərdi. Eyni zamanda, 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdi.

Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi ötən illər ərzində erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilən cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparılıb. Dövlətimizin başçısı Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib.

Azərbaycan Prezidenti çıxışlarının birində bu barədə deyib: “Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi. Bu mənfur siyasət xalqımıza saysızhesabsız müsibətlər və əzab-əziyyətlər gətirmişdir.

Xocalı faciəsindən danışarkən ozamankı rəsmi Azərbaycan rəhbərliyinin və ölkədə vəziyyətə ciddi təsir edən siyasi qüvvələrin acizliyini, səriştəsizliyini, xalqın taleyinə biganəliyini xüsusi qeyd etmək lazımdır. Dövlət rəhbərliyi xalqın qəzəbindən qorxaraq hadisənin miqyasını kiçiltməyə cəhd etmiş, bu qanlı cinayət barədə beynəlxalq ictimaiyyətə operativ və ətraflı məlumat vermək üçün heç bir iş görməmişdi.

Ozamankı müxalifət isə faciədən xalqın narazılıq dalğası üzərində hakimiyyətə gəlmək üçün istifadə etdi. O zaman Azərbaycanda hökm sürən hərc-mərclik, hakimiyyətin nüfuzsuzluğu, lidersizlik bu qanlı fəlakətin baş verməsinə şərait yaratdı...”.

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən dövlətimizin başçısı İlham Əliyev “Rossiya-24” telekanalının müxbirinə müsahibəsində Xocalı faciəsinin dəhşətləri barədə danışarkən, təkcə Azərbaycana deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu cinayətin xalqımızın sağalmaz dərdinə çevrildiyini vurğulayıb. Bildirib ki, bu dəhşətli hadisədə yalnız Azərbaycan millətinə mənsub olduqlarına görə günahsız insanlar – qocalar, qadınlar və uşaqlar həlak olub, zərər çəkiblər: “Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq, həmişə xatırlayacaq. Bu, bizim yaddaşımızda həmişəlik qalacaq.Əsas odur ki, belə faciələr daha heç vaxt təkrar olunmasın. Daha heç vaxt heç bir xalqa qarşı belə dəhşətli soyqırımı hadisəsi, milli əlamətə görə qırğın törədilməsin. Azərbaycan dövləti, xalqı həlak olanların xatirəsini əziz tutur, yad edir və onların xatirəsi bizim üçün müqəddəsdir. Həmin faciəli gecədə xilas olanlar həmişə bizim üçün fiziki zədələr, mənəvi yaralar alan, həmin qətliamı yaşayan insanlar kimi qalacaqlar. Biz bu adamların aqibətini yüngülləşdirmək üçün əlimizdən gələni edirik, dövlət onlara kömək edir və edəcək. Bir daha demək istəyirəm, biz hamımız çalışmalıyıq ki, belə faciələr bəşəriyyət tarixində bir daha olmasın”.

Ötən il iyulun 6-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan televiziyalarına müsahibəsində BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyən dövlətlərdən və bu təşəbbüsə qarşı çıxan Ermənistanın mövqeyindən danışarkən qeyd edib ki, Ermənistan müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən, başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz.

Xocalı qətliamını XX əsrin ən böyük cinayəti adlandıran Prezident İlham Əliyev bildirib ki, azərbaycanlılara qarşı erməni şovinist dairələri tərəfindən XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır: “Mən əminəm ki, gün gələcək  Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər”.

Hər il bu müdhiş faciənin ildönümünün respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunması da bunun bariz ifadəsidir. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri də danılmazdır.

İndiyədək Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində çoxsaylı Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri keçirilib. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış, Qarabağın və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılıb. Aksiyalar çərçivəsində ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilib, rəsm sərgiləri təşkil olunub. Qardaş Türkiyədə, ABŞ-da, Almaniyada, Avstriyada, Belçikada, Gürcüstanda, Hollandiyada və digər ölkələrdə keçirilən mitinqlər, anım tədbirləri, konfranslar, sərgilər, müsabiqələr ictimaiyyət arasında böyük əks-səda doğurub.

Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur.

Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılır, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olur, bilirlər ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, hətta uşaqları belə qətlə yetirməkdən çəkinmirlər.

Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əksini tapıb. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan parlamentləri, eləcə də ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalı soyqırımını tanıyan və pisləyən sənədlər qəbul edilib. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilən və 1951-ci ildən qüvvəyə minən Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunub.

Xalqımız qəti əmindir ki, hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilən, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirən, hərbi qüdrəti ilə seçilən Azərbaycan düşmən tapdağı altında olan torpaqlarını azad etdiyi, şəhidlərimizin qisasını aldığı kimi, Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən erməni cinayətkarları da məhkəmə qarşısında cavab verəcəklər.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti” 

26 Fevral 2021 00:09 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə