Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə-Azərbaycan strateji əməkdaşlığı yeni müstəvidə

Vətən müharibəsində parlaq qələbəmizdən sonra ölkəmiz yeni dövrə qədəm qoyub. İşğaldan azad edilən torpaqların bərpası və inkişafı ilə bağlı strategiyanın icrası istiqamətində artıq tədbirlərin həyata keçirilməsinə başlanıb. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi əsas hədəf Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir.

Bərpa-quruculuq layihələrinin gerçəkləşdirilməsi istiqamətində ilkin kontraktlar imzalanıb. Şübhəsiz ki, bu müqavilələri reallaşdıracaq Azərbaycanın ilkin tərəfdaşları sırasında türk şirkətləri ilk yerlərdə dayanır. Buna qədər də türk şirkətləri respublikamızın iqtisadi inkişafında önəmli rol oynayıb. Türkiyənin özəl qurumları tərəfindən Azərbaycanla indiyədək 400-dən çox layihə həyata keçirilib. Bu şirkətlərin bir hissəsinin hazırda Qarabağın bərpası və yenidən qurulması prosesində azərbaycanlı iş adamları ilə sıx əməkdaşlıq şəraitində çalışmaları da onların qardaş dəstəyinin bariz ifadəsidir.

Fevralın 18-də Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın rəhbərliyi ilə Türkiyə-Azərbaycan biznes forumunda bu barədə ətraflı danışılıb. Bildirilib ki, bu gün qardaş ölkənin özəl qurumları tərəfindən artıq infrastruktur layihələrinin icrası uğurla həyata keçirilir, Zəfər yolu adlanan Füzuli-Şuşa yolunun, həmçinin Toğana-Kəlbəcər magistralının tikintisi sürətlə aparılır. Bundan əlavə, Füzulidə tikiləcək hava limanının layihəsində də türk şirkətlərinin iştirakı nəzərdə tutulur. Ümumiyyətlə, bərpa işlərinin layihələrində türk şirkətlərinin fəal iştirakı üçün əlverişli şəraitin yaradılması daim diqqətdə saxlanılır.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov AZƏRTAC-a bildirib ki, hazırda Azərbaycan tərəfindən artıq 3+3 formatında yeni regional əməkdaşlıq platformasının irəli sürülməsi və bu platformanın mühüm tərkib hissəsinin də Naxçıvandan keçməklə Azərbaycan və Türkiyəni birləşdirəcək yeni dəhliz olacağı diqqət çəkir.

Naxçıvan ilə digər bölgələrimiz arasında planlaşdırılan dəhlizin açılması Türkiyənin fəal iştirakı ilə Azərbaycanı Mərkəzi Asiya regionunda önəmli logistik mərkəz kimi tanıdacaq. Bu baxımdan nəqliyyat və tranzit sektoru Azərbaycan və Türkiyənin ikitərəfli əməkdaşlığında mühüm sahələrdəndir. Bu gün Türkiyə tərəfi ilə həmin sahələrlə bağlı ciddi layihələrin reallaşdırılması ilə bağlı müzakirələr aparılır. Son illər Azərbaycan ərazisindən Türkiyə və Orta Asiyaya, eləcə də əks istiqamətdə hərəkət edən TIR-ların sayında əhəmiyyətli artım müşahidə edilir. Təkcə ötən il ərzində dinamikanın 2019-cu illə müqayisədə 74,4 faiz olması bunun parlaq nümunəsidir.

Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıqda Preferensial Ticarət Sazişi də mühüm yer tutur. Belə ki, bununla bağlı 2019-cu ildə imzalanmış sazişi artıq Türkiyə parlamenti ratifikasiya edib. Martın 1-dən sənədin qüvvəyə minməsi ticarət əlaqələrimizin inkişafına töhfə verəcək. Bundan başqa, Türkiyənin Naxçıvanda ticarət attaşesi təyin etməsi, həmçinin Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Azərbaycanın İstanbulda ticarət nümayəndəliyinin təsis edilməsi işlərin daha səmərəli və çevik həyata keçirilməsini reallaşdıracaq.

E.Bağırov açıqlamasında daha sonra deyib: “Sevindirici haldır ki, Azərbaycanda türkiyəli iş adamları geniş təmsil olunur. Türkiyə və Azərbaycan müəssisələri qarşılıqlı olaraq sərmayə qoyuluşunda fəal iştirak edir. Azərbaycan-Türkiyə Birgə İnvestisiya Fondunun təsis edilməsi kimi təşəbbüslər, ölkələrarası iri müəssisələrin və iri layihələrin, xüsusilə birgə texnologiyaların mübadiləsinə istiqamətlənən layihələrin gerçəkləşməsi qarşıda duran vəzifələrin daha sürətlə icrasını şərtləndirir.

Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycanlı iş adamları bu baxımdan Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan iş adamları arasında liderdir”.

Göründüyü kimi, bu gün Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafı bütün sahələrdə özünü qabarıq büruzə verir. Ölkələrimiz arasında ticarət dövriyyəsi, sərmayə qoyuluşu xalqlarımızın bir-biri ilə daha da yaxınlaşmasına geniş imkanlar yaradır. 2002-2019-cu illər arasında Türkiyədən Azərbaycana investisiya qoyuluşlarının 11 milyard ABŞ dolları, Azərbaycandan Türkiyəyə sərmayə yatırımlarının isə 19,5 milyard ABŞ dolları təşkil etməsi məhz bu səmərəli əməkdaşlığın məntiqi nəticəsidir.

25 Fevral 2021 16:17 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə