Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Baş Konsulluğu Xocalı soyqırımına dair ingilis dilində qısa film hazırlayıb

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Xocalı soyqırımına həsr olunmuş qısa film hazırlanıb.

Baş Konsulluqdan "Xalq qəzeti"nə verilən məlumata görə, ingilis dilində hazırlanmış filmdə 26 fevral 1992-ci il tarixində Ermənistan qoşunlarının Azərbaycanın Xocalı şəhərinə hücum edərək, uşaq, qadın və qocalar da daxil olmaqla 613 dinc sakini qətlə yetirdiyi vurğulanır. Videoda Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Xocalı qətliamını etiraf edən müsahibəsindən sitat gətirilir. Həmin qətliamı törədənlərdən biri, Kaliforniyadan olan erməni terrorçu Monte Melkonyanın qardaşının yazdığı kitaba da istinad edilərək, erməni cəlladlarının qəddar əməlləri təqdim olunur.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal edərək, etnik təmizləmə apardığı və 800 min azərbaycanlını öz doğma yurdlarından didərgin saldığı qeyd olunur. BMT Təhlükəsizlik Şurasının (TŞ) 1993-cü ildə sözügedən işğalı pislədiyi qeyd olunaraq, həmin dövrdə TŞ-də sədrlik edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, sonradan ABŞ dövlət katibi olmuş Madlen Olbraytın TŞ-nin iclasında verdiyi bəyanatın video-yazısından çıxarış təqdim olunur. Qeyd edək ki, sözügedən video-yazı BMT arxivlərindən Baş Konsulluq tərəfindən üzə çıxarılaraq, hələ ötən ilin sentyabrında ayrıca yayılmışdı. Video-yazıda M.Olbrayt bütün TŞ adından çıxış edərək, işğalçı qoşunların Azərbaycanın işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb etmişdi.

Sonra bu günədək 17 ölkənin və ABŞ-ın 20-dən çox ştatının Xocalı soyqırımını pislədiyi bildirilir.

2020-ci ildə Azərbaycanın işğal altında olan torpaqlarını azad etdiyi və öz ərazi bütövlüyünü bərpa etdiyi vurğulanır. Xocalıda olduğu kimi Vətən Müharibəsi dövründə də Ermənistanın dinc sakinləri hədəf aldığı və nəticədə uşaqlar da daxil olmaqla çoxlu sayda mülki azərbaycanlının qətlə yetirildiyi və yaralandığı diqqətə çatdırılır. Videoda həm Xocalı soyqırımını, həm də son müharibə cinayətlərini törədənlərin hələ də cəzasız qaldıqları qeyd olunur.

Film müvafiq ölkələrdəki Səfirliklərimiz tərəfindən alman, alban, ispan, çin, fars, türk, yunan və digər dillərə də tərcümə olunub. Film sosial şəbəkələrdə geniş şəkildə yayılmaqdadır.

25 Fevral 2021 10:03 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə