Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Böyük mütəfəkkir-şair Hüseyn Cavid” mövzusunda interaktiv dərs

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv “açıq dərs” keçirilib.

“Böyük mütəfəkkir-şair Hüseyn Cavid” mövzusunda keçirilən dərsdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov XX əsr Azərbaycan romantizminin görkəmli nümayəndəsi, dahi dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı barədə şagirdlərə məlumat verib. Bildirib ki, Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də qədim mədəniyyət və sivilizasiya məskəni olan Naxçıvan şəhərində anadan olub. Təhsilini mollaxanada alan görkəmli mütəfəkkirin sonrakı taleyi məşhur “Tərbiyə” məktəbi ilə bağlanıb. 1898-1904-cü illərdə İranda Talibiyyə mədrəsəsində dərs alan Cavidin həyatında 1905-ci ildən Türkiyə dövrü başlayıb. O, 1906-1910-cu illərdə İstanbulda təhsil alıb. 1910-cu ildə Naxçıvana qayıdan böyük ədibimiz müəllimliklə məşğul olub, buradakı “Rüşdiyyə” məktəbində, Bakıda “İttihad” məktəbində dərs deyib, "Ədəbiyyat" dərsliyinin müəlliflərindən biri kimi çıxış edib. 

R.Qasımov diqqətə çatdırıb ki, Cavid həm də siyasi fəaliyyətlə məşğul olub. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvanda yaranan Araz Türk Respublikasının nümayəndə heyətinin tərkibində müxtəlif tədbirlərdə fəal iştirak edib.

Vurğulanıb ki, çoxcəhətli və zəngin yaradıcılığa malik Hüseyn Cavid ilk qələm təcrübələrinə lirik şeirlə başlayıb, “Gülçin”, “Salik” imzaları ilə şeirlər yazıb. “Get”, “Könlümü”, “Hər yer səfalı, nəşəli”, “Xuraman-xuraman”, “Qız məktəbində” kimi şeirlər Hüseyn Cavidin ədəbi şəxsiyyəti və sənət idealını səciyyələndirmək üçün mühüm əhəmiyyət kəsb edir. “Mənim Tanrım” şeiri isə görkəmli ədibin sənət və yaradıcılıq kredosu kimi onun sənət idealı və ideyalarına aydınlıq gətirir.

Qeyd olunub ki, Hüseyn Cavidin böyük istedadla yazdığı dramatik əsərləri Azərbaycan ədəbiyyatının qızıl fondunu təşkil edir. O, “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “İblis”, “Uçurum”, “Afət”, “Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam” və başqa dram əsərlərinin, “Azər” poemasının müəllifidir. Hər bir əsərində humanist ideyalarla çıxış edən görkəmli dramaturq bütün bəşəriyyətin xilası və nicatını məhəbbətdə, sülh və barışda görüb. Bu baxımdan ədibin “Azər” poeması da sülhə, humanizmə, ədalətə inam və çağırışlar ifadə edən sanballı əsərdir.

Açıq dərsdə görkəmli şairin istintaq olunması və uzaq Sibirə sürgün edilməsindən danışılaraq ölkəmizdə Cavid irsinə, faciələrlə dolu ömür yaşayan Cavidlər ailəsinə göstərilən diqqət və qayğıdan danışılıb. Qeyd olunub ki, dahi sənətkara siyasi bəraəti ümummilli lider Heydər Əliyev qazandırıb. Cavidin həyatında, yaradıcılığında, daha doğrusu, onun xalqımıza qaytarılmasında, təbliğ və təşviqatında önəmli yeri ümummilli lider Heydər Əliyev tutur. Məhz bu böyük insanın qayğısı və diqqəti nəticəsində Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənə ilə keçirildi. Heydər Əliyevin böyük səyləri və cəsarəti sayəsində Hüseyn Cavidin cənazəsi 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn olundu. Məhz Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə 1996-cı ildə Hüseyn Cavid məqbərəsi tikildi, Bakıda Hüseyn Cavidin ev-muzeyi açıldı.

R.Qasımov bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Hüseyn Cavidin 130 və 135 illik yubileyləri ölkəmizdə dövlət səviyyəsində qeyd edilib. Alim Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə və onun təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Naxçıvanda da Hüseyn Cavidin ədəbi irsinin tədqiq və təbliği istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb: “Hüseyn Cavidin “Azər” poemasının Naxçıvan Muxtar Respubikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncamla “Oxunması zəruri olan kitablar siyahısı”na düşməsi böyük mütəfəkkirə olan dövlət qayğısının bariz nümunəsidir”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

27 Oktyabr 2018 15:52 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə