Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan Xocalı soyqırımının ağır yükünü çəkməyə davam edəcək

Malayziyanın nüfuzlu nəşrlərindən olan “Utusan Malaysia” qəzeti Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş geniş məqalə çap edib. Fevral ayının 24-də dərc edilmiş məqalə “Xocalı: Azərbaycan xalqının fəryadı” başlığı ilə təqdim olunub.

Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyindən verilən məlumatda bildirilir ki, məqalədə 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha sonra zorakılıq aksiyaları ilə müşayiət olunduğu, azərbaycanlıların öz dədə-baba torpaqlarından didərgin salındığı, bu məqsədlə hər cür təxribata əl atıldığı geniş şərh olunub. Hərbi təcavüzün ən şiddətli qəddarlıq mərhələsi kimi 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıya soxularaq qanlı əməliyyat keçirdiyi, çox sayda insanın qətlə yetirildiyi diqqətə çatdırılıb.
Məqalədə soyqırımından sonrakı günlərdə yerli və xarici mətbuat işçilərinin, o cümlədən, mərhum jurnalist Çingiz Mustafayevin qətliamın törədildiyi ərazilərə baş çəkdikləri, onların gördükləri mənzərədən dəhşətə gəldikləri qeyd olunub. Dünya ictimaiyyətinin Xocalıda törədilən cinayət barədə məlumatlı olduğu bildirilərək, bu prosesdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının önəmli rol oynadığı, görülən işlər nəticəsində bu günə qədər 120 min insanın və 115 təşkilatın maarifləndirmə işinə cəlb olunduğu vurğulanıb.
Məqalədə Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyevin fikirlərinə geniş yer verilib. Səfir deyib: “Ermənistan cəmiyyəti Xocalı soyqırımını törədənləri ədalətə təslim etmədiyi müddətdə, təkcə insanlıq əleyhinə olan bu cinayətin ağır yükünü çəkməyə davam etməyəcək, eyni zamanda özünü etibarlı qonşu statusundan məhrum edəcəkdir. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Regionumuzun əməkdaşlıq potensialında yeni və ümidverici səhifə açılıb. Hesab edirəm ki, Ermənistan cəmiyyəti fəal şəkildə yeni prosesə qoşulmaq, həmçinin sülh və əməkdaşlığa töhfə vermək üçün təcili olaraq öz keçmişindən Xocalı soyqırımında törədilmiş ləkəni təmizləməlidir”.
Qeyd edək ki, 1939-cu ildən nəşr olunan “Utusan Malaysia” Malayziyanın ilk malaydilli qəzeti olmaqla yanaşı, ən yüksək tirajla gündəlik dərc olunur.
“Xalq qəzeti”

25 Fevral 2021 04:11 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə