Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsveç oxucusuna Azərbaycan həqiqətlərini çatdıran toplu

Umeo universitetinin əməkdaşı, riyaziyyat üzrə elmlər doktoru Səadət Kəriminin İsveçdə nəşr olunmuş “Əks– səda: Qarabağ, Təbriz və İrəvan şahidlərin hekayətlərində” kitabı, sözün həqiqi mənasında dərdlərimizin tərcümanı sayıla bilər. Kitabın məğzini və mahiyyətini açıqlamazdan əvvəl demək istəyirəm ki, müəllifin bu əsərində özünün yazdığı tarixi-elmi araşdırma və esselərindən savayı, həm də tərcümə əsərləri toplanmışdır. Yəni müəllif kitabda məhsuldar əməyini iki formada ortaya qoymuşdur – müəlliflik və tərcüməçilik. Lakin mahiyyət baxımından kitabın içindəki mövzuları bir xətt birləşdirir: Azərbaycan haqqında nələri bilmirik? – sualına cavab axtaranlara bir antalogiyanı oxumaları ilə yardımçı ola bilsin.

Bu kitab yurdumuzun ruhani xəritəsi ilə bağlı tək tarixi yox, eyni zamanda, ictimai-siyasi, etnoqrafik baxımdan da müşküllərimizə ayna tutmuş olur. Kitabın adı və üz qabığında olan foto oxucunu – istər türk oxucusu olub bu olaydan xəbərdar olanları, istərsə də tarixi Xocalı soyqırımından xəbərsiz olan əcnəbi oxucunu, bir qayda olaraq kitabın içində onu sürpriz gözləmədiyini vəd edərək, mövzu üzrə psixoloji olaraq kökləyir.
Yuxarıda qeyd etdiyim kimi, bu gün işğal altında olan İrəvan xanlığı və bir hissəsi ermənilərdən geri alınmış Qarabağla bağlı informasiyaları, ilk növbədə, kitabın üz qabığından almaq mümkündür. Nədən müəllif kitabı işğalda olan yurd yerlərimizin adı ilə adlandırmışdır? Bu yerdə mənimlə razılaşmasanız belə, deməliyəm ki, bu suala ən çox Azərbaycandan kənarda yaşayan oxucular doğru-dürüst cavab verə bilərlər. Çünki Azərbaycanla bağlı informasiya savaşında ən çox dara düşdüyümüz hal, yurdumuzla bağlı tarixi faktlar əsasında elmi, publisistik, tarixi-bədii romanların əlimizdə lazımı qədər olmamasıdır. İngilis dilini çıxmaq şərti ilə digər dillərdə haqqında bəhs etdiyim tipdə informasiya mənbəyi, əsasən də kitab yetərincə deyil.
Əslində, ingilis dilində də lazımınca bu növ əsərlər yoxdur. “Türk tarix yaradıb, amma yazmayıb!” – deyimi burada yerini tapmış olur. Bir məsələni də etiraf etməliyəm ki, müəllifin yurdumuzla bağlı kitabı ortaya qoyması, onun hünər sahibi olmasından xəbər verir. Uzun müddətdir İsveçdə yaşayan, ictimaiyyətçi bir xanım bilməmiş deyil ki, türk yazarın bu mövzuda sanballı çap məhsulunu üzə çıxarması onun çapdan sonrakı karyerası üçün maneələr törədə bilər. Müəllifi yaxından tanıdığım üçün bilirəm ki, o əsl ziyalı kimi hərəkət edərək həqiqətin yanında olmağı hər şeydən üstün tutub.
Səadət xanımın bu fədakar əməyinin məhsulunu müəlliflik baxımından təhlil edərkən, mən istər-istəməz, onu orta əsr dəqiq elm sahəsinin alimləri ilə müqayisə etməyə bilmədim. İxtisasca riyaziyyatçı olan alimimizin tarixi, ictimai-siyasi olayları dərindən araşdırması, ədəbiyyatı, toponimləri öyrənməsi, etnoqrafiyanı, coğrafiyanı, türkoloji məsələləri bilib, kitabda ustalıqla bəhrələnməsi adamda heyrət yaradır.
Elmi təsnifatın 200-dən artıq növü var, qəribədir ki, elmi təsnifləşdirənlərin əksəriyyəti dəqiq elmin mütəxəssisləri olub və qədim dövr elmi təsnifatların yarandığı başlanğıcda riyaziyyatı musiqi ilə bir yerdə və ya ədəbiyyatı riyaziyyatla eyni sırada qoyanlar çox olmuşdur. Mənim qənaətimə görə, bu ən çox elmi təsnifatçıların öz bilik hazırlıqlarından xəbər verirdi. Qəribədir ki, mən bu kitabı oxuyarkən Səadət xanımı tək riyazi savada malik olan birtərəfli şəxs kimi görmədim, onun humanitar elmə dəqiq elmlər qədər diqqət ayırdığını da hiss etdim. Ümumiləşdirib fikrimi bildirirəm, müəllifin unversal savada malik olması onun tarixi hadisələrə baxışında zərgər dəqiqliyi ilə kəlmə seçimi oxucunu mövzudan qəti uzaqlaşdırmır.
Az qala, milli taleyüklü məsələmizə çevrilmiş “Sarı gəlin” xalq mahnımızı müəllif öz araşdırmalarından olan “Sarı gəlin” (Bruden i gult) essesi vasitəsi ilə erməni əlindən geri alıb orta əsr mədəniyyət tariximizə qaytarır. Mahnının yaranma kökünü Şah İsmayıl Xətai dövrünə aparan müəllif essedə tək mahnı ilə bağlı məlumat vermir, o eyni zamanda, ilk abzaslardan Bütöv Azərbaycan haqqında tarixi-coğrafi bilgini də oxucuya çatdırmaqla, bu mahnının niyə böyük bir ərazini gəzdiyini ustacasına şərh edir. Həm də mahnının geniş mətnini kitabda yerləşdirmişdir. Bəlkə də, bütün bunlar bizim bildiyimizdir, deyəcəksiniz. Amma nəzərə alın ki, “Sarı gəlin” haqqında xarici oxuculara külli miqdarda yalnış məlumat və faktlar vermiş ermənilərin informasiyasını darmadağın etməkdən ötrü müəllifin hər bir kəlməsinə diqqət edərək yazdığı bu əsəri biz beyni yanlış informasiyadan bezmiş İsveç ictimaiyyətinə tərəddüdsüz təqdim edə bilərik.
“Ermənilər və Qarabağ” məqaləsinin ilk cümləsini haqqında bəhs etdiyi mövzuda dünyanın obyektiv baxışı olmadığından təəssüflənən müəllif böyük ustalıq nümayiş etdirərək dünya tarix elmində ermənilərə olan dəqiq baxışları misal çəkərək öz fikirlərini şərh etmişdir. Müəllifdən fərqli olaraq, mən bu yerdə qeyd etmək istərdim ki, əslində dünyanın ədalət ölçüsü yoxdur. Bizim görmək istədiyimiz məhz budur. O ölçü həqiqəti dərk etməklə yaranır. Amma bizə qarşı həqiqətə uyğun hərəkət etməyən dünya ədalət hissini itirmişdir. Qəribədir ki, müəllif ermənilərin “qədim tarixinin varlığını” arxeoloji tapıntılarla, faktlarla yalan olduğunu ortaya qoyduqdan sonra, amerikan alimlərinin obyektiv rəyləri ilə razılaşmayan ermənilərin onları bu günkü Ermənistana buraxmadıqlarını vurğulayır.
“Vandalizmin açıq muzeyi” məqaləsi İrəvanın mənimsənilməsinin böyük bir plan üzrə baş tutduğunu dəqiq faktlar və hadisələrlə şərh edir. Qərbi Azərbaycanın coğrafi relyefini, tarixini, şəhərsalma mədəniyyətini yazmaqla, İrəvanın bizim üçün nə qədər önəmli bir yurd yeri olduğunu önə çəkmək müəllifin nəzərdə tutduğu əsas məsələdirsə, bundan əlavə yurdumuzun işğalına ermənilərin təkbaşına nail olmadığını, “rusun tarixində ağ ləkə” adlı məqalə boyu verdiyi bir xətlə əsəri zənginləşdirir. Rus tarixindəki ağ ləkələri sıralayaraq sayan qələm ustası iki Azərbaycanın yaranmasının İrəvanın işğalında həlledici rolunu gösrətir.
Əsər boyu verilmiş rəngli şəkillər bir qayda olaraq, vandalizmin faşist caynaqlarında can vermiş şəhəri, memarlıq dili ilə desək, ruhlar şəhərinə çevrildiyini sübut edir. Sərdar sarayı, İrəvan hamamı, qədim şərq memarlığının dəyərli nümunələri olan məscidlərin fotoları, məşhur rus rəssamı Frans Roubaudun “İrəvan qalasının fəthi” kimi sənət əsərində məscid günbəzlərinin təsviri ilə İrəvanın əsl simasını çatdırmağa çalışmışdır. Digər tərəfdən əsl, bizə məxsus İrəvanın yer üzündən silinməsinə xidmət edən bir amili də müəllif diqqətə çatdırır: deportasiyalar! Sovet hakimiyyəti dövründəki Ermənistan imperiya daxilində olan digər respublikalar kimi Kremldən idarə olunmayıb, birbaşa özü öz hakimi olduğundan toponimlərimizin erməniləşməsinə türklərin 1947–48-ci illərdə Qərbi Azərbaycandan deportasiyasına güclü şəkildə rəvac verib.
Məsələn, Salah türk adı 1991-ci ildən dəyişdirilib Akavnavan adı verilərək erməniləşdirilib. Qətran 1948-ci ildən Gedaliç, Aşağı Qaranlıq 1936-cı ildən Martuni, Doqquz 1945-ci ildən Kanaçut adlanır. Zəngi çayının adı dəyişdirilərək Razdan, Cəlaloğlu mahalı 1924-cü ildən Stepanavan, Göyçə gölü – Sevan olmuşdur.
Həmçinin burada Ağrı dağı kimi ağrılı mövzuya da yer verilmişdir. Bu dağın Türkiyə ərazisində yerləşməsinə baxmayaraq, ermənilər hər yerdə dağı öz əraziləri kimi təqdim etməyə çalışırlar. Yeri gəlmişkən, qeyd edim ki, bizim yaşadığımız İsveçdə Ararat firmasının yemək məhsulları geniş şəkildə satılır. Ararat isə Ağrı dağının erməniləşmiş variantıdır.
Eyni zamanda, “İsveç və bütün Avropada türkologiaynın atası Filip Yohan van Strahlenberg” məqaləsində İsveç və Avropanın ilk turkoloqu Filipin əsərlərində Azərbaycana yer ayrıldığı diqqət mərkəzinə gətirilir.
Səadət xanımın tərcüməçisi olduğu əsərləri iki yerə bölünür: İsveçdə yaşayan müəlliflər və öz ruhu ilə səsləşən əsərlər. Vahid Qazi və Şəlalə Əbildən etdiyi tərcümələr kitabın ümumi xəttinə xidmət edir. Bu sətirlərin müəllifinin “Ay ana, yel vurub sındırdı sünbülümüzü” və “Atillanın açıq pəncərəsi” kimi Güney Azərbaycanın ictimai-siyasi və güneylilərin mühacir həyatından bəhs edən, eyni zamanda, əslən Ağdamlı olan V.Qazinin “Üsyan nəğməsi”, “Mən göz şahidiyəm”, “Həyatda qalan ayaq izləri”, “Milli kimlik harayında” kimi əsərləri Qarabağın keçmişi və birinci Qarabağ savaşının acı nəticələri haqda isveçdilli oxucuya lazımı məlumatı verir.
Tərçüməçinin ruhuna doğma bildiyi poeziya nümunələri isə Nigar Rəfibəyli, Ramiz Rövşən, Aydın Əfəndi, Rəfiq Zəka Xəndan, Zivər Ağayeva, Adil Rəsuldan etdiyi seçmələrlə kitab səhifələrini zənginləşdirir.
“Əks – səda: Qarabağ, Təbriz və İrəvan şahidlərin hekayətlərində” kitabı əcnəbi dilli oxuculara Azərbaycanın taleyüklü problemlərindən vacib məlumat verdiyi üçün, düşünürəm ki, digər xarici dillərə də çevrilib təbliğ edilməlidir.
 

Eluca ATALI,

İsveçdə Azərbaycan

diasporunun fəalı

25 Fevral 2021 03:23 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə