Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Göygöl: həm ön, həm də arxa cəbhədə fədakarlıq

Rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Turani Əliyevlə Göygöl şəhərindəki Şəhidlər xiyabanına gəlmişik. Hiss edirəm ki, bu müqəddəs məkanın hər qarışından yaxşı xəbərdardır. Şəhid məzarlarının yanından keçərkən mərmər lövhəyə, şəkillərə baxmadan şəhidlərin adlarını deyir:

– Сeyhun Niftəliyevdi, İkinci Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan ilk şəhidimiz.Yaşca o biri şəhidlərimizin hamısından böyük idi, 48 yaşı vardı. Bu isə Elcan Bayramovdu, burada uyuyan ən gənc şəhidimiz. Dəfn ediləndə 20 yaşına bir ay qalırdı. O məsum baxışlı qaraqaş, qaragöz balamız kapitan Elnur Cəbrayılovdu, ötən ay torpağa tapşırmışıq...
Hər şəhidin adını çəkdikcə Turani Əliyevin səsi titrəyir, cöhrəsi bulud kimi dolur, dəyişir. Onu başa düşmək olar. Çünki həm burada, həm də digər kənd və qəsəbələrdə doğma torpağa tapşırılan şəhidlərin hamısının dəfnində iştirak edib, dəfələrlə evlərində olub, ailələrinin dərdinə şərik çıxıb, təsəlli verib, problemlərinin həllinə çalışıb...
Xiyabanda daha sonra eyni sırada Birinci Qarabağ müharibəsində həlak olan şəhidlərin məzarları sıralanıb. Təbii ki, yeni məzarlardan seçilir. Həm görkəminə, həm də digər cəhətlərinə görə. Turani müəllim deyir ki, gələcəkdə hamısını eyni cür bərpa edəcəyik. Çünki bura sakinlərin və qonaqların tez-tez qədəm qoyduğu bir məkandı, hamısı layiqli olmalıdır.
Tam başa çatmasa da, başçı xiyabanın girəcəyində quraşdırılan maraqlı kompozisiya ilə də məni tanış edir. Rayonun ilk şəhidlərinin xatirəsinə yaradılan kompleksdən danışır.
...Göygöl müharibə dəhşətlərini, ermənilərin xəyanətkar hücumlarını yaşamış və dəf etmiş rayonlardandır. Bu rayonun sakinləri də, ordu sıralarına yollanan hər bir əsgəri də fədakarlığı, qorxmazlığı ilə seçilib. Elə Vətən müharibəsi günlərində göstərilən şücaət, qəhrəmanlıq dediklərimizə sübutdur.
Rayon icra hakimiyyətindən bizə təqdim olunmuş yaralı əsgərlərin-qazilərin siyahısına baxıram. “Göygöl rayonu istiqamətində gedən döyüşlərdə yaralanıb” cümləsi diqqətimi cəlb edir. Özü də rayon üzrə 105 nəfər qazidən 27-nin adı qarşısında məhz bu sözlər yazılıb. Şuşa, Qubadlı, Füzuli, Ağdam və digər rayonların azad olunmasında da Göygöl gəncləri fədakarlıq göstərmişlər. Təkcə Şuşa uğrunda döyüşlərdə 18 nəfər rayon sakini yaralanmışdır.
Rayonda şəhid ailələri və qazilərlə aparılan iş təqdirəlayiqdir. Hiss olunur ki, icra strukturları, idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, ayrı-ayrı iş adamları, sıravi sakinlər tarixi qələbəmizdə əvəzsiz xidmətləri olan əsgərlərə münasibətdə biganə deyillər. Bu yaxınlarda rayon icra hakimiyyətinin facebook səhifəsində dərc olunmuş bir yazı hər kəsi duyğulandırıb. Vətən müharibəsinin şəhidi Elgün Sərvan oğlu Əmiraslanovun Göygöl rayon xəstəxanasında yeni övladı dünyaya gəlir. Xəstəxanadan evə buraxılan ananı və körpəni rayon gəncləri bilirsiniz necə təntənə ilə qarşılayırlar?! Adamın qəlbi riqqətə gəlir. Həmin övlad böyüyəcək və yəqin ki, bu anı ona xatırladacaqlar.Təsəvvür edirsinizmi, necə bir vətənpərvər oğul yetişəcək!
Şəhidlərin ruhuna hörmət-izzət hər addımda hiss olunur, ailələrinə diqqət və qayğı ilə bağlı kifayət qədər fakt var. Qazilərə, yaralı əsgərlərə daim diqqət yetirilir. Onların müalicəsi, məişət problemləri operativ həll olunur. Rayon icra hakimiyyəti işlə təminatla bağlı kompleks tədbirlər hazırlayıb və onun həyata keçirilməsi üzərində çalışır. Ən məsuliyyətli, şərəfli işlərə, məhz qazilər cəlb olunur. Məsələn, Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli fərmanına əsasən, rayon icra hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan mayor Sərdar Balayev təyin olunub. O, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır, 1993–2001-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində diviziya komandirinin müavini, diviziya komandiri olub. Kəlbəcər, Goranboy, Tərtər, Ağdam, Füzuli rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Murovdağ istiqamətində gedən döyüşlərdə yaralanıb, ikinci dərəcəli müharibə əlilidir.
Yaxud, RİH başçısının Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbəri vəzifəsinə Hüseyn Əmirov gətirilib. Bakı Dövlət Universitetinin bakalavr pilləsini, Bakı Avrasiya Universitetinin magistraturasını bitirən 25 yaşlı bu gənc də İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.
Rayon icra hakimiyyətində bildirdilər ki, bu, son təyinat deyil. Hazırda belə gənclər seçilir və onlar münasib işlərə cəlb olunacaqlar. Həm də məlumat üçün qeyd edək ki, Göygöl rayonu 2021-ci ilin “Gənclər paytaxtı” elan edilib. Məlum olduğu kimi, bu seçim regionlarda gənclərlə işin daha da canlandırılması və inkişafı məqsədilə həyata keçirilir. Bu mənada, rayonda gənclərlə, o cümlədən, müharibə iştirakçıları ilə aparılan iş son vaxtlar daha geniş vüsət alıb.
...Əhalisinin sayı 65 min nəfərə çatan rayon həm ön, həm də arxa cəbhədə fərqlənir. Kənd təsərrüfatı, iqtisadiyyatının müxtəlif sahələrində dinamik inkişaf var. Keçən il rayonda 14 min tona yaxın taxıl, 5 min tona yaxın kartof, 5600 tondan çox tərəvəz, 7 min tondan çox üzüm istehsal olunmuşdur.
Rayonun sənaye müəssisələrinin də işi qənaətbəxş olmuşdur. Bütövlükdə rayonda mövcud olan sənaye müəssisələrindən 23-ü fəaliyyət göstərmişdir. Qeyd edək ki, istehsal edilmiş sənaye məhsulunun dəyərinin 82,5 faizi emal bölməsinin payına düşüb.
2003-cü illə müqayisədə ötən il məhsul buraxılışı 4,8 dəfə, sənaye məhsulunun həcmi 3,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 2,1 dəfə, əsas kapitala yönəldilmiş vəsait 38,1 dəfə, o cümlədən, tikinti-quruculuq işləri 37,4 dəfə artmışdır.
Son illər abadlıq-quruculuq işlərinin geniş yayılması nəticəsində Göygölün siması tamamilə dəyişmişdir. Yola salınan 2020-ci il də istisna təşkil etməmişdir. Təxminən, 45 kilometr şəhərdaxili və məhəllədaxili yollara asfalt çəkilmiş, 46 kilometrdən çox kəndarası avtomobil yolu yenidən qurulmuşdur. Aşıqlı–Köşkü–Üçbulaq avtomobil yolu da asfaltlanmışdır. Eyni zamanda, Gəncə– Üçtəpə yolu əsaslı təmir olunaraq yeni asfalt örtük salınmışdır. Rayonun 8 yaşayış məntəqəsini birləşdirən, 25,3 min nəfər əhalinin yaşadığı 42,3 kilometrlik Gəncə–Kəlbəcər–Laçın avtomobil yolunun yenidən qurulması işləri həyata keçirilmiş, asfalt örtük salınmışdır. Şəhərin yeni salınmış massivində bir neçə küçə də asfaltlanmışdır.
Rayonun su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədilə 185,4 kilometr su, 161,1 kilometr kanalizasiya xətti çəkilmiş, 6 ədəd su anbarı, 3 ədəd kanalizasiya nasos anbarı inşa olunmuşdur. Çaylı kəndində 400 hektar əkin sahəsinin suvarılmasını yaxşılaşdırmaq üçün qapalı boru xətti istismara buraxılmışdır. Bir sıra digər kəndlərə də bu cür borular çəkilib.Təxminən, 1500 hektar ərazinin suvarılması üçün Şəmkir su anbarından da qapalı boru çəkiləcək. Rayonun müxtəlif kəndlərindəu nəzərdə tutulan 10 ədəd subartezian quyusundan 9-u qazılmış, Haçaqayadakı sonuncu quyuda qazma işləri davam etdirilir. Rayon suvarma sistemləri idarəsinin Göygöldə həyata keçirdiyi bu işlər əhali tərəfindən razılıqla qarşılanır. Uzun illərdir bu sahəyə rəhbərlik edən idarə rəisi İlqar Məhərrəmov işin təşkilində bir sistem yaratmağa nail olub.
Rayonda artıq 33 yaşayış məntəqəsi qazlaşdırılıb ki, bu da 73,3 faiz təşkil edir. Artıq ən ucqar kəndlərdən olan Toğanalıya da qaz çəkilir. Ölkə Prezidentinin 2 mart 2020-ci il tarixli sərəncamına uyğun olaraq görülən bu iş böyük razılıqla qarşılanıb.
...Göygöl rayonunda təbii ki, problemlər, həllini gözləyən məsələlər də var. Rayonda pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, həyat öz axarı ilə davam edir. Əhalinin koronavirusla bağlı peyvəndləmə işi yaxşı təşkil olunub və adamlar könüllü olaraq xəstəxanaya gəlir, peyvənd olunurlar. Məktəblərdə fevralda başlanan dərslərə, tədrisin təşkilinə, qaydalara əməl olunmasına rayon icra hakimiyyəti, təhsil şöbəsi tərəfindən lazımi nəzarət edilir. Kənd icra nümayəndələri ilə vaxtaşırı olaraq onlayn müşavirələr keçirilir, onlar bir daha təlimatlandırılır, konkret tapşırıqlar verilir. Əsas diqqət isə şəhid ailələrinə və müharibədən qayıdan qazilərə yönəlib.
–Tapşırmışıq, hər hansı kənddən bu məsələ ilə bağlı şikayət varsa, deməli o nümayəndə yerində deyil, – deyə Turani Əliyev bu işin vacibliyinə də toxundu.– Qarabağı qaytarmışıq. Kimin hesabına? Təbii ki, cənab Prezidentimizin, Ali Baş Komandanımızın qətiyyəti, ağıllı taktikası və bu qəhrəman oğullarımızın hesabına. Gərək bunu bir an belə unutmayaq. Ön cəbhədə necə fədakarlıq göstərilibsə, arxa cəbhədə də eyni fədakarlıq göstərilməlidir, özü də bütün sahələrdə.


Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

25 Fevral 2021 02:39 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə