Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Jewish Journal” nəşrində ermənipərəst senatorların bəyanatlarına cavab məqaləsi dərc edilib

Amerikada çıxan “Jewish Journal” nəşrində Xocalı qırğınının şahidi, sanki, möcüzə nəticəsində salamat qalmış Dürdanə Ağayevanın məqaləsi dərc edilib.

1992-ci ilin fevralında baş vermiş faciəli hadisələrdən bəhs edilən bu məqalə ermənipərəst qanunvericilərin absurd bəyanatlarına cavab kimi yazılıb. Müəllif bildirir ki, Kaliforniya ştatının bir qrup qanunvericisi, o cümlədən, senatorlar Entoni Portantino, Skott Uilk, Assambleyanın üzvləri Lora Fridman və Adrin Nazaryan tərəfindən ştatın qanunverici məclisinin üzvləri arasında yayılmış məktubu ürəkağrısı ilə oxuyub. Həmin qanunvericilər məktublarında iddia edirlər ki, guya 1992-ci il Xocalı qırğını barədə məlumatlar saxtalaşdırılıb. Onlar öz həmkarlarını Xocalı qurbanlarının xatirəsini və həmin qırğın zamanı salamat qalmış sakinləri ehtiramla yad etməyə yönəlmiş səylərə etinasızlıq göstərməyə çağırırlar.
Erməni silahlıları Xocalını işğal edib Dürdanə Ağayevanı əsir götürəndə onun cəmi 20 yaşı vardı. Müəllif yazır: “Mən ermənilərin əsir götürdükləri adamlar üçün düşərgədə saxlanan yüzlərlə dinc azərbaycanlıdan biri idim. Oradakı insanlara, o cümlədən, uşaqlara və qadınlara təsvirəgəlməz işgəncələr verilirdi. Aldığım xəsarətlərin aradan qaldırılması üçün son 30 il ərzində mənim onurğa sütunumda bir neçə dəfə əməliyyat aparılıb”.
Xocalı qırğınının canlı şahidi olmuş D.Ağayeva qeyd edir ki, Kaliforniyanın vəzifəli şəxslərinin bu hərbi cinayətləri inkar etməyə çağırışı çox kədər doğurur. Məqalədə qeyd olunur ki, fevralın 26-na keçən gecə 613 nəfər azərbaycanlı, o cümlədən, 106 qadın, 70 ahıl şəxs və 63 uşaq qətlə yetirilib.
Müəllif daha sonra yazır ki, bir neçə il bundan əvvəl İsrail Prezidenti Reuven Rivlin BMT Baş Assambleyasının tribunasından çıxış edərək deyib: “Bu gün biz özümüzə səmimi sual verməliyik: soyqırımına qarşı bizim mübarizəmiz, bu Assambleyanın mübarizəsi kifayət qədər səmərəlidirmi? O vaxt Bosniyada bu mübarizə kifayət qədər səmərəli idimi? Xocalıda azərbaycanlıların qətlə yetirilməsinin qarşısını almaq üçün bu mübarizə kifayət qədər səmərəli idimi?”
Xocalıda dinc sakinlərin kütləvi şəkildə qətlə yetirilməsinin Kaliforniya qanunvericiləri tərəfindən inkar edilməsi yolverilməzdir. Xocalı qırğını haqqında mötəbər informasiyanı, o cümlədən, erməni mənbələrindən tapmaq çətin deyil. Həmin qanunvericilər “Human Rights Watch” hüquq-müdafiə təşkilatının hesabatları ilə tanış olsalar görərlər ki, bu təşkilat Xocalı hadisələrini “Qarabağ münaqişəsinin gedişində ən böyük qırğın” adlandırıb və bu cinayətin törədilməsində erməni qüvvələrini ittiham edib. Xocalıda azərbaycanlıların qırılmasına rəhbərlik etmiş keçmiş Ermənistan prezidenti Serj Sarkisyanın sözlərini bir daha yada salmaq olar. O, erməni hərbçilərinin qəddarlığı ilə lovğalanaraq deyir ki, bu cinayətlər bütün Azərbaycanı vahiməyə salmalı idi.
Məqalənin sonunda müəllif yazır ki, senatorlar Entoni Portantino, Skott Uilk, Assambleyanın üzvləri Lora Fridman və Adrin Nazaryan Xocalı qırğınının bütün qurbanlarının xatirəsi qarşısında üzr istəməlidirlər.
 

AZƏRTAC-ın
Vaşinqton bürosu

25 Fevral 2021 00:31 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə