Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qışlaqlarda dezinfeksiya tədbirləri aparılır

Yazda yaylaqlara üz tutan heyvan sürüləri oktyabrın ilk günlərindən etibarən qışlaqlara qayıdır. Bütövlükdə Azərbaycan Respublikasında yaylaqdan qışlağa-Arana köç təxminən bir ay davam edir. Sürülər yol gələnə kimi heyvanların qışı keçirəcəyi tövlələr, yataqlar sahibkarlar tərəfindən mexaniki təmizlənir, baytar həkimlərin tövsiyə və iştirakı ilə həmin yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılır.

Belə tədbirlərdən biri də Kürdəmir rayonunun Yenikənd kəndi ərazisində yerləşən fermer Abıyev Fərhad Həsən oğluna məxsus təsərrüfatında aparılıb. Bu təsərrüfatda 600 baş xırdabuynuzlu heyvan saxlanılır. Profilaktik dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri 2000 kvadratmetr ərazidə “Almerdehyde” “Ektosan” və 5 faizli kaustik soda məhlulları ilə aparılıb. Dezinfeksiya məhlulları əraziyə DUK maşınları ilə güclü axın şəkilində səpilib. Bundan sonra heyvanlara ziyan verən və xəstəlik törədicilərinin yayılmasında mühüm rol oynayan həşəratlara qarşı kompleks mübarizə tədbiri olan dezinseksiya tədbiri aparılaraq obyekt təsərrüfat sahibinin istifadəsinə verilib.

Qeyd edək ki, cari ilin 10 ayı ərzində Dövlət Baytarlıq Xidmətinin Kürdəmir Rayon Baytarlıq İdarəsinin 13 sahə baytarlıq məntəqəsi Kənd Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq xüsusi təhlükəli infeksion xəstəliklərin qarşısını almaq üçün tədbirlər görüb və xroniki yoluxucu xəstəlikləri müəyyən etmək üçün diaqnostiki müayinələr aparıb. Belə ki, 63099 baş iribuynuzlu heyvanda, 133446 baş xırdabuynuzlu heyvanda, 1128 baş atda və 200 baş donuzda qarayara, 100 baş donuzda donuzların klassik taunu, 100007 baş iribuynuzlu heyvanda, 85962 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı profilaktiki tədbirlər aparılıb.

Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda ölkə ərazisində epizootik durum sabitdir və  lazımi təşkilatı-təsərrüfat tədbirləri  davam etdirilir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

27 Oktyabr 2018 15:47 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə