Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı

İndi bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələr müzakirə edilir. Burada əlbəttə ki, Horadiz-Zəngilan dəmir yolu, ondan sonra Zəngilan-Naxçıvan dəmir yolu, Naxçıvan-Türkiyə dəmir yolu layihələri prioritet təşkil edir və digər layihələr də, həmçinin. Çünki hesab edirəm ki, müharibədən sonra yaranmış vəziyyət bölgə ölkələri üçün yeni imkanlar açır. Azərbaycan bu sahədə əməkdaşlığa hazırdır və bu işə öz töhfəsini verməkdədir. Mənim tərəfimdən göstəriş verildi ki, Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsi başlasın. Artıq start verildi və digər layihələr də, həmçinin. Burada ən müasir texnologiyalar tətbiq edilməlidir ki, Azərbaycan bu sahədə də daim liderliyi öz əlində saxlaya bilsin.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəm qələbə qazanıldı. Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində 300-ə yaxın kənd, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçıdan təmizləndi, bununla bərabər Ermənistan silahlı qüvvələrinin texnikasına, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Müzəffər ordumuz daha sonra Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi əsl sahibinə qaytarmaqla, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.

Beləliklə, Vətən müharibəsində məğlubiyyətə uğrayan Ermənistan ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən üzərinə götürdüyü kapitulyasiyanın tələblərinin ödənilməsi barədə razılığa gəldi, şərtlərə uyğun olaraq, bir güllə belə atılmadan, heç bir itki verilmədən işğal edilən ərazimizin qalan hissəsi– əvvəlcə Ağdam şəhəri və rayonun işğal altında qalan kəndləri, növbəti mərhələdə isə ölkəmizin əzəli və əbədi torpaqları olan Kəlbəcər və Laçın rayonları rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Noyabrın 20-də xalqa müraciətində dövlət başçımız qeyd etdi ki, əgər silahlı qüvvələrimiz Ermənistan ordusunu döyüş meydanında məğlub etməsəydi, işğalçı öz xoşu ilə torpaqlarımızdan çıxmayacaqdı: “Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu qələbəni şərtləndirdi”.

Üçtərəfli bəyanatda öz əksini tapan ən əsas məsələlərdən biri isə Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolu və avtomobil yolunun təmin edilməsidir. Bu, olduqca vacib bir kommunikasiyadır və təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda, digər qonşu ölkələrin də iqtisadi maraqlarının reallaşdırılması baxımından əhəmiyyətlidir. Üçtərəfli bəyanatdan keçən müddət ərzində mürəkkəb və strateji məsələ–Azərbaycanın Naxçıvanla birbaşa kommunikasiyalarının bərpası artıq icra olunmaqdadır. Yeri gəlmişkən, yanvar ayının sonunda Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə ilk dəfə olaraq üçtərəfli formatda Moskvada görüş keçirildi.

Üçtərəfli işçi qrupun iclası zamanı Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının 9-cu bəndinin icrasından irəli gələn əsas işin istiqamətlərinə, habelə 11 yanvar 2021-ci il tarixli bəyanatın 2, 3, 4-cü bəndlərinə baxıldı. Fevralın 2-dək kommunikasiyaların və yolların açılması ilə bağlı müvafiq istiqamətlər üzrə ekspert qrupların (alt komitələr) yaradılması qərara alındı. Bu ayın 5-də isə Moskvada növbəti, lakin daha geniş tərkibdə və konkret təkliflərlə proses davam etdirilib. Bütövlükdə martın 1-i üçün baş nazirlərin müavinləri səviyyəsində yaradılan birgə qurum tərəfindən ortaq hərəkət planı – “Yol xəritəsi” dövlət başçılarına təqdim olunmalıdır. Başqa sözlə, həmin tarixə qədər konkret plan liderlərin masası üzərinə qoyulmalıdır.

Yeri gəlmişkən, bu il yanvarın 11-də Moskvada reallaşan üçtərəfli görüş, əslində, postmüharibə dövründə əldə edilən nəticələrin bir növ hesabatı və bundan sonrakı fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsi mahiyyəti daşıyırdı. Başqa sözlə, üç ölkə rəhbərinin görüşü həm noyabrın 10-da imzalanan 9 maddədən ibarət sənəddə əksini tapan strateji prinsiplərin bir daha təsdiq və qəbul edilməsi, həm də məhz həmin prinsiplər əsasında regionda sabitlik və təhlükəsizlik məsələlərinin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım idi.

Bəyanatda vurğulanan yolnəqliyyat infrastrukturunun bərpası bu gün prioritet istiqamət kimi xüsusi diqqət çəkir. Bu, təsadüfi deyil. Çünki Cənubi Qafqaz regionunun nəqliyyat və iqtisadi əlaqələrinin yüksək səviyyədə qurulması, bu yöndə siyasi, iqtisadi münasibətlərin möhkəmlənməsi üçün başlıca amillərdən biridir. Bu yol-nəqliyyat infrastrukturu layihəsinin icrası regional inteqrasiya və iqtisadi inkişafın yeni mərhələyə daxil olmasını şərtləndirir. Ona görə də bəyanatda növbəti mərhələ üçün konkret icraedici strukturun yaradılması, onun fəaliyyət istiqamətlərinin və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi qarşıdakı mərhələdə regionun nəqliyyatkommunikasiya infrastrukturunun tezliklə bərpa ediləcəyindən xəbər verir.

Prezident İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən Dağlıq Qarabağ münaqişəsinin sona çatdığını, bu problemin artıq tarixin bir hissəsinə çevrildiyini, hazırda isə diqqətin, ilk növbədə, ərazilərin yenidən qurulmasına, bərpasına yönəldildiyini vurğulayıb. Dövlətimizin başçısı çıxışında, eyni zamanda, bütün region ölkələrinin inkişafı üçün faydalı olacaq layihələrin həyata keçirilməsinə start verildiyini də xatırladıb: “Ona görə də düşünürəm ki, hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var”.

Göründüyü kimi, ölkə Prezidentinin mühüm önəm verdiyi məsələ– Azərbaycanın işğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi, ərazidən Avropaya və Asiyaya çıxış imkanlarının artması respublikamızın beynəlxalq nəqliyyat-kommunikasiya, habelə dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək. Bu, həmçinin Xəzər, Qara dəniz hövzəsinin, habelə Cənubi Qafqazın strateji və etibarlı dövləti kimi Azərbaycanın iqtisadi-siyasi nüfuzunu daha da artıracaq. Hazırda bu fikrin təsdiqi olaraq, bir sıra Qərb ekspertləri tərəfindən Azərbaycanın Qərbə və Şərqə çıxışın qovşağında yerləşən, əzəli torpağı olan Qarabağı düşməndən təmizləməklə qonşu ölkələr sırasında özünün geosiyasi və geoiqtisadi kursunu daha çox dəqiqləşdirmək imkanı əldə etdiyi bildirilir.

Başqa sözlə, Vətən müharibəsində parlaq qələbə nəticəsində ərazi bütövlüyümüzün bərpası respublikamızın regional, daha çox da beynəlxalq səviyyədə iqtisadi, siyasi, sosial-mədəni üstünlüklər qazanmasını şərtləndirir. Bununla bərabər, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşməsi Azərbaycanın qarşısına həm XəzərQara dəniz hövzəsində, həm Cənubi Qafqazda, həm də Orta Asiya və Yaxın Şərqdə məqsədyönlü geoiqtisadi fəaliyyətinə səmərəli şərait yaradır.

Bu gün Qarabağ kimi geoiqtisadi dəyərlərə malik olan ərazinin regional və beynəlxalq perspektivliyini yüksəldən, xarici ölkələrlə əməkdaşlıq əlaqələrinə müsbət təsir göstərən amillər daha çox regionun təbii-mineral ehtiyatları, Şimalla Cənub, Qərblə Şərq arasında mövcud nəqliyyatkommunikasiya və tranzit imkanları ilə bağlıdır. Hazırda işğaldan azad edilən Qarabağ regionunun iqtisadi potensialına və milli təbii resurslarına yenidən sahib olan Azərbaycan Cənubi Qafqazın çox güclü ölkəsinə çevrilib.

Respublikamızın Cənubi Qafqazın insan resurslarının 60 faizinə, yanacaq-enerji, dağ-mədən, təbii-mineral və münbit torpaq resurslarının 90 faizinə, iqtisadi potensialın isə 80 faizinə malik olması bu fikrin təsdiqidir. Sözügedən nəqliyyat-kommunikasiya infrastrukturunun bərpası ilə bağlı bir məqama da toxunmaq istərdik.

Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başladı. Bir sıra müxalifət qüvvələri tərəfindən hökumət başçısı vəzifəsinə “Vətənin Xilası Hərəkatının” lideri Vazgen Manukyan irəli sürüldü. Müxalifət hökuməti istefaya göndərməyi, müvəqqəti hökumət qurmağı və sonra erkən seçki keçirməyi təklif etdi.

Hazırda Ermənistanı qarışdırmağa çalışan və qonşu ölkələrlə dinc-yanaşı yaşamağa mane olan da eyni radikal çevrələr, revanşistlərdir. Ən qəribəsi odur ki, revanşist qüvvələr erməni xalqına alternativ heç nə təqdim edə bilmirlər. Yalnız quru pafos, əsassız siyasi iddialar və əlçatmaz hədəflər barədə mülahizələr bildirirlər. Onlar hələ də anlamaq istəmirlər ki, iki və çoxtərəfli əməkdaşlığın qurulması bölgənin yeganə böhran içində olan ölkəsinə – Ermənistana hamıdan çox gərəkdir.

Bu gün də Ermənistanda siyasi ab-hava ağır vəziyyətdədir. Düşmən ölkənin istər müxalifəti, istərsə də iqtidarı heç bir normal gələcək mövzusunu gündəmə gətirə bilmir. Bunun səbəbini erməni cəmiyyəti də yaxşı bilir: Otuz illik işğal siyasəti onların gələcək perspektivlərini tamamilə altüst edib. Artıq Ermənistan cəmiyyəti bunu dərk etməyə başlayıb: ötən illər ərzində keçmiş iqtidar Ermənistanda işğal, təcavüz, talançılıq siyasəti reallaşdırılıb, respublikanın bütün var-dövləti talanıb, ölkə regional əməkdaşlıqdan, mümkün iqtisadi imkanlardan tamamilə məhrum edilib. Bu isə xalqın sosialiqtisadi durumunu son dərəcə ağırlaşdırıb.

Bununla belə Ermənistanda hazırda bu məsələlərə dürüst qiymət vermək istəyən qüvvələrə az da olsa, rast gəlinir. Məsələn, “RİA Novosti”yə müsahibəsində Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan ölkəsinin Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyi üçün üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini, bunun Ermənistan üçün mühüm önəm daşıdığını diqqətə çatdırıb. Erməni nazir müsahibəsində, eyni zamanda, nəqliyyat dəhlizinin təhlükəsizliyini Ermənistan ordusunun deyil, Rusiya Federal Təhlükəsizlik Xidmətinin təmin edəcəyini də bildirib.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

25 Fevral 2021 00:09 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə