Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabirabad rayonunda regional müşavirə keçirilib

Sabirabad rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti tərəfindən “Aran iqtisadi zonasında fitosanitar vəziyyət, əkin sahələrinə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması” mövzusunda regional müşavirə keçirilib.

“Respublikada aqrokimyəvi xidmətin yaxşılaşdırılması və fitosanitar vəziyyətin təhlili” mövzusunda çıxış edən Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov əvvəlcə regional aqrokimya laboratoriyalarının yaradılmasının zəruriliyi barədə qısa məlumat verib. Bildirib ki, torpaq mülkiyyətçiləri və sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 11 regional aqrokimya laboratoriyası yaradılıb. Ölkənin fitosanitar vəziyyəti barədə qısa məlumat verən Ələddin Eyvazov, 2018-ci il ərzində bu sahədə bir sıra həllivacib tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb: “Bu tədbirlər sırasında ölkənin bitki örtüyünün qorunması istiqamətində aparılan aqrokimyəvi, mexaniki və kimyəvi mübarizə, həmçinin beynəlxalq əlaqələrin genişləndirilməsi tədbirləri ön sırada dayanır. Bu tədbirlər sayəsində ölkə ərazisində fitosanitar sabitlik təmin olunub.”

“Torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması” mövzusunda çıxış edən Dövlət Xidmətinin Abşeron Regional Aqrokimya Laboratoriyasının müdiri Rəşad Vahabzadə bildirib ki, bu qaydalar “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli fərmanının  1.23-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb.  O, qeyd edib ki, tarla işlərinin və torpaq nümunələrinin laboratoriya analizlərinin aparılması, aqrokimyəvi kartoqramların hazırlanması Kənd Təsərrüfatı Naziliyi tərəfindən təsdiq olunmuş təlimatlara uyğun həyata keçirilir: “Tədqiqatın nəticələri Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təhlil edilir və istiadəçiyə müvafiq torpaqların kartoqramları, tarla təcrübələrinin əsasında hazırlanmış tövsiyələri təqdim edilir”.

“Kimyəvi mübarizə tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusunda çıxış edən Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov pestisdlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini diqqətə çatdırıb. Pestisidlərdən yalnız lazım olduqda istifadəsinin vacibliyi barədə danışan D.Sultanov bildirib ki, əvvəlcə fenoloji müşahidələr düzgün təşkil olunmalı, sonra isə xəstəlik və zərərvericilər düzgün təyin olunmalıdır: “Əgər təyinat düzgün aparılmasa, kimyəvi mübarizə zamanı bir çox fəsadlar ortaya çıxa bilər. Mübarizə zamanı pestisidlər düzgün seçilməli, istifadə müddəti bitmiş və dövlət qeydiyyatından keçməyən pestisidlərin istifadəsinə yol verilməməlidir

Qeyd edək ki, müşavirənin ikinci hissəsi açıq tarla şəraitində keçib və fermer təsərrüfat sahiblərinin, fiziki və hüquqi şəxslərin sualları cavablandırılıb. Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarına düzgün əməl olunması, həmçinin zərərverircilərə və xəsətəliklərə qarşı mübarizə tədbirlərinin düzgün aparılması ilə bağlı müvafiq tövsiyələr verilib. 

    

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

27 Oktyabr 2018 15:45 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə