Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ombudsman Aparatında ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə görüşüb.

Ombudsman Aparatından "Xalq qəzeti"nə verilən məlumata görə, görüşdə müvəkkil qonağa təsisatın əhalinin sağlamlıq hüququnun təmini sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. Qeyd olunub ki, COVID-19 virusu səbəbindən ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi dövründə ombudsmana ünvanlanan müraciətlər onlayn formada qəbul edilib. Müraciətlərin effektiv araşdırılmasının təmin edilməsi məqsədilə ombudsmanın qaynar xətləri bir mərkəzdə birləşdirilməklə yaradılmış 916 vahid Çağrı Mərkəzinin yeni növ koronavirus pandemiyası dövründə xüsusi əhəmiyyət kəsb etdiyi qonağın diqqətinə çatdırılıb.

Pandemiya dövründə əlilliyi olan şəxslərin hüquqlarının səmərəli təmini məqsədilə ombudsman tərəfindən aidiyyəti dövlət qurumlarına müraciət ünvanlandığı, əhalinin həssas qruplarına aid insanların hüquqlarının müdafiəsinin ombudsmanın diqqət mərkəzində olduğu bildirilib.

Səbinə Əliyeva əlilliyi olan şəxslərin hüquqlarının daha effektiv təmini məqsədilə təsisatda Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun yaradıldığını deyib.

Vətən müharibəsi dövründə Ermənistanın hərbi hücumlarına məruz qalmış ərazilərimizdə yerində araşdırmalar həyata keçirdiyini bildirən ombudsman insan hüquqlarının və humanitar hüququn normalarının pozulması ilə bağlı xüsusi hesabatların hazırlanaraq aidiyyəti beynəlxalq qurumlara göndərildiyini qeyd edib.

Müharibədən zərər çəkmiş şəxslərlə görüşlərin keçirildiyi və ombudsmanın təşəbbüsü ilə peşəkar psixoloq və psixiatrlar tərəfindən Vətən müharibəsi nəticəsində yaralanmış qazilərimizə və şəhid ailələrinə psixoloji yardımın göstərildiyi vurğulanıb.

Hande Harmancı Ombudsman təsisatı ilə birgə əməkdaşlığın gücləndirilməsində və vətəndaş cəmiyyəti institutlarının da bu proseslərdə iştirakının təmin edilməsində maraqlı olduğunu bildirib.

Görüş zamanı tərəflər əməkdaşlıq perspektivləri barəsində müzakirələr aparıblar.

24 Fevral 2021 16:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə