Ən son xəbərlər
Avropa İttifaqının qəbul etdiyi sanksiyalara baxmayaraq, Rusiya ilə dialoq vacibdir. Bu məsələ Suriya və Liviya münaqişələrinin nizamlanması, eləcə də iqlimin qorunması və koronavirus pandemiyası ilə bağlı problemlərin müzakirəsi zamanı xüsusilə aktualdır.
TASS-ın verdiyi məlumata görə, belə bir bəyanatla Almaniyanın xarici işlər naziri Hayko Maas çıxış edib. Onun sözlərinə görə, bir qədər əvvəl Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri tərəfindən Rusiyanın ayrı-ayrı şəxslərinə qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə qərar qəbul olunub.
Maas bildirib ki, sanksiya barədə qərar verilmiş olsa da, Rusiya ilə dialoqu davam etdirmək lazımdır.
Xatırladaq ki, bir neçə gün əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel də təşkilata üzv ölkələrin XİN başçılarının Rusiyanın ayrı-ayrı şəxslərinə sanksiya tətbiqi ilə bağlı razılığa gəldiklərini bildirib. Rusiyanın Xarici İşlər Nazirliyindən isə bəyan ediblər ki, Avropa İttifaqı Şurasının fevralın 22-də heç bir əsas olmadan Rusiya vətəndaşlarına qarşı yeni qeyri-qanuni və birtərəfli məhdudiyyətlər tətbiq etməyə hazırlıq görmək barədə qərarı təəccüb doğurur.
Onu da qeyd edək ki, bu il fevralın 12-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, Moskva dünyadan təcrid olunmaq istəmir, amma Avropa İttifaqı Rusiya iqtisadiyyatının həssas sahələri üçün risk yaradacaq sanksiyalar tətbiq edərsə, alyansla münasibətləri qırmağa da hazırdır.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə