Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peyvənd olunanlarda virusa qarşı mütləq qoruyucu anticisimlər yaranır

Azərbaycanda COVID – 19 xəstəliyi əleyhinə 2021–2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. İlk olaraq əhalinin risk qrupu – səhiyyə işçiləri, polislər, yaşı 65-dən yuxarı insanların vaksinasiyası aparılıb. Peyvəndləmə strategiyasına əsasən fevral ayının 17-dən etibarən yaşları 50 – 64 arası olan şəxslərin COVID – 19 xəstəliyinə qarşı vaksinasiyası başlanıb. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Məlumatda həmçinin o da bildirilir ki, əhali arasında yayılan, vaksindən sonra mümkün ola biləcək baş ağrısı, əzələ ağrısı, qızdırma və s. kimi əlamətlər əks-təsir deyil, əksinə, gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.

Vaksin istehsal edən şirkətlər tərəfindən yalnız peyvəndin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı tətbiq edilən vaksinlərin keyfiyyəti ilə bağlı bildirib ki, ümumiyyətlə, vaksinlər əvvəlcə laboratoriyada sınaqdan keçirilir. Sonra kiçik, daha sonra böyük qruplar üzərində sınaq aparılır: “Hazırda vaksinasiyanın tətbiqi dördüncü fazadadır. Çünki böyük əhali qrupuna vurulur. “Sinovac” şirkətinin son açıqladığı məlumata görə, onların məhsulunun təsirlilik dərəcəsi 50 faizdən çoxdur. ÜST təsirlilik dərəcəsi 50 faizdən yuxarı olan vaksinləri qənaətbəxş kimi qiymətləndirir. Əsl önəmli olan vaksinasiyanın yoluxmaya nə dərəcədə təsir etməsidir. Azərbaycanda da bu təsiri qısa müddətdə görəcəyik”.
Qeyd edək ki, Azərbaycan peyvənd strategiyasını birincilər sırasında hazırlayan ölkələrdəndir və elə bunun nəticəsi olaraq istehsalçı şirkətlər, inkişaf etmiş ölkələr və beynəlxalq təşkilatlarla qurulan əlaqələr sayəsində peyvəndi əldə edən ilk ölkələr sırasında oldu. Həmin peyvəndlərin tətbiqinə inkişaf etmiş istehsalçı şirkətlərin öz ölkələrində dekabrın axırları, yanvarın əvvəllərində başlanılmışdısa, Azərbaycan da onlardan geri qalmayaraq, ötən aydan bu prosesə başlayıb və artıq peyvənd proqramının ikinci mərhələsi həyata keçirilir. Mütəxəssislər bildirirlər ki, peyvənd seçimində ən əsas məsələ onun effektivliyi və təhlükəsizliyidir. Həm də peyvənd proqramı yalnız onun vurulmasından ibarət deyil. Peyvəndin gətirilməsi, onun düzgün idarə olunması, çatdırılması, saxlanılması və tətbiqi çox vacib və əhəmiyyətli məsələlərdir.
Onu da qeyd etməyə dəyər ki, Azərbaycan hələ ötən əsrin 90 –cı illərindən peyvənd təqviminə uyğun olaraq həyata keçirdiyi immunlaşdırma və profilaktika proqramına görə Şərqi Avropa və Mərkəzi Asiya regionunda ön sıralarda mövqe tutur. Peyvənd proqramının idarə olunmasına görə Ümumdünya Səhiyyə Təşkilatı həmişə Azərbaycanı nümunəvi ölkələrdən biri kimi göstərib. Yeni növ koronavirusa qarşı ölkəmizdə tətbiq edilən Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVAC” vaksini həm səmərəsinə, həm də təhlükəsizliyinə görə digər peyvəndlərdən daha üstündür. Təsadüfi deyildir ki, həmin peyvənd ilkin olaraq təsdiqlənərək qeydə alınıb. Milli peyvənd təqvimində yer alan və uşaqlarda infeksion xəstəliklərin qarşısını almaq üçün tətbiq olunan 11 peyvəndin hamısı inaktivdir, yəni orqanizm onların vurulmasını normal qəbul edir. İnaktiv o deməkdir ki, başqa bir zəiflədilmiş virus koronavirusun əvəzedicisi kimi orqanizmə yeridilir və onun inyeksiyası başqa heç bir genetik dəyişikliyə səbəb olmur. Yəni, orqanizmə daxil edilən zəiflədilmiş virus nəticəsində infeksiyaya yoluxma baş verəndə ona qarşı anticisimlər əmələ gəlir. Tibb aləmində çox məşhur olan “Lanset” jurnalında bununla bağlı dərc olunan məqalədə də bir daha təsdiq edilir ki, bir neçə dəfə kliniki sınaqlardan uğurla keçən həmin peyvəndin effektivliyi 90 faizdən çoxdur. Beynəlxalq təşkilatların qiymətləndirməsinə görə, 50 faizdən yuxarı effektivliyi olan peyvəndin tətbiq olunması məqbuldur. Bəla orasındadır ki, heç də bütün ölkələr həmin peyvəndi almaq imkanına malik deyil. Çin istehsalı olan “CoronaVAC” vaksini Braziliya, İndoneziya və Türkiyədə sınaqlardan keçirilib və həmin ölkələr də bu peyvənddən istifadə edirlər. Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz də peyvəndi əldə edən ilk ölkələr sırasındadır. Halbuki, elə ölkələr var ki, nəinki indi, bu ilin sonuna qədər də peyvənd əldə edib-edə bilməyəcəkləri sual altındadır.
Mütəxəssislər bildirirlər ki, peyvənd edilənlərin çox kiçik bir faizində anticisimlərin əmələ gəlməməsi mümkündür. Lakin peyvənd olunan hər kəs bilməlidir ki, onun orqanizmində mütləq şəkildə anticisimlər əmələ gəlir və ən pis halda infeksiyaya yoluxma baş verdiyi halda, xəstəliyi çox yüngül formada keçirəcək. Bu, digər vaksinlərin tətbiqindən qazanılan təcrübədir. Əslində, heç bir peyvənddə 100 faiz effektivlik yoxdur. Müəyyən qisim əhalidə anticisimlərin əmələ gəlməməsi mümkündür, lakin bu heç də o demək deyil ki, peyvənd edilmək onları sığortalamır və ya onlarda xəstəliyə qarşı heç bir immunitet yoxdur. Peyvənd edilmək yoluxduğu təqdirdə hər kəsin xəstəliyi yüngül keçirməsi deməkdir. Məsələn, qızılca yayıldığı vaxtlarda peyvənd olunan uşaqlar qızılcaya yoluxmurdular, yoluxanda da başqa uşaqlar kimi 20 gün, bir ay xəstəlikdən əziyyət çəkmirdilər. Halbuki, peyvənd edilmədiyi vaxtlarda qızılcadan həyatını itirən kifayət qədər uşaq var idi. Çox yaxşı haldır ki, həyata keçirilən peyvənd proqramı sayəsində indi ölkəmizdə qızılca, məxmərək, suçiçəyi, poliomielit və digər infeksion xəstəliklərə rast gəlinmir. Tibb elmində XX əsrin ən böyük uğuru məhz peyvəndin kəşf olunması və tətbiqidir.
Peyvəndləmədən sonrakı qaydalar barədə danışarkən onu deməliyik ki, pandemiya dövründəki gigiyenik qaydalar eyni şəkildə davam etdirilməlidir. Hətta, peyvəndin ilk dozası vurulduqdan sonra daha çox məsuliyyətli olmaq tələb olunur. Çünki birinci doza vurulandan sonra virus infeksiyasına qarşı həssaslıq davam edir, 28 gündən – ikinci doza vurulandan sonra da həmin “üç qızıl qayda” gözlənilməlidr. Gigiyenik qaydalara əməl olunması təkcə COVID –ə qarşı deyil, digər viruslara qarşı da zəruri qorunma və özünümüdafiə tədbiridir. Lakin maska taxılması və sosial məsafənin gözlənilməsinə immunitetin yüksək olduğu halda da mütləq əməl edilməlidr. Peyvənd olunanlar həm özlərinin, həm də ətrafdakıların sağlamlığı naminə həmin qaydaları gözləməyi pandemiyaya qalib gələnə qədər davam etdirməlidirlər.
Vaksin vurdurandan sonra təxminən 70 – 80 faiz halda qorunmuş hesab olunuruq. Ona görə də peyvənd olunsaq belə, ən azı ilin sonuna qədər, peyvəndləmə prosesi ölkəmizdə və dünyada kütləvi şəkil alana qədər qorunma tədbirlərinə riayət etməliyik. Çünki əhalinin həssas qrupları var. Özümüz yoluxmasaq və ya peyvənddən sonra yoluxduqda, xəstəliyi çox zəif əlamətlərlə keçirsək belə, digərlərinin yoluxmasına, başqalarının xəstələnməsinə səbəb ola bilərik.
 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

24 Fevral 2021 02:25 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə