Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Njdenin yaydığı faşizm ideologiyası Ermənistanın dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan “Armnews” telekanalına verdiyi müsahibədə səsləndirdiyi sərsəm fikirlərdə mənsub olduğu dövlətin terrorçu mahiyyətini bir daha göstərib. O, ölkəsinin Vətən müharibəsində Azərbaycana qarşı müharibə cinayətlərinə əl atdığını, respublikamızın yaşayış məskənlərini raket hücumlarına məruz qoyduğunu, mülki əhalini hədəfə aldığını etiraf edib. 

Bir vaxtlar “Xocalıya qədər azərbaycanlılar bizim zarafat etdiyimizi düşünürdülər, biz stereotipləri qırdıq” deyən qatil S.Sarkisyan indi Vətən müharibəsində “İsgəndər” raketinin işə salınmamasına təəssüfünü bildirir, eyni zamanda, bu raketdən döyüşlərin 4-5-ci günü, Azərbaycan Horadiz və digər istiqamətlərdə böyük sayda qüvvə cəmləşdirəndə istifadə etmək lazım idi” deməklə daha çox mülki əhali qırmağın məqsədəuyğunluğunu dilə gətirir.

Bununla da faşist xislətini, terrorçu xarakterini ifadə etməkdən çəkinmir. Bəli, ancaq vəhşi, vandal, qaniçən şəxs bu cür kütləvi insan qırğınının törədilməsi istəyini açıq-aşkar büruzə verə bilər. Siyasi rəqibinin–Nikol Paşinyanın çökmüş nüfuzuna yeni bir zərbə vurmağa çalışan Sarkisyan “İsgəndər” raketinin nə üçün Azərbaycanın neft-qaz kəmərlərinə atılmadığına da həyasızcasına irad bildirir. Njdenin xələfi bu zaman neft-qaz kəmərlərinin həm də Avropanın enerji təhlükəsizliyinə xidmət göstərdiyini unudur. Bu vandallıq, eyni zamanda, Sarkisyanın simasında Ermənistanın təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün təhlükə olduğunu sübut edir.

Gəncəyə, Bərdəyə və digər döyüş bölgəsindən yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərə raket zərbələrinin məqsədli şəkildə endirildiyini də Ermənistanın sabiq prezidenti müsahibəsində etiraf edir: “...Atəş yaşayış məhəlləsinə açılmışdı, hərbi obyektə yox”. Hətta o, “İsgəndər” raketlərindən doğru-düzgün istifadə edilmədiyinə görə təəssüf hissi keçirir. Yaxşı xatırlayırıq, döyüş meydanında Azərbaycan əsgərinin qəhrəmanlığı qarşısında aciz qalan və böyük itkilər verərək geri çəkilməyə məcbur olan işğalçı Ermənistan Vətən müharibəsində uduzduğundan getdikcə azğınlaşır, hirshikkəsini cəbhə zonasından kənarda yerləşən kənd və şəhərlərimizin dinc sakinlərinin üzərinə tökür, beynəlxalq konvensiyalarda təsbit olunan müharibə qaydalarını kobud şəkildə pozurdu. Başqa sözlə, mülki əhalimizin yaşadığı məntəqələri atəşə tutan xain düşmən cəbhə xəttindən uzaqda yerləşən şəhərlərə raket zərbələri endirirdi. Gəncə, Bərdə və Tərtərdəki terror aktları və qadağan olunan silahlarla törədilən digər müharibə cinayətləri erməni vandallığının bariz ifadəsi idi. Lakin Azərbaycan xalqının qələbə əzmini azaltmağa və ölkəmizdə sabitliyi pozmağa yönələn bu vəhşi cəhdlər hər dəfə uğursuzluqla nəticələnirdi. Prezident İlham Əliyevin o zaman xarici mediaya müsahibələrində də işğalçı Ermənistanın xain hücumları, terror əməlləri ilə xalqımızı qorxu, təşviş içində saxlamaq, insanlarımızın ruhunu sarsıtmaq gücündə olmadığını vurğulayırdı. Eyni zamanda, Gəncəyə gecə vaxtı edilən iki namərd hücum nəticəsində 30 günahsız insanın, o cümlədən uşaqların öldürüldüyünü diqqətə çatdıraraq, deyirdi: “İkinci atəşkəs elan olunduqdan beş dəqiqədən sonra onlar tərəfindən pozulmuşdur və üçüncü atəşkəsi onlar Bərdəyə hücum etməklə pozdular. Beləliklə, bunu edən biz deyildik. Biz nə etməli idik?

Onlar bizi öldürdükdə oturub gözləməli idik? Əlbəttə ki, biz cavab verdik və bunu etməyə davam edəcəyik. Onlara atəşkəs təcavüzlərini davam etdirmək, bizim azad etdiyimiz torpaqları geri alıb və yenidən işğal etməyə cəhd etmək üçün lazım idi. Onlar mülki şəxslərə hücum etməklə Azərbaycanda, həmçinin xaos və panika yaratmaq istəyirdilər. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər. Bəli, biz bu namərd hücumlardan əziyyət çəkdik. Lakin bu, bizim iradəmizi sındırmadı. Əksinə, bu, bizi daha da güclü etdi”. Vətən müharibəsində Ermənistanın terrorçu dövlət olması dinc əhalini və mülki obyektləri raket atəşi ilə hədəfə alması ilə bərabər, həm də əcnəbi vətəndaşları, muzdluları, PKK və Yaxın Şərqdən bəzi terrorçu qruplaşmaları qondarma “Dağlıq Qarabağ ordusu”na qoşmaqla beynəlxalq hüququn tələblərini pozmasında özünü göstərdi. Təbii ki, bu cür halda Azərbaycan Ordusu da öz legitim və beynəlxalq hüquqa əsaslanan mübarizəsini davam etdirdi və parlaq qələbə əldə etdi. Ümumiyyətlə, bu gün dünyada Ermənistan kimi ikinci bir ölkə yoxdur ki, orada faşizm ideologiyasının təbliğ edilib, yaşadılmasına cəhd göstərilsin. Hətta işğalçı dövlətdə nasist düşüncəsi beyinləri o qədər dumanlandırıb ki, bu, fəaliyyət meyarına çevrilib.

Ermənistanda sabiq prezidentlər, indiki baş nazir Paşinyan rəhbərliyi insanlıqla, humanizmlə bir araya sığmayan belə bir mənfi ideyanı beynəlxalq ictimaiyyətdən çəkinməyərək davam etdirir, hətta bütün dünyada faşizmin simvolu kimi tanınan qaniçən, soyqırımı törədən şəxslərin milli qəhrəman səviyyəsində təqdimatını getdikcə gücləndirir. Tarixdə saysız-hesabsız cinayətlər törədən, millətindən, etnik mənsubiyyətindən asılı olmayaraq yüzlərlə insana işgəncə verən, məhv edən Qaregin Njdeyə, eləcə də digər bu cür faşist xislətlilərə heykəllər qoyulması bu fikrin bariz ifadəsidir.

Ermənistanın sabiq və indiki rəhbərliyinin faşizm ideologiyasının əsrinə çevrilməsi, bu barədə əsil həqiqətləri bilərəkdən gizlətməsi rəhbərlik etdiyi dövlətin işğalçılıq siyasətinin mahiyyətindən irəli gəlir. Artıq hazırda beynəlxalq aləm də Ermənistanda faşizmin təbliğinin dövlət siyasəti səviyyəsinə qaldırılmasından, belə bir təhlükəli meylin qorxulu bir tendensiyaya çevrilməsindən narahatlıq keçirməyə başlayıb. Bütün bunlara görə, beynəlxalq birliyin Ermənistanın faşizmi qəhrəmanlaşdırmaq siyasətinə kəskin reaksiya verməsinin vaxtı çoxdan çatıb. Yeri gəlmişkən, artıq Ermənistanda faşist ideologiyasına sadiqliyin bu dövlətə ağır zərbə vurduğunu anlayan qüvvələrə də rast gəlinir.

Ermənistan mədəniyyət nazirinin müavini Janna Andreasyan erməni televiziyasında nasist kollaborasionisti Qaregin Nijdenin ifrat millətçi “Tsağakronizm” ideologiyasının təhlükəsi barədə əhəmiyyətli açıqlamalar verməsi bunun bariz nümunəsidir. J.Andreasyan açıqlamasında Nijdenin “Tsağakronizm” ideologiyasının faşist bir ideologiya olduğunu və müasir sivil cəmiyyətlər üçün böyük təhlükə daşıdığını bildirib: “Njde ideologiyası, əslində, faşist bir ideologiyadır. XXI əsrin cəmiyyəti olaraq bizim üçün çox təhlükəlidir, çünki bu ideologiya dünyaya qarşı aqressiya, özünü dünyadan təcrid etmə və digər cəmiyyətlər üzərində üstünlük nümayiş etdirmək prinsipləri əsasında qurulub…”. J.Andreasyan, eyni zamanda, erməni cəmiyyətinin sözügedən ideologiyaya görə, müasir sivil cəmiyyətlərdən geri qaldığını və alternativ konsepsiyalara ehtiyac olduğunu vurğulayaraq deyib: “Hazırda erməni cəmiyyətində yalnız millətçilərin monoloqu davam edir. Ancaq cəmiyyətdəki hər hansı bir monoloqun olması çox təhlükəlidir. Müasir dünya sürətə və müxtəlifliyə əsaslanır və əgər biz bu tendensiyalara, sosial inkişaf meyllərinə uyğun gəlmiriksə, o zaman bu vəziyyətdə dünya ictimaiyyətinin həyatından kənarda qaldığımızı anlamalıyıq.

V.BAYRAMOV,

“Xalq qəzeti”

24 Fevral 2021 02:00 - SİYASƏT
SİYASƏT
3 Mart 2021 | 01:21
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə