Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımı – erməni faşizminin iç üzü

Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi. Faciəyə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə nail olmaq insanlıq və vətəndaşlıq borcumuzdur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi. Bu mənfur siyasət xalqımıza saysız-hesabsız müsibətlər və əzab-əziyyətlər gətirmişdir.


İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Dövlət müstəqilliyimizin tarixi bərpası bizim nəslin, həmyaşıdlarımın yaddaşında silinməz xatirələr buraxıb. Xüsusən bizim dövrün gəncliyinin (artıq biz yaşlı nəslin nümayəndələriyik) əldə etdiyi bütün uğurlar ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Tale elə gətirmişdir ki, həmin illərdə mən Milli Məclisin deputatı kimi, Heydər Əliyevlə bir məclisdə təmsil olunmaq şərəfinə nail olmuşam. Ulu öndərin mürəkkəb və çıxılmaz vəziyyətlərdə “hakimiyyət ustası” olduğunun canlı şahidinə çevrilmişəm. Xocalı hadisələrinə ən obyektiv, ədalətli və prinsipial qiyməti də məhz Heydər Əliyev vermişdir. Burada xüsusilə qürur hissi ilə qeyd etməyi vacib bilirəm ki, Xocalı hadisəsi ilə bağlı parlamentdə keçirilən ilk müzakirələrdə məruzəni də mən etmişəm və onun soyqırımı cinayəti olduğunu, beynəlxalq hüquq normaları əsasında tam sübuta yetirməyə çalışmışam. Sonradan isə mən, həm də Milli Məclisin Xocalı hadisələrini tədqiq edən deputat – istintaq komissiyasının üzvü seçilməklə, yekun rəyin hazırlanmasında iştirak etmiş və onu imzamla təsdiq etmişəm.

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti və cəsarəti ilə 30 ilədək əsarətdə olan Qarabağ torpağının 44 günə, qəhrəman ordumuz tərəfindən azad edilməsi tariximizdə, çox şərəfli bir hadisə kimi qiymətləndirilməlidir. Bəlkə də, milli tariximizdə bu qələbə min illərlə xatırlanacaq və minnətdarlıqla yad ediləcəkdir. Belə şərəfli günlərdə, Xocalı soyqırımını xatırlamaq, onun acı nəticələrini hüquqi cəhətdən təhlil etmək və erməni faşizminin iç üzünü açmaq çox önəmlidir. Uzun illərdir ki, yazdığm məqalələrdə Xocalı, o cümlədən Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq səviyyədə hərbi tribunalın yaradılması ideyasını irəli sürsəm də, bu hələ də reallaşdırılmamışdır. Elə bu yaxın günlərdə ABŞ-ın Azərbaycandakı sabiq səfiri, tanınmış diplomat Riçard Kozlariç və bu sahədə digər tanınmış mütəxəssislərin münaqişə ilə bağlı təxirə salınmadan və beynəlxalq səviyyədə hərbi tribunalın yaradılması məsələsinin həll edilməsinin zəruriliyini əsaslandırması, mövqeyimizin hüquqi baxımdan haqlı olduğunu tam təsdiq edir.
Onu da etiraf edək ki, bu gün dünyada beynəlxalq hüququn prinsipləri və şərtləri artıq yavaş-yavaş unudulmaqda və deklorativ səciyyə daşımaqdadır. Necə deyərlər, kim güclüdürsə, hüquq və üstünlük də onun tərəfindədir. Çünki indi münaqişə və müharibələr hüquqla yox, daha çox və təəssüf ki, dünya güclərinin iradəsi ilə idarə olunur. Dünyada hegemonluğu ələ keçirmək istəyən qüdrətli dövlətlərin iddiaları isə bitib-tükənmək bilmir, haqq-ədalət ayaq altında tapdalanır. Elə buna görə də keçən əsrdə baş verən iki dünya müharibəsi bəşəriyyətə çox böyük itkilər hesabına başa gəldi. Nəticədə beynəlxalq miqyasda sülhü və təhlükəsizliyi qoruyub saxlamaq, mübahisələrin və münaqişələrin dinc vasitələrlə və ədalətlə nizama salınmasını təmin etmək, insan hüquqlarını və azadlıqlarını qoruya bilən və dünya dövlətlərinin iradəsini ifadə edən beynəlxalq bir təşkilatın yaradılmasına böyük zərurət var idi. Bu məqsədlə 1945-ci il iyunun 26-da San-Fransiskoda Birləşmiş Millətlər Konfransının yekun iclasında yeni bir təşkilatın – Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi təsdiq olundu və bu, 1945-ci il oktyabrın 24-dən qüvvəyə mindi. BMT-nin Baş Məclisi 11 dekabr 1946-cı il tarixli, 96 saylı qətnaməsində soyqırımının beynəlxalq hüquq normalarını pozduğunu, xeyirxah bəşəriyyətin ruhuna və məqsədlərinə zidd olduğunu, sivil dünyanın onu pis bir əməl kimi səciyyələndirdiyini nəzərə alaraq, soyqırımı əməllərinin cinayət kimi qiymətləndirilməsini zəruri hesab etdi. Buna görə də bəşəriyyət tarixində ilk dəfə olaraq 1948-ci ilin 9 dekabrında “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” BMT Konvensiyası qəbul edildi. Bu konvensiya 1951-ci il yanvarın 12-dən qüvvəyə mindi. Beynəlxalq hüquqda “genosid” termini (yunan dilində olan “genos” – nəsil, kök, soy mənasını verən sözlə, latın dilində “öldürürəm” mənasını verən “caedo” sözlərinin birləşməsi nəticəsində yaranan “genosid” termini) – Azərbaycan dilində “soyqırımı” mənasını verməklə, ilk dəfə olaraq 1944-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin tərəfindən, Avropa yəhudilərinin faşistlər tərəfindən milli mənsubiyyətinə görə kütləvi şəkildə, dövlət səviyyəsində, planlı surətdə məhv edilməsi siyasətini ifadə edən bir termin kimi işlədilməyə başlanıldı.
Tarixən aparılan siyasətin sonrakı mərhələlərində ilk dəfə olaraq beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini mənsubiyyətinə görə kütləvi şəkildə məhv edilməsinə yönələn cinayət əməlləri “soyqırımı” adlandırılmağa başlandı. Nəticədə 9 dekabr 1948-ci ildə “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” BMT Konvensiyası qəbul edildi. Həmin konvensiyanın 2-ci maddəsinin tələbinə görə milli, etnik, irqi, yaxud dini qrupun üzvlərinin öldürülməsi, onlara ağır bədən xəsarətlərinin yetirilməsi, hər hansı qrup üçün qəsdən onu tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması, bu qrupdan olan doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi, uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi kimi hərəkətlər “soyqırımı” hesab edilir. Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, soyqırımı, belə əməlləri törətməyə yönəlmiş gizli sövdələşmə, soyqırımı cinayətlərini törətməyə birbaşa və açıq təhrik, soyqırımı törətməyə yönəlmiş qəsd və soyqırımında iştirak etmək kimi əməllərin hər hansı birini törətmiş şəxslər, soyqırımı cinayətini törətmiş hesab olunur və cəzalandırılırlar.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra BMT-nin üzvlüyünə qəbul edildi. Bundan sonra ölkəmiz 31 may 1996-cı il tarixli qanunla BMT-nin “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 9 dekabr 1948-ci il tarixli Konvensiyasına qoşuldu. Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə ölkəmizdə hər il 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilməyə başlanıldı. Müstəqillik illərində qəbul edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “Sülh və insanlıq əleyhinə olan cinayətlər”ə görə məsuliyyət nəzərdə tutan VII bölməsinin “Sülh və insanlıq əleyhinə olan cinayətlər” adlanan VI fəslinin 103-cü maddəsində “soyqırımı”na, 104-cü maddəsi “soyqırımının törədilməsinə təhrik etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Bu tərkiblər Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsinə ilk dəfə daxil edilsə də, əslində, azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin tarixi yüz ildən artıq bir dövrü əhatə edir.
Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanda 1905-1907, 1918-1920, 1948-1953, 1988-1994-cü illərdə azərbaycanlılara qarşı sistemli şəkildə soyqırımı cinayətlərinin törədildiyi xüsusi vurğulanmışdır. Tarixən “Şərq məsələsi”nin tərkib hissəsi kimi formalaşdırılan “erməni məsələsi” 1988-ci ilin fevral ayından başlayaraq Azərbaycan Respublikasının tərkibində fəaliyyət göstərən, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yaşayan və fəaliyyət göstərən bir qrup erməni separatçı – faşistinin səyi ilə yenidən qızışdırıldı, Ermənistandan və Azərbaycanın Dağlıq Qarabağ ərazisindən əhali milli, etnik və dini mənsubiyyətinə görə qovulmağa, öldürülməyə və ən qəddar cinayətlərə məruz qaldı. Etiraf edək ki, 1992-ci il fevralın 26-da törədilən “Xocalı soyqırımı” bütün bu cinayətlər içərisində xüsusilə ağır ictimai təhlükəliliyi və dəhşətləri ilə erməni faşizminin iç üzünü açmaq baxımından daha səciyyəvi mahiyyət daşıyır. Keçmiş SSRİ-nin Zaqafqaziyada yerləşən 4-cü ordusunun 23-cü diviziyasının 366-cı motoatıcı alayının (alay komandiri Zarviqorov) tərkibində milliyyətcə erməni olan çoxsaylı zabit və çavuş xidmət edirdi. Alayın ikinci motoatıcı taqımının komandiri, mayor Seyran Ohanyan (Ermənistanın keçmiş müdafiə naziri), üçüncü motoatıcı taqımının komandiri mayor Y.Nabokixinin həyat yoldaşı milliyyətcə erməni idi. Birinci taqımın qərargah komandiri, milliyətcə erməni olan V.Citciyan, topçu taqımının komandiri isə kapitan Q.Liqodexiya idi. Dağlıq Qarabağ münaqişəsinin ən qızğın dövründə 366-cı alayın tabe olduğu Zaqafqaziya hərbi dairəsinin komandir müavini, general-leytenant Q.Ohanovun da milliyyətcə erməni olması mövqelərin real vəziyyəti haqqında tam təsəvvür yaradır. Beləliklə, o dövrün müasir sovet döyüş silahları ilə yaxşı silahlanmış 366-cı alayın “Dağlıq Qarabağ separatçı qüvvələri”nin qərargah rəisi Arkadi Tomasyanın, müdafiə naziri Serj Sarkisyanın (sonradan Ermənistan prezidenti), Ermənistanın keçmiş rəhbəri Robert Köçəryanın və digər erməni liderlərinin səfərbər olaraq Xocalı şəhərində azərbaycanlılara və Axıska türklərinə qarşı soyqırımı cinayətini həyata keçirdilər.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri 366-cı alayın şəxsi heyəti ilə birlikdə Xocalı şəhərinin dinc əhalisinə qarşı silahlı hücuma keçdi. Yeddi min nəfər əhalisi olan bu şəhər yerlə-yeksan edildi. Şəhərin əhalisi isə yalnız azərbaycanlı, türk və müsəlman olduqlarına görə kütləvi surətdə qətlə yetirildilər. Müharibə qanunları tamamilə pozularaq dinc əhaliyə, qocalara, qadınlara, uşaqlara, köməksizlərə qarşı ən amansız qətl üsullarından istifadə edildi. Nəticədə 613 nəfər, o cümədən onlardan 106 nəfər qadın, 63 nəfər uşaq və 70 nəfər qoca xüsusi qəddarlıqla öldürüldü, 8 ailənin həyatına tamamilə son qoyuldu, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirdi, 487 nəfər ağır yaralandı, 1275 nəfər girov götürüldü, o cümlədən onlardan 150 nəfərinin taleyi haqqında indiyə qədər heç bir məlumat yoxdur.
Xocalıda ermənilərin törətdikləri qətliam hərəkətlərində sülh və insanlıq əleyhinə olan, müharibə cinayətlərinin tərkibləri – Azərbaycan Respublikası CM-in 103 (soyqırımı), 104 (soyqırımın törədilməsinə təhrik etmə), 105 (əhalini məhv etmə), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 115 (müharibə qanunlarını və ədaləti pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüququ pozma), 117 (silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 118 (hərbi soyğunçuluq) cinayətlərinə yol verildi. Xocalı şəhərində azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətləri – bəşəriyyətə qarşı ən ağır cinayət əməlinin törədildiyi, Azərbaycan Respublikası Milli Məclisinin deputat–istintaq komissiyasının, Azərbaycan Respublikası Baş Prokurorluğunun xüsusi istintaq qrupunun topladığı materiallarla – ifadə və üzləşmələrlə, sənədlərlə, videoçəkilişlərlə, məhkəmə ekspertizasının rəyləri ilə mübahisəsiz qaydada sübuta yetirilir. Cinayətin təşkilatçıları, icraçıları və köməkçiləri tam müəyyən edilsə də, onlar indiyə qədər cəzasız qalmışlar.
Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 9 dekabr 1948-ci il konvensiyasının 6-cı maddəsi, Azərbaycan Respublikasının Cinayət və Cinayət Prosessual məcəllələri Xocalıda soyqırımı kimi ağır cinayətləri törətməkdə ittiham olunan şəxslərin cinayət işlərinə Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrində, yaxud yurisdiksiyası onun yurisdiksiyasını tanımış Beynəlxalq Cinayət Məhkəməsində baxılmasını və təqsirli şəxslərin layiqincə cəzalandırılması üçün bütün qanuni tədbirlərin görülməsini tələb edir. BMT Nizamnaməsinin 92-ci maddəsinə əsasən Beynəlxalq Məhkəmə Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı hesab olunur. Baş Məclis və ya Təhlükəsizlik Şurası Beynəlxalq Məhkəmədən istənilən hüquqi məsələ üzrə məsləhət xarakterli rəy verməyi xahiş edə bilər. Beynəlxalq Ədalət Məhkəməsinin Nizamnaməsinin 1-ci maddəsinə görə BMT-nin əsas məhkəmə orqanı kimi yaradılan Beynəlxalq Məhkəmə öz nizamnaməsinin müddəalarına müvafiq olaraq təşkil olunur və fəaliyyət göstərir. O, öz funksiyasını həyata keçirmək üçün prosedur qaydalar müəyyən etmək səlahiyyətlərinə malikdir (mad. 30). Məhkəmənin yurisdiksiyasına dövlətlərin ona təqdim etdiyi bütün işlərə, o cümlədən BMT Nizamnaməsində və konvensiyalarda xüsusi olaraq göstərilmiş bütün məsələlər üzrə işlərə baxa bilərlər.
Bütün bunlara baxmayaraq, Beynəlxalq Məhkəmənin Nizamnaməsinin 34-cü maddəsinin tələbinə görə “yalnız dövlətlərin bu məhkəmənin baxdığı işlərdə tərəf ola bilməsi prinsipi” birmənalı şəkildə təsdiq edir ki, bu məhkəmə ayrı-ayrı fiziki şəxslərin törətdikləri cinayət işlərinə baxmaq statusuna malik deyildir. Bu, o demək deyil ki, soyqırımı və digər ağır cinayətləri törədənlərin əməlləri cəzasız qalmalıdır. Bəşər tarixinin ən qəddar müharibələrindən olan II dünya müharibəsindən sonra bəşəriyyət əleyhinə törədilmiş ən ağır cinayətlərə görə Nürnberq Beynəlxalq Tribunalı 8 avqust 1945-ci ildə SSRİ, ABŞ, Böyük Britaniya və Fransa hökumətləri arasında Avropa ölkələrində əsas hərbi cinayətkarların tribunala verilməsi və cəzalandırılması haqqında bağlanmış dövlətlərarası saziş əsasında, Tokio Tribunalı isə 19 yanvar 1946-cı ildə müttəfiq dövlətlərin baş komandanlarının birgə iclasında təsis edilmişdir. Bundan fərqli olaraq, Yuqoslaviya və Ruanda tribunalları BMT Təhlükəsizlik Şurası tərəfindən təsis edilmişdir. Beynəlxalq Cinayət Məhkəməsi Roma şəhərində BMT-nin Diplomatik konfransında 17 iyul 1998-ci ildə təsis edilmişdir. Bu məhkəmə beynəlxalq birliyi narahat edən ən ciddi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərə münasibətdə yurisdiksiyasını həyata keçirməyə səlahiyyətli olan daimi bir orqan kimi yaradılmışdır. Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun 5, 6-cı maddələrinə əsasən bu məhkəmə genosid cinayətlərini icraata qəbul etmək və mahiyyəti üzrə baxmaq səlahiyyətinə malikdir. Bütün bunlarla yanaşı, Roma statutunun “Ratione temporis yurisdiksiyası”na (11-ci maddə) görə məhkəmə yalnız status qüvvəyə mindiyi tarixdən sonra, yəni, 17 iyun 1998-ci ildən sonra törədilmiş cinayətlərə münasibətdə müvafiq yurisdiksiyaya malikdir. Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusunun 5-ci maddəsinin tələbinə əsasən, bu məhkəmənin yurisdiksiyası yalnız Roma statusunun iştirakçısı olan dövlətlərə şamil edilə bilər. Haaqa Tribunalında isə məsələyə o vaxt baxıla bilər ki, həmin cinayətlər Roma statutunu ratifikasiya etmiş dövlətin ərazisində və bu statutu ratifikasiya etmiş dövlətin vətəndaşı tərəfindən törədilmiş olsun. Bundan başqa, soyqırımı cinayətlərinin beynəlxalq sülhə və təhlükəsizliyə təhlükə yaradan vəziyyətdə törədildiyi və BMT Təhlükəsizlik Şurasının BMT Nizamnaməsinin VII bölməsinə müvafiq olaraq, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etdiyi hallarda da baxıla bilər. Bu hüquqi əsaslar və hüquqi şərtlər hazırda mövcud olmadığına görə də Xocalı soyqırımını törədənlərin cinayət işinə Haaqa Tribunalında baxılması mümkünsüzdür. Çünki Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu imzalamamışdır və ölkəmiz bu beynəlxalq təşkilatın subyekti deyildir. Ermənistan isə 1 oktyabr 1999-cu ildə Roma statutunu imzalasa da, lakin onu indiyə qədər ratifikasiya etməmişdir. Buna görə də Xocalı soyqırımını törədənlərin əməlləri Haaqa Tribunalının yurisdikasiyasının təsiri altına düşsə belə, Azərbaycan bu statutu imzalamadığından xalqımıza qarşı törədilən soyqırımı cinayətinə baxılması barədə Azərbaycanın müraciəti icraata qəbul edilməyəcəkdir. Digər tərəfdən, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin üzvü və Roma statutunu ratifikasiya etsə belə, yenə də bu barədə toplanmış materiallar icraata qəbul edilə bilməz, ona görə ki, Xocalı soyqırımı 25-26 fevral 1992-ci ildə baş vermişdir. Həmin vaxt isə Azərbaycan bu məhkəmənin üzvü olmamışdır.
Lakin bütün bunlar ümidsizlik yarada bilməz və beynəlxalq hüquqda məsələnin başqa həlli yolları da vardır. Bu da onunla əlaqədardır ki, konvensiyanın 6-cı maddəsinin tələbinə görə Xocalı soyqırımı barədə cinayət işi universal yurisdiksiya prinsipinə müvafiq olaraq, Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələri tərəfindən icraata qəbul edilə bilər və həmin cinayəti törədənlər öz layiqli cəzalarını ala bilərlər. Beynəlxalq hüquq nəinki milli məhkəmələrə belə bir imkanı verir, hətta onların üzərinə belə bir öhdəlik qoyur. “Polyuxoviçin Avstraliya İttifaqına qarşı” işi üzrə Avstriya Məhkəməsinin və onlarla digər məhkəmə hökmləri buna misal ola bilər. Dünya təcrübəsi tam təsdiq edir ki, Xocalı qətliamını törədənlərin cinayət işinə Azərbaycanın Xocalı ərazisi üzrə ağır cinayətlər məhkəməsində baxıla bilər. Xocalı soyqırımı Azərbaycan ərazisində, keçmiş Azərbaycan vətəndaşları olan ermənilər tərəfindən, Azərbaycan vətəndaşı olan azərbaycanlılara və Axıska türklərinə qarşı törədilmişdir. “Universal yurisdiksiya” prinsipinə görə, genosid və başqa beynəlxalq cinayət törətmiş şəxsləri mühakimə etmək Azərbaycanın, onun istintaq və məhkəmə orqanlarının nəinki hüququ, hətta vəzifəsidir. Burada nəzərə almaq lazımdır ki, belə cinayətləri törətmiş şəxslərin Ermənistanın, Rusiyanın və ya hər hansı başqa bir ölkənin ərazisində yaşamasından asılı olmayaraq, onların tutulub Azərbaycana ekstradisiya edilməsi beynəlxalq hüququn tələblərindən irəli gəlir. Soyqırımı konvensiyasının 7-ci maddəsinin tələbinə görə təqsirlilərin verilməsi məsələsində soyqırımı və yaxud konvensiyanın 3-cü maddəsində sadalanan digər əməllər siyasi cinayət sayılmır. Bu da onu göstərir ki, təqsirləndirilən şəxslərin hər hansı bir siyasi motivlə əlaqələndirilməsi və Azərbaycana verilməkdən imtina edilməsi mümkünsüzdür.
Məsələnin başqa bir hüquqi həll yolu da vardır. Azərbaycanın səlahiyyətli orqanlarının vəsatətləri əsasında Xocalı soyqırımı üzrə, yaxud ümumiyyətlə, Ermənistanın və ya onun separatçı qüvvələrinin, hərbçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri sülh və insanlıq əleyhinə olan cinayətlərə görə xüsusi səlahiyyətli Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması tamamilə mümkündür. Bunun üçün Azərbaycanın səlahiyyətli orqanlarının BMT-nin Təhlükəsizlik Şurası qarşısında məsələ qaldırması zəruridir. Hesab edirəm ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etməsi və bu qətnamələrin heç birinin indiyə qədər icra edilməməsi, münaqişə zamanı törədilmiş ağır cinayətlərlə bağlı “ad hoc” xüsusi beynəlxalq tribunalın yaradılması haqqında Azərbaycan Respublikasının qaldırdığı vəsatət BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təmin edilməlidir. Mövcud nizamnamə və prosedurlar daxilində və beynəlxalq hüququn tələbləri əsasında Xocalı soyqırımı üzrə xüsusi Beynəlxalq Cinayət Məhkəməsi yaradılarsa, həmin məhkəmədə məsələyə mahiyyəti üzrə baxılıb təqsirli şəxslərin layiqincə cəzalandırılmaları təmin edilə bilər. Yuxarıda istinad etdiyimiz kimi, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç mövqeyi də dediyimizə əsaslanır.
Ümumiyyətlə, son illər dünyanın müxtəlif ərazilərində müxtəlif insan qruplarına qarşı milli, etnik, irqi, dini mənsubiyyətlərinə görə törədilmiş soyqırımı cinayətlərinin heç bir əsaslı dəlil, sübut, qanuni məhkəmə rəyi olmadan, qanunverici orqan hesab edilən ayrı-ayrı parlamentlər tərəfindən tanınması haqqında qanunların qəbul edilməsi ənənəsi geniş vüsət almışdır. Bu, hər şeydən əvvəl, hüquqi dövlətdə “hakimiyyət bölgüsü” prinsipinin həmin qanunverici orqanlar tərəfindən kobud şəkildə pozulması, məhkəmənin funksiyasına aid olan soyqırımı faktının tanınması səlahiyyətlərinin parlamentlər və prezidentlər tərəfindən mənimsənilməsi kimi qiymətləndirilməlidir. Beynəlxalq və milli hüquq birmənalı şəkildə təsdiq edir ki, hüquqi nəticələr doğuran faktların - xüsusilə, ağır cinayət faktlarının tanınması məhkəmə araşdırmalarının, sübutlara obyektiv qiymət verilməsinin nəticəsi kimi qəbul edilə bilər. Başqa sözlə, bu səlahiyyət məhkəmə orqanlarının - məhkəmə hakimiyyətinin səlahiyyətlərinə aiddir. Türkiyədə, guya 1915-ci ildə ermənilərə qarşı soyqırımı törədilməsi haqqında müxtəlif ölkələrin – Hollandiyanın, İtaliyanın, Rusiyanın, Argentinanın, Uruqvayın, Çilinin, Almaniyanın, Yunanıstanın, Venesuellanın, Yunan Kiprinin, Litvanın, Livanın, Polşanın, Kanadanın, Belçikanın, Vatikanın, İsveçrənin, Slovakiyanın parlamentləri tərəfindən müvafiq qanunlar qəbul edilmişdir. ABŞ-ın 30 ştatında da bu məsələ ermənilərin təsiri ilə onların xeyrinə həll edilmişdir. Fransa isə nəinki qondarma “erməni soyqırımı”nın tanınması haqqında 2001-ci ildə qərar qəbul etmiş, habelə Fransa prezidenti Nikola Sarkozinin qanunvericilik təşəbbüsü əsasında 22 dekabr 2011-ci ildə Milli Assambleya “Erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair” qanun da qəbul etmişdir. Bu qanun beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına tamamilə ziddir. Fransanın “Erməni soyqırımı”nı inkar edənlərə 1 il müddətinə azadlıqdan məhrum edilmə və ya 45 min avro məbləğində cərimə cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsinin Fransa parlamentinin aşağı palatasında – Milli Assambleyada, sonradan isə Senatda qəbul edilməsi təəssüf doğurur. Belə ki, bu qanun bir çox beynəlxalq hüquq normalarında təsbit edilmiş fundamental insan hüquq və azadlıqlarını Fransa kimi demokratik və hüquqi dəyərləri ilə tanınan bir ölkədə məhdudlaşdırır, insanların söz, fikir, əqidə, mətbuat, düşüncə azadlığı hüquqlarını kobud şəkildə pozur, analoji hadisə və proseslər barədə insanların sərbəst söz demək, mövqe bildirmək, fikir yürütmək, araşdırma aparmaq azadlıqlarını məhdudlaşdırır. Bu, BMT-nin Baş Assambleyasının 9 dekabr 1998-ci il tarixli “Hamı tərəfindən tanınan insan hüquqlarını və əsas azadlıqlarını dəstəkləmək və müdafiə etməklə bağlı cəmiyyətdəki fərdlərin, qrupların və orqanların hüquq və məsuliyyəti haqqında Bəyannaməsi”nə də ziddir. Fransanın Cinayət Məcəlləsi insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasını və onun qanunsuz pozulmasına görə cinayət məsuliyyəti nəzərdə tutur.
BMT-nin 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ı 23 mart 1976-cı il tarixdən qüvvəyə minmişdir. Bu pakta görə hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna (mad. 18), öz fikrini sərbəst ifadə etmək hüququna (mad. 19) sahibdir. İnsan hüquq və azadlıqlarının müdafiəsi və mühafizəsi ilə bağlı bir çox hüquq normaları öz mənbəyini böyük fransız hüquqşünası Ş.Monteskyönün, fransız mütəfəkkiri J.Russonun dəyərli fikirlərindən, dünyanın ilk yazılı burjua konstitusiyası olan ABŞ-ın 1787-ci il konstitusiyasından, Fransanın 1791 və 1793-cü illərdə qəbul etdiyi konstitusiyalardan götürür. Hələ Fransada 1789-cu ildə qəbul edilmiş “Vətəndaş və insan hüquqları Bəyannaməsi”nin 10-cu və 11-ci maddələrində birmənalı şəkildə göstərilir ki, heç kim öz fikirlərinə görə təqib oluna bilməz. Fikir və düşüncə azadlığının ifadəsi insanın mühüm hüquqlarından hesab olunur. Bütün bunlara baxmayaraq, Fransa beynəlxalq hüquq normalarını və beynəlxalq birlik qarşısında üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq, öz yurisdiksiyası sərhədlərində “erməni soyqırımı”nı inkar edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında hüquqa zidd olan norma qəbul etmişdir. Beynəlxalq birliyin üzvü olan, insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasını qadağan edən bir çox beynəlxalq konvensiyaları ratifikasiya etməklə Fransa bu sahədə öz üzərinə müvafiq öhdəliklər götürmüşdür.
Bu baxımdan Fransanın qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qanun beynəlxalq birliyin insan hüquq və azadlıqları sahəsində əsas saydığı bütün saziş və konvensiyalara tamamilə zidd olduğu heç bir mübahisə doğurmur. Demokratik dünyada BMT-nin “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”sinin tələbinə görə insan hüquq və azadlıqlarının bu və ya digər dərəcədə məhdudlaşdırılmasına yönəlmiş hər hansı bir fəaliyyət yolverilməz hesab edilir.
Təsadüfi deyil ki, Fransanın Cinayət Məcəlləsi insan hüquq və azadlıqlarının müxtəlif formalarda pozulmasına, qadağan edilməsinə və ya məhdudlaşdırılmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. BMT-nin “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Paktı”nın 20-ci maddəsinin 2-ci bəndi, ayrıseçkiliyə, düşmənçiliyə və ya zorakılığa təhriki özündə əks etdirən milli, irqi və ya dini nifrətə qulluq edən çıxışların hər cür formasını qanunla qadağan edir. Bu baxımdan yanaşdıqda, “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qanunun təşəbbüsçüsü olan bəzi Fransa liderləri ölkənin konstitusiyasına və beynəlxalq hüquq normalarına tamamilə zidd olan belə bir layihəni parlamentə təqdim etməklə erməni və türk millətləri arasında milli münaqişəni və düşmənçiliyi qızışdıran hərəkətlərə yol vermişlər. Nəhayət, hesab edirəm ki, insan hüquq və azadlıqlarının mühafizəsi və müdafiəsi ilə məşğul olan müvafiq beynəlxalq qurumlar Nikola Sarkozinin hərəkətlərinə öz mövqelərini bildirməlidirlər. Şərh edilən qanunla bağlı digər ciddi mübahisə yaradan məsələlər də vardır. Hər şeydən əvvəl, ümumi cinayət hüquq nəzəriyyəsində cinayət qanununun zamana və məkana görə tətbiq olunma prinsipini də qətiyyən unutmaq olmaz.
Belə ki, hələ genosid əməllərinin kriminallaşdırılması aparılmadığı bir dövrdə – 1915-ci ildə, başqa bir ölkənin - Türkiyənin ərazisində guya törədilməsi ehtimal edilən əməlin soyqırımı kimi tanınması və bunu inkar edənlərin cinayət məsuliyyəti daşıması barədə həmin tarixdən az qala yüz il keçdikdən sonra qanun qəbul edilməsi tamamilə məntiqsiz və yolverilməzdir. Bu halda Fransanın yüz il əvvəl Türkiyənin ərazisində edilib-edilməməsi fakt olaraq heç bir məhkəmə və ya tribunal tərəfindən tanınmadığı halda, Fransa tərəfindən cinayət hesab edilməsi və insanların düşüncəsinə, fikrinə subyektiv olaraq yeridilməsi tamamilə qanunsuz və əsassız hesab olunmalıdır. Ümumiyyətlə, “hakimiyyət bölgüsü” prinsipinə əməl etməyən Fransa parlamentinin məhkəmə və ya tribunalın qərarı olmadan belə bir ağır cinayəti – soyqırımını “tanıması” faktı özü qanunsuzdur. Belə təşəbbüslər səlahiyyət həddinin aşılması kimi qiymətləndirilməlidir.
Ümumiyyətlə erməni faşizminin Xocalıda və Qarabağın başqa ərazilərində millətimizə qarşı törətdiyi cinayətlərin başında Ermənistanda və Azərbaycanda çox yaxşı tanınan və bu gün də vəzifə iddialarında olan Serj Sarkisyan, Robert Köçəryan, Seyran Ohanyan, Araik Arutyunyan, Nikol Paşinyan və onların həmfikirləri olan mütəşəkkil cinayətkar dəstənin üzvləri tərəfindən reallaşdırılmışdır. Belə əməllərin ideoloji rəhbəri olan “türk körpələrinin qatili” Zori Balayan, erməni Həvari kilsəsi və onların tərəfdarları olan faşistlər, heç şübhəsiz ki, Beynəlxalq Tribunal qarşısında cavab verəcəklər. Erməni faşistlərinin Xocalıda törətdikləri cinayətlərin icra mexanizmləri – odda yandırmaq, qurban kəsmək, mismarlamaq, itlərə yem etmək, diş çıxarmaq, şüşə və mıx yedirtmək, siçovul yuvasına salmaq və onlarca bu kimi digər qəddar, amansız və insanlığa yaraşmayan əməllərin sistem şəklində törədilməsində təəssüf ki, havadarlarının da rolu olmuşdur. Lakin ermənilərin və onların havadarlarının layiqincə cəzalanacağı heç kimdə şübhə yaratmamalıdır.
 

Bəhram ZAHIDOV,
Azərbaycan Respublikası Veteranlar Birliyinin hüquq və kadr şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor

24 Fevral 2021 00:53 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə