Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyevin yeni quruculuq prioritetləri

Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir.

Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamından

 

Prezident İlham Əliyev son 17 ildə Azərbaycanın müstəqil dövlətçilik ənənələrini formalaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. 

təminat yaradıb. Ölkəmiz hazırda regionda həyata keçirilən qlobal enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilib, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlib, respublikada sosial problemlərin həlli – işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər gerçəkləşdirilib.

Hazırda qarşıda duran əsas vəzifə ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün dövlət, cəmiyyət və biznes üçlüyünün uğurlu əlaqəsini bundan sonra da möhkəmləndirmək, xarici bazarlara yerli məhsulların çıxışını artırmaq, iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini reallaşdırmaq, işğaldan azad olunmuş ərazilərin potensialından səmərəli istifadə etməkdir. Bu məqsədlərin gerçəkləşdirilməsi üçün Prezident İlham Əliyev 2021-ci il 2 fevral tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritetin (dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi) reallaşdırılması nəzərdə tutulub.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrası nəticəsində ölkədə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın reallaşdırılması davamlı inkişafın daha da sürətləndirilməsinə möhkəm zəmin yaradacaq. Bu prioritetin səmərəli həyata keçirilməsi üçün iki mühüm məqsəd – davamlı və yüksək iqtisadi artım, habelə daxili və xarici təsirlərə dayanıqlıq təmin olunmalıdır. Davamlı və yüksək iqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlir yüksək səviyyədə gerçəkləşdirilir. İqtisadi artım, eyni zamanda, yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını reallaşdırır. Növbəti onillikdə Azərbaycanda sosial-iqtisadi rifahın yüksəldilməsi üçün iqtisadiyyatın ikiqat artımının təmin edilməsi qarşıda duran başlıca strateji çağırışlardan biridir. Xüsusilə postpandemiya dövründə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlərinin formalaşdırılması və inkişaf etdirilməsi, bu məqsədlə daha dayanıqlı, inklüziv iqtisadi artım mənbələrinin yaradılması zəruri şərtdir. Bu zaman özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbinə, qeyrineft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, qlobal dəyər zəncirinə fəal qoşulma, investisiya mühitinin radikal yaxşılaşdırılması, müasir səhiyyə, təhsil siyasəti vasitəsilə insan kapitalının keyfiyyətinin daha da yüksəldilməsi, biznesin tələblərinə uyğunlaşdırılması, mülkiyyət hüquqlarının daha səmərəli qorunması və digər strateji vəzifələrin icrası prioritet məsələ kimi diqqət mərkəzində saxlanılır. Vətən müharibəsində parlaq qələbə nəticəsində işğaldan azad edilən ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasından, yeni beynəlxalq və regional nəqliyyatlogistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu keçən ilin payızında mənfur qonşumuz Ermənistana cəmi 44 gün ərzində qalib gələrək, 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan torpaqlarımızı düşməndən təmizlədi. Bununla da Azərbaycan özünün beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Azərbaycan bu gün Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Qarabağ bölgəsinin ağır problemlərini aradan qaldırır. Eyni zamanda, həmişə olduğu kimi, yenə də sağlam qonşuluq münasibətlərinin qurulmasının tərəfdarı olduğunu bildirir. Bununla bağlı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan tədbirlərin reallaşdırılmasını diqqətdə saxlayır. Başqa sözlə, ölkəmiz bu sənədin tam əməli icrasına və Ermənistan–Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması əsasında bu qanlı münaqişənin yaralarının sağaldılmasına böyük əhəmiyyət verir. 

Bütün bu məsələlərlə əlaqədar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı da ətraflı məlumat verərək bildirib ki, BMT Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən, 2021-ci il Beynəlxalq Sülh və Etimad İli elan edilib. Bu baxımdan cari ilin Azərbaycan üçün əlamətdar olacağını vurğulayan C.Bayramov ölkəmizin ərazilərinin təxminən 30 il davam edən işğaldan azad olunmasından sonra bərpa və reabilitasiya mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.
Azərbaycanın xarici işlər naziri daha sonra ötən illər ərzində münaqişənin siyasi yolla tənzimlənməsi prosesindən, habelə respublikamızın bu prosesə sadiqliyindən istifadə edən Ermənistanın ərazilərimizi ilhaq etmək məqsədilə işğalının nəticələrini möhkəmləndirmək istiqamətində davamlı tədbirlər gördüyünü də xatırladıb: “Ermənistan tərəfindən işğal olunan ərazilərdə məskunlaşdırma aparılıb, tarixi və mədəni irsimiz dağıdılıb, təbii ehtiyatlar qeyri-qanuni istismar edilib, ictimai və özəl mülkiyyət mənimsənilib. İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə, habelə, mədəni irsinə və infrastrukturuna qarşı ağır cinayətlər törədilib. Ermənistan Azərbaycana qarşı müharibəyə başladığı 2020-ci il sentyabrın 27-dən sonra da mülki əhalimizi təşvişə salmaq məqsədilə müharibə cinayətləri edib, münaqişə bölgəsindən uzaqda yerləşən şəhər və kəndlərimizi atəş altında saxlayıb. Nəticədə 101 mülki şəxs həlak olub, 400-dən çox insan ağır yaralanıb”.
C.Bayramov çıxışında Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə yüz minlərlə köçkünün öz yurdlarına təhlükəsiz qayıtma hüququnun icrasına şərait yaradıldığını qeyd edib. Buna görə də dövlətimizin başçısı tərəfindən ictimai və özəl mülkiyyətin, zəruri mülki infrastukturun, habelə tarixi və mədəni irsin, ətraf mühitin məruz qaldığı ziyan və dağıntıların aradan qaldırılması üçün qarşıya mühüm vəzifələr qoyulub. Azərbaycan hökumət artıq keçmiş köçkün əhalinin təhlükəsiz qayıdışını təmin etmək üçün praktiki tədbirlərə başlayıb.
Yeri gəlmişkən, burada bir məsələyə xüsusi diqqət yetirmək istərdim. Hərbi əməliyyatların bitməsindən, Vətən müharibəsində parlaq qələbəmizdən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad olunan rayonlara səfər etməsi dövlət başçısının uzun illər düşmənin nəzarətində qalan və xarabalığa çevrilən yaşayış sahələrimizin bərpa-quruculuq işlərinə nə dərəcədə həssas yanaşdığın göstərir.
İşğaldan azad edilən bütün şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı ölkə Prezidentinin tapşırığı hazırda böyük məsuliyyətlə icra olunur. Eyni zamanda, Qarabağ bölgəsində “yaşıl enerji” zonasının yaradılması məqsədilə ilkin olaraq pilot layihələr qismində tezliklə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi nəzərdə tutulur. “Ağıllı kənd” layihəsinin ilkin olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində reallaşdırılması planlaşdırılır.
Dövlətimizin başçısı Laçın rayonuna səfər zamanı çıxışında ermənilərin üçtərəfli Bəyanatdan sonra da torpaqlarımızda dağıntılar törətdiklərini qeyd edib: “Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını darmadağın edib, avadanlığı buradan çıxarıb, stansiyaların binalarını da dağıdıb”. Ali Baş Komandan daha sonra bildirib ki, düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb: “Onların hamısı bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaq”. Prezident İlham Əliyev “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının da son dərəcə böyük resurslarının mövcudluğunu xatırladaraq bərpaolunan enerji növlərinin bu bölgədə çox böyük potensiala malik olduğunu diqqətə çatdırıb.
Azərbaycan Prezidenti bu bölgənin elektrik təchizatının dövlət üçün prioritet olduğunu vurğulayaraq, ilk növbədə, Şuşa şəhərini elektrik enerjisi ilə təmin etmək üçün işlərin davam etdiyini söyləyib. Dövlətimizin başçısı deyib: “Azərişıq” artıq Şuşa şəhərinə elektrik xətlərini çəkib. Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək və ondan sonra şəhərin inkişafını təmin etmək üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də Şuşa şəhərinə yüksəkgərginlikli xətləri çəkir və Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir”.
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Azərbaycanın bölgədə ölkələr arasında kommunikasiya xətlərinin üzərində yerləşdiyini və bu istiqamətdə böyük işlərin görüldüyünü xatırladaraq, Qarabağın uzunmüddətli inkişafı, burada sabitliyin möhkəmləndirilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün nəqliyyat layihələrinin xüsusi rolunu xatırladıb, eyni zamanda, bu layihələrin icrasına qoşulacaq bütün ölkələrin bundan ancaq xeyir götürəcəyini, faydalanacağını vurğulayıb: “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər...”.
Dövlətimizin başçısı çıxışlarında məlum üçtərəfli Bəyanatda nəzərdə tutulan müvafiq bəndin icrası nəticəsində bölgənin siyasi, iqtisadi və ticari mənzərəsinin dəyişəcəyinə, region ölkələrinin isə bir-birilə daha sıx bağlanacağına əminliyini ifadə edib.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə yeni proseslər başlayıb. Erməni işğalçıları torpaqlarımızdan qovulub, düşməndən təmizlənən torpaqlarda quruculuq işlərinə start verilib. Artıq 2021-ci il dövlət büdcəsində işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması üçün maliyyə təminatı da yaradılıb. İlkin rəqəmlərə görə, sözügedən tədbirlərin gerçəkləşdirilməsi, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun qurulması, doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı, habelə işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün 2,2 milyard manat nəzərdə tutulub.
Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi, siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, qısa bir dövr ərzində düşməndən azad edilən torpaqlara coşğun həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə respublikamızın deyil, həm də regionun ən inkişaf etmiş məskənlərindən biri kimi bütün dünyada tanınacaq, şöhrət qazanacaq.
 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

24 Fevral 2021 00:16 - SİYASƏT
SİYASƏT
3 Mart 2021 | 01:21
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə