Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan quş qripi ilə əlaqədar İran və Şotlandiyaya qadağa tətbiq etdi

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İran İslam Respublikasının Mazandaran, Gilan, Qum, Kürdüstan əyalətlərindən və Şotlandiyanın Fayf inzibati ərazi vahidindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Xalq qəzeti"nə verilən məlumata görə, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İran İslam Respublikasından və Şotlandiyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qeyd edilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, İran İslam Respublikasının Mazandaran, Gilan, Qum, Kürdüstan əyalətlərində və Şotlandiyanın Fayf inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

23 Fevral 2021 15:57 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə