Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeddi yaşlı Burlanın nağılları

Bu günlərdə Bakıdakı 6 nömrəli məktəbdə hamı balaca qızcığazın nağıllarından danışır. Bu da səbəbsiz deyil, axı yeddi yaşlı Burlanın kitabı nəşr olunub. Özü də iki dildə – Azərbaycan və ingilis dillərində. Bu xəbərə inananlar da var, şübhə ilə yanaşanlar da. Kim inanmırsa, ona balaca müəllifin “Burlanın nağılları – Burla’s tales” adlı kiçik kitabını göstərirlər. Kitabda tozsoranın udduğu corabın bir tayı, alma yerinə səhvən soğan yeyən ala-bula, boz kirpi və su pərisi haqqında üç maraqlı hekayə verilib.

Biz Burla ilə görüşüb söhbət elədik. Bu nağılların necə yarandığını soruşduq. O dedi:
– Mən ilk hekayəmi lap körpə ikən danışmışdım, anam da onu yazmışdı. O vaxt mən yazı-pozu bilmirdim. Sonra əlifbanı öyrənib özüm yazmağa başladım.
– Bəs bu nağılları kitab olaraq buraxmaq necə ağlına gəldi?
–Anamın əmisi, professor Əli Əskər Amerikada yaşayır. Onun qızı Fatimə bir neçə il əvvəl – 9 yaşı olanda ingilis dilində “Aya and Maya” adlı maraqlı bir kitab yazmışdı. Mən də onu görüb həvəsləndim. Daha çox uşaq oxuya bilsin deyə, üç hekayəmi ingilis dilinə tərcümə elədim, altı hekayəni bir kitab halına gətirdim. İstəyirəm ki, balaca bacım Dəfnə və eləcə də, nağıl dinləməyi sevən dostlar boş vaxtlarında oxusunlar.
Burla ingilis dilini Birləşmiş Ərəb Əmirliklərində öyrənib. Ata-anası yeddi il orada AzTV-nin ərəb ölkələri və Şimali Afrika üzrə müxbiri işləyiblər. Burla da, kiçik bacısı Dəfnə də ingiliscə çox gözəl danışırlar.
Burla yazıçı Səfər Alışarlı ilə türkoloq – alim Ramiz Əskərin nəvəsidir. Babalar balaca yazarın kitab buraxmaq arzusunu dəstəkləyiblər. Kitabın dilimizdəki mətnini Burlanın anası – jurnalist Leyla Alışarlı, ingilis dilindəki mətnini dayısı Atilla Əskər redaktə ediblər. Rəngli illüstrasiyaları isə istedadlı rəssam Fidan Adıgözəlova çəkib.
Burla hazırda Bakıdakı 6 nömrəli məktəbin birinci sinfində oxuyur. İngilis bölməsində təhsil alır. Dərs əlaçısıdır. Öz kitabından dostlarına, qohumlarına, sinif yoldaşlarına və müəllimlərinə hədiyyə edib. Balaca qız boş vaxtlarında rəsm çəkir, pianoda çalır, hekayə yazır. Ondan:
– Böyüyəndə hansı peşəni seçmək niyyətindəsən? – deyə soruşduq.
Burla bir az düşünüb dedi:
– Mən də, bacım Dəfnə də həkim olmaq istəyirik. İstəyirəm ki, gündüz həkim olum, axşamlar kitab yazım, istirahət günləri isə rəsm çəkim.
– Növbəti kitabın nə vaxt çıxacaq?
– Gələn il.
– Səncə, hekayə ilə nağılın fərqi varmı?
Burla dedi:
– Əlbəttə, var. Nağıl həmişə “biri vardı, biri yoxdu” sözü ilə başlayır, axırda isə göydən üç alma düşür. Həm də nağılda div olur, küpəgirən qarı olur, sehirli şeylər olur. Hekayədə belə şeylər olmur. Hekayədə hər şey gerçək olur.
– Bəs niyə sənin kitabın “Burlanın nağılları” adlanır?
– Nəşriyyatda dedilər ki, balaca uşaqlar hekayə sözünü bilmirlər, ona görə də kitaba “Burlanın nağılları” adını qoysaq yaxşı olar. Mən də razılaşdım.
Yeri gəlmişkən, fevralın 24-də Azərbaycanın ən balaca yazarı Burlanın 7 yaşı tamam olur. Ona yeni yaradıcılıq uğurları arzulayırıq!
 

Ə.ƏLƏSGƏRLİ,
“Xalq qəzeti”

23 Fevral 2021 03:14 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
2 Mart 2021 | 15:42
Xəzərdə zəlzələ olub

Köhnə versiyamızdan xəbərləri izlə