Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

YAP İcra Katibliyində “Xilaskar İlham Əliyev” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib

Fevralın 22-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bəxtiyar Sadıqovun “Xilaskar İlham Əliyev” kitabının videokonfrans formatında təqdimatı keçirilib. Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyasından məlumat verilib.

Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, professor Fəzail İbrahimli qeyd edib ki, “Xilaskar İlham Əliyev” kitabında xüsusi diqqət çəkən məqam qətiyyətli, hünərli, iradəli sərkərdə portretinin yaradılmasıdır. Aprel döyüşlərindən etibarən ötən müddət ərzində Azərbaycanın atdığı addımlar, dünyaya bəyan etdiyi fikirlər və digər məsələlər kitabda xronoloji ardıcıllıqla əksini tapıb. Elə məsələlər var ki, bu, Azərbaycan hüdudlarından kənara, dünyaya verilən mesajdır: “44 günlük müharibədən sonra Zəfər paradı keçirildi. Orada ölkə Prezidenti İlham Əliyev kürsüdə bütün dünyaya bəyan etdi ki, biz qalib gəldik, haqq işimizi yerinə yetirdik. Beynəlxalq təşkilatların görə bilmədiyi işi gördük. Azərbaycanın dövlətçilik tarixi var və biz bu tariximizi, ədaləti, haqqı bərpa etdik”.
Kitabın sonuncu yazısının fəlsəfi, rəmzi məna daşıyan “Allahın evi – Ağdam məscidi” olduğunu deyən sədr müavini bildirib ki, zahirən elə görünür ki, Ali Baş Komandan bu məscidə sadəcə ziyarətə gəlib: “Amma bu tarixi səfərlə bütün müsəlman dünyasına bəyan edilir ki, məscid bizim ərazimizdə yerləşir, ancaq bura bütün müsəlmanların Allah evidir. Bu Allah evinə ermənilər tərəfindən edilən təcavüz bütün müsəlman evinə törədilən təcavüzdür”.
Fəzail İbrahimli vurğulayıb ki, bu kitab bizim döyüş şücaəti ənənələrimizin özümüzə qaytarılmasının tarixindən yazır, 200 ildir ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin necə uğursuzluqla sonlandığından bəhs edir: “Kitabın ümumi qayəsində bir çağırış var: Ey Azərbaycan insanı, bil, düşün, dərk et və əməl et. 200 ildən artıq xristian ağuşuna sığınan, başımıza güllə və qumbara yağdıran, 12 aylıq təqvimin 10 ayında bizə qarşı faciə törədən düşməni məğlub etdik”.
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, xalqımızın Vətən müharibəsində qələbəsinə həsr olunan “Xilaskar İlham Əliyev” kitabının təqdimatının keçirilməsi üçün 22 fevral tarixinin seçilməsi təsadüfi deyil. Çünki ermənilərin Dağlıq Qarabağın Azərbaycandan qopardılması, torpaqlarımızın işğalı ilə bağlı fitnəkarlıqlarına qarşı xalqımızın ayağa qalxması məhz 1988-ci ilin 22 fevralından başlayır.
Mübariz Qurbanlı qeyd edib ki, ulu öndər Heydər Əliyevin başlatdığı siyasət və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Ermənistanın hərbi təxribatı nəticəsində başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızın azad olunmasını təmin etdi. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında Prezidentin liderlik keyfiyyətlərindən irəli gələrək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə, eyni zamanda, xarici siyasətdə uğurları və xalq-iqtidar birliyi dayanır. Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev milli maraqları ifadə edən qətiyyətli siyasət yürütməklə özündə yüksək şəxsi keyfiyyətləri, milli dəyərləri və təcrübəli idarəetmə bacarığını birləşdirən lider olduğunu sübut etdi.
“Bu siyasət, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə bizim şərəf tariximizdir. Bu tarixi qələmə almaq, təbliğ etmək, gənc və gələcək nəsillərə ötürmək olduqca vacibdir”, – deyən Mübariz Qurbanlı bu baxımdan “Xilaskar İlham Əliyev” kitabının əhəmiyyətindən söz açıb. Qeyd edib ki, dörd fəsildən ibarət olan kitabda mühüm istiqamətlər var. Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması uğrunda diplomatik fəaliyyəti, həyata keçirdiyi ordu quruculuğu, Vətən müharibəsində ordumuzun uğurlu hərbi əməliyyatları, əsgərlərimizin qəhrəmanlıqları, torpaqlarımızın azad olunması kimi tariximizi şərəfləndirən məqamlar burada öz mükəmməl əksini tapıb. Müəllif kitabda torpaqlarımızın azadlığı uğrunda mübarizənin salnaməsini yaradıb ki, bu da həm bu gün, həm də gələcək üçün əhəmiyyətlidir və dəyərlidir.
Mübariz Qurbanlı əmin olduğunu bildirib ki, Azərbaycanın müstəqil qalibiyyət tarixinin geniş əhatə olunduğu dəyərli mənbə kimi “Xilaskar İlham Əliyev” kitabı həm siyasi-ideoloji məzmununa, həm də ədəbi-bədii dəyərinə görə böyük oxucu marağına səbəb olacaq.
Tədbirdə digər çıxış edənlər kitabla bağlı fikirlərini bildiriblər. Qeyd edilib ki, nəşrdə əsas istiqamət Azərbaycanın xilasına gedən yolun və 33 ildir davam edən münaqişəyə son qoyan qətiyyətli siyasətin izahıdır. Bu problemin həllində xilaskarlıq missiyasını həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti kitabda geniş şəkildə təqdim olunur. Kitab bu böyük tarixi hadisəni izah etmək baxımından məntiqi struktura malikdir. Bildirilib ki, qələbə sevincləri “Xilaskar İlham Əliyev” kitabının ana xəttini təşkil edir. Həm də torpaqlarımızın azad olunması uğrunda aparılan mübarizənin bir salnaməsi kimi müharibənin canlı mənzərəsini özündə əks etdirir.

23 Fevral 2021 01:23 - SİYASƏT
SİYASƏT
3 Mart 2021 | 01:21
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə