Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı Avropa İttifaqı tərəfindən həmişə dəstəklənib

Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlıq üzrə sənədlər imzalayıb. Bu da əməkdaşlığın səviyyəsini nümayiş etdirir. İki il öncə biz tərəfdaşlığın prioritetləri üzrə sənədi də imzaladıq. Bu da bizim əməkdaşlığımızın gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Biz çox məmnunuq ki, həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı Avropa İttifaqı tərəfindən dəstəklənib. Bu, Ermənistanla Azərbaycan arasında münaqişənin həllinə çox haqlı və ədalətli yanaşmanın olduqca mühüm əlamətidir.
 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

2020-ci il bizim üçün təkcə qələbə ili, torpaqlarımızın düşmən tapdağından azad edildiyi il kimi yadda qalmadı. Ötən il həm də ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində çoxsaylı uğurlara imza atdı. Dövlət başçımız BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış etdi, BMT rəhbərliyi bilavasitə Azərbaycanın təşəbbüsü ilə xüsusi sessiya çağıraraq, dünya ictimaiyyətini koronavirusa qarşı mübarizədə əlaqələndirilmiş fəaliyyət göstərmək yollarını müzakirə etdi, Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Ölkələrin Dövlət başçılarının və Qoşulmama Hərəkatına üzv ölkələrin rəhbərlərinin zirvə görüşləri keçirildi.

Bu zaman bir faktı xüsusilə vurğulamaq yerinə düşər ki, dövlət başçımız ötən ilin əvvəlində iştirak etdiyi Davos İqtisadi Forumunda, İtaliyaya səfəri çərçivəsində keçirilən görüşlərdə, Münhen Təhlükəsizlik Konfransının debatlarında və ümumiyyətlə, bütün beynəlxalq təşkilatlardakı çıxışlarında dəfələrlə xatırladıb ki, Avropa İttifaqı ilə Azərbaycan arasında indi çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur və bu tərəfdaşlıq bir çox sahələri əhatə edir. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, yeni sazişlə bağlı danışıqlar uğurla davam edəcək.
Prezident İlham Əliyev 44 günlük müharibənin başlanmasından üç gün əvvəl – sentyabrın 24-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristian Kamillin etimadnaməsini qəbul edərkən demişdi ki, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlıq üzrə sənədlər imzalayıb. Bu da əməkdaşlığın səviyyəsini nümayiş etdirir. İki il öncə biz tərəfdaşlığın prioritetləri üzrə sənədi də imzaladıq. Bu da bizim əməkdaşlığımızın gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir: “Biz çox məmnunuq ki, həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı Avropa İttifaqı tərəfindən dəstəklənib. Bu, Ermənistanla Azərbaycan arasında münaqişənin həllinə çox haqlı və ədalətli yanaşmanın olduqca mühüm əlamətidir. İkitərəfli əlaqələrimizə gəlincə, əlbəttə ki, biz onların daha fəal olmasını görmək istəyirik. Mən əminəm ki, səfirlərin fəaliyyəti sayəsində bu imkan yaranacaq”.
Azərbaycan rəsmiləri dönə-dönə xatırladırlar ki, Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin təqribən 50 faizi üzv dövlətlərin payına düşür. Artıq xeyli müddətdir ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Ötən ilin son günlərində biz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlamışıq. Ölkəmiz Azərbaycanı Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı olmuş və onu maliyyələşdirmişdir. Cənub Qaz Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən xarici siyasətimizin əsas konturları barədə danışmış və Avropa İttifaqı ilə tərəfdaşlığımıza xüsusi önəm verildiyini vurğulamışdır.
Dövlət başçımız “İslam Əməkdaşlıq Təşkilatının xətti ilə Azərbaycanda bir çox tədbirlər keçirilmişdir. Mən bir çox zirvə görüşlərində iştirak etmişəm, həmişə öz çıxışlarımda və öz fəaliyyətimdə İslam aləmində əməkdaşlığın, həmrəyliyin inkişafına fikir vermişəm, səylər göstərmişəm”, “Türkdilli dövlətlər bizim üçün qardaş ölkələrdir və bütün türkdilli dövlətlərlə çox gözəl münasibətlərimiz var. Bildiyiniz kimi, hazırda Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir” kimi arqumentlərdən sonra vurğulamışdır ki, bizim Avropa İttifaqı ilə əlaqələrimiz də çox möhkəm zəmində qurulub.
Xüsusilə yada salınmalı məqamlardan biri də odur ki, Azərbaycan Prezidenti bu mühüm beynəlxalq təşkilatla imzalanacaq sənəddə ölkəmizin və xalqımızın maraqlarının yüksək səviyyədə qorunması şərtini irəli sürür: “Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzərində iş aparılır... Hesab edirəm ki, Azərbaycan maksimum dərəcədə konstruktivlik göstəribdir və bu gün hələ də razılaşdırılmamış məsələlər var. Bizim üçün indiki formada onları qəbul etmək deyə bilərəm ki, çox çətin və əhəmiyyətsiz olacaqdır. Çünki mən demişəm, biz ona görə yeni saziş imzalamalıyıq ki, öz maraqlarımızı daha böyük dərəcədə müdafiə edək, təmin edək və qarşı tərəf də həmçinin. Onlar ona görə Azərbaycanla bu sazişi imzalamaq istəyirlər ki, öz maraqlarını müdafiə və təmin etsinlər. Bu da təbiidir. Ancaq gərək bu maraqların uzlaşması olsun. Yəni, biz heç vaxt bizi qane etməyən, yaxud da ki, bizə hansısa problem yarada biləcək sazişə imza atmarıq. Bu, əhəmiyyətsizdir, mənasızdır. Biz Azərbaycan xalqına məlumat verməliyik ki, bunu nə üçün edirik. Biz edirik ki, daha yaxşı şərait olsun, əməkdaşlıq üçün daha yaxşı imkanlar yaransın, xalqımız üçün daha geniş imkanlar açılsın. Yoxsa, elə saziş imzalansın deyə sazişə qol çəkmək düzgün olmaz. Bizim mövqeyimiz tam açıqdır. Mən bunu bu gün bütün ictimaiyyətə bildirirəm”.
Azərbaycan Prezidenti özünün təyin etdiyi naziri qəbul edərkən səsləndirdiyi fikirlərlə Avropadakı dost, tərəfdaş və həmkarlarımıza da mesaj göndərirdi ki, kompromis üçün yer var. Ancaq gərək xoş niyyət və qarşılıqlı iradə olsun: “Azərbaycan tərəfində bu iradə var. Ümid edirəm ki, bu danışıqlar uğurla davam edəcək. Onu da nəzərə almalıyıq ki, hazırda Avropa Komissiyasının yeni tərkibi formalaşıbdır və biz, əlbəttə, Avropa İttifaqının Azərbaycana münasibətinin statusunu özümüz üçün daha dəqiq müəyyən etməliyik. Biz bəri başdan o mövqedə idik ki, qarşımıza real olmayan hədəflər qoymayaq. Çünki sonra bu hədəflərə çatmayanda məyusluq, qarşılıqlı inamsızlıq yarana bilər. Ona görə qarşıya elə məqsədlər qoymalıyıq ki, biz ona çata bilək və bu məqsədlər bizim maraqlarımıza uyğun olsun. Hesab edirəm ki, bu istiqamətdə gələcək fəaliyyət də uğurlu olacaqdır”.
Son otuz ildə apardığımız xarici siyasətin əsas məqsədi, təbii ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldilmişdi. Ona görə də son illər görülmüş tədbirlər nəticəsində bütün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyublar. Həmin məsələyə konkret münasibət nümayiş etdirən beynəlxalq qurumlardan biri də məhz Avropa İttifaqı olmuşdur. Belə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq Prioritetləri” sənədində də ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı xüsusi bənd var.
Azərbaycan rəhbərliyi Avropa ölkələri və qitə miqyaslı beynəlxalq təşkilatlarla əməkdaşlığın gələcəyinə böyük ümidlərlə baxır. Elə Prezident İlham Əliyev də bu il fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclasındakı çıxışında avropalı tərəfdaşlarımızla əməkdaşlıqda qazandığımız uğurları sadalayır və xatırladır ki, bunların hər biri əhəmiyyətli nailiyyətlərdir: “Bu gün keçmişə nəzər saldıqda görürük ki, bütün bu nailiyyətlər olmasa idi, bir-birimizi təbrik etdiyimiz bugünkü mərasim mümkünsüz olardı. Ancaq biz gələcəyə baxmalıyıq. Biz böyük nailiyyətlər əldə etmişik, lakin əminəm ki, bu gün Məşvərət Şurasının toplantısı çərçivəsində iştirakçılar gələcək planlarımızı müzakirə edəcəklər. Azərbaycana gəldikdə, biz enerji resurslarımızı inkişaf etdirməyə davam edəcəyik. Hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var. Xüsusilə 400 milyard kubmetr qaz ehtiyatına malik olan “Babək” yatağını qeyd edə bilərəm. “Abşeron” qaz-kondensat yatağının 350 milyard kubmetr ehtiyatı var və ümid edirəm ki, orada hasilat gələn il başlayacaqdır. Digəri isə “Ümid” yatağıdır ki, orada ən azı 200 milyard kubmetr təbii qaz ehtiyatı mövcuddur”.
Yəni Avropa hələ uzun illər Azərbaycanın təbii resurslarından bəhrələnə biləcəkdir. Ona görə də, dövlət başçımız məxsusi olaraq vurğulayır ki, əməkdaşlıq tərəflərin hər ikisinə sərf edən şərtlər çərçivasində davam etdiriləcək.
 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

23 Fevral 2021 00:58 - SİYASƏT
SİYASƏT
3 Mart 2021 | 01:21
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə