Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dili dünyaya tarixi Zəfər zirvəsindən boylanır

21 Fevral Beynəlxalq Ana Dili Günüdür.

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında UNESCO Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.
Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırmaqla hər bir insan üçün ana dilinin nə qədər əziz və doğma olduğunu da yada salır və təsdiqləyir.
Bütün dünya xalqlarının öz ana dilində dərin sevgi ilə qeyd etdiyi bu gündə bir daha təsdiqlənir ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Bundan çıxarılan ən önəmli nəticə isə odur ki, hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Dünyada hamılıqla etiraf edilən həqiqətlərdən biri də odur ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.
Azərbaycanın dövlət müstəqilliyi qazanması ilə xalqımızın ana dili də həqiqi dəyərini alaraq rəsmi səviyyədə dövlət dili elan edilmiş, cəmiyyətdə layiqli yerini tutmuşdur. 1995-ci il Konstitusiyasında bu status ən yüksək səviyyədə təsbit edilmişdir. 2002-ci il sentyabrın 30-da isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Ana dilimiz gündəlik fəaliyyətimizdə ən başlıca ünsiyyət vasitəsi kimi hamımızın duyğu və düşüncələrinə işıq salır, bizimlə birlikdə yaşayır, mübarizə aparır. Ən yüksək duyğu düşüncələrimizin də ünvanlarından biri ana dilimizdir. Onsuz dilimiz lal, qulaqlarımız kar olar, gördüklərimizin də mənasını anlamarıq.
Ana vətən! Ana dili! Dünyada yaradılmış hər bir canlının özü qədər dəyərli və müqəddəs olan bir varlıq – ana ilə qoşa səslənir dilimiz. Bu dili yaradan da, yaşadan da analarımız olmuşdur. Ulu əcdadlarımız öz analarından əmanət aldıqları bu dili Vətənimizlə bərabər qoruyub bu günə çatdırmışlar. Ana dilimiz torpağımız kimi göz bəbəyimiz kimi qoruyacağımız ən ali dəyərimizdir. Ulu Dədə Qorqudun vəsiyyətində yer aldığı kimi: torpağı əkib becərməyəcəksənsə, qorumağa, qorumayacaqsansa, əkib becərməyə dəyməz.
Ana dilinə heç bir zaman etinasız yanaşmaq olmaz, çünki o da öz növbəsində bir canlıdır. Həm də ən ulu canlıdır. Ruhu kövrək canlıdır. Bizim görmədiyimiz, tarixi kitablardan oxuduğumuz və ya xəyalən düşüncəmizdə canlandırdığımız hadisələrin şahididir ana dilimiz. Bir sözlə, ana dilimiz tarixin canlı şahididir, solmaz izidir. Xalqımızın həyatında ən taleyüklü hadisələrin şahidi olan ana dilimiz əcdadlarımızın həm sevincinə, həm kədərinə şahidlik etmişdir. Deməli, babalarımızın, analarımızın, bacı və qardaşlarımızın bir-birinə can deyib, can eşitdiyi dilimizi sevmək, yaşatmaq hər birimizin borcumuzdur. Vətənimiz və dilimiz uğrunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında ehtiramımız sonsuzdur.
Qələbə ilə başa çatmış müqəddəs Qarabağ savaşında da bütün əmrlər ana dilimizdə verildi, əsgər və zabitlərimizin silahı güllə və mərmilərlə yanaşı, həm də ipək kimi yumşaq, qılın kimi kəsərli ana dilimiz oldu. Ana dilimiz də qəhrəmanlarımız kimi döyüşdü, qalib gəldi. Bütün dövrlərdə millətimizə, dövlətimizə, torpağımıza qarşı yönələn ən qəsbkar hücumları qalxan kimi qarşılayıb dəf edən də anadilimiz olmuşdur. Xalq şairi Sabir Rüstəmxanlının qeyd etdiyi kimi:
Döyüşdə qılınc tək sıyrıldı qından,
Başımın üstündə bayrağım oldu.
Torpağım ikiyə bölünən zaman
Bu dil bölünməyən torpağım oldu.
Nəinki torpağımız ikiyə bölünən zaman, eyni zamanda, qırmızı qaranlıqların hökm sürdüyü dövrlərdə də ana dilimiz milli ziyalılarımızın təəssübkeşlyi ilə yaşadı və inkişaf etdi. Deməli, dil canlı orqnizm olsa da, onun yaşaması bu dildə danışanların ona öz anası kimi sahib çıxması ilə bağlıdır. Görkəmli ədəbiyyatşünas alim Firidun bəy Köçərli də hər bir xalqın dilini onun varlığını, milli müstəqilliyini təmin edən əsas və başlıca amil hesab edirdi. “Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fot olar və ondan bir nişan qalmaz”.
Bəli, yaşadığımız dünyada bunun parlaq örnəklərindən biri də xalqımızın öz ana dilinə olan sevgisidir. Bu mənada xoşbəxt xalqıq ki, tarixin bütün mərhələlərində ana dilimizi qoruyan, sevən və inkişaf etdirən vətənpərvər ziyalı ordumuz olmuşdur. Onların ana dili sevgisinin işığında dilimiz və millətimiz bu kimi təhlükələrdən hifz olunmuşdur. Bu mənada dilçi professor Buludxan Xəlilov yazır: “Xalqımızın qəhrəmanlıq salnaməsi olan ana dilimizdə millətimizin tarixi canlanır”. Doğrudan da, ana dilimiz xalqımızdan və onun öndə gedən liderlərindən güc almışdır. Bu gün ana dilimiz tarixi şəxsiyyətlərimizdən – Cavanşirdən, Babəkdən, Şəmsəddin Eldənizdən, Şeyx İbrahim Dərbəndidən, Uzun Həsəndən, Şah İsmayıl Xətaidən, Nadir Şah Əfşardan, Cavad Xandan, Qubalı Fətəli xanda , Azərbaycan Xalq Cümhuriyyəti liderlərinndən, müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevdən, Prezidentimiz İlham Əliyevdən güc almışdır və almaqdadır.
Bəli, əsrlərdən bəri ana dilimizin qorunması və saflığı uğrunda ulularımızın apardığı mübarizə fonunda, heç şübhəsiz, ən ali mübarizə Vətən müharibəsində əldə olunan qələbəmiz oldu. İllərlə işğal altında olan doğma torpaqlarımızda Milli Ordumuzun Vətən sevgisindən doğan zəfər səsləri yayıldı. İşğal edildiyi gündən öz doğma adında səslənməməsinin xiffətini çəkən kəndlərimiz, rayon və şəhərlərimiz Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəli çıxış və müraciətlərində təntənə zirvəsinə yüksəldi. Onu əlüstü göstərişləri ilə torpaqlarımız eybəcər adlardan sıyrılaraq öz əzəli adları ilə çağrıldı.
Tarixə öz möhürünü vuran “Qarabağ Azərbaycandır” nidası ilə yola çıxan Ali Baş Komandan və onun müzəffər ordusu dilində ana dilimizin kəlmələri zəfər çaldı. Bu mənada “Qarabağ Azərbaycandır!” nidası həm də ana dilimizin qorunmasına, gələcək nəsillərə qalib dünya dili kimi ərməğan edilməsinə yönələn bir nida oldu. Çünki 30 ildə təkcə torpaqlarımız deyil, həm də həmin ərazilərdə yerləşən tarixi abidələrimiz, tarixi toponimlərimiz də öz ana dilimizdəki gözəl adlarından uzaq düşmüşdü. 30 ildə işğal altında olan ərazilərimizdə doğma ana dilimiz də tamaimlə sıxışdırılmış və işğal edilmişdi. Azərbaycan xalqının tarixi zəfəri doğma torpaqlarımızda ana dilimizin yenidən intişar tapmasına meydan açmışdır.
Beləliklə, Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusu doğma Azərbaycan türkcəsində dünyaya səsləndilər ki, tarixə dəllallıq edənlər utansınlar. Tarixə hökm edən qalib nidalardan biri olmuş “Qarabağ Azərbaycandır!” nidası ana dilimizin mövcudluğunu da qazandığımız qələbənin zirvəsinə yüksəltdi. Bu gün Azərbaycan dili dünyaya tarixi zəfərimizin zirvəsindən boylanır.
 

Əlimuxtar MUXTAROV,
filologiya üzrə fəlsəfə doktoru

21 Fevral 2021 02:56 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə