Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tərtərdə elmi-praktik seminar

Tərtər rayonunda Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri ilə Baytarlıq Elmi-Tədqiqat İnstitutunun alimləri birgə “Alimlər fermerlərin yanında” layihəsinin davamı olaraq, “Kənd təsərrüfatı heyvanlarının və quşlarının mövsümi xəstəlikləri, onlara qarşı mübarizə tədbirləri” mövzusunda elmi-praktik seminar keçirmişlər.

Tədbir Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Tərtər rayonu Bəyimsarov kəndində Habil İbrahimova məxsus heyvandarlıq təsərrüfatında və İrəvanlı kəndində Tahir Abdullayevə məxsus quşçuluq təsərrüfatında, hazırkı pandemiya ilə əlaqədar açıq şəraitdə, heyvandarlıq üzrə fəaliyyət göstərən fermerlərin və aqrar sahə mütəxəssislərinin, həmçinin Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Pandemiya ilə əlaqədar qəbul olunmuş qaydaların tələblərinə uyğun olaraq ara məsafələri qorunmuş, tibbi maskalardan istifadə edilmişdir.

Mütəxəssislər Baytarlıq ETİ-nin direktor müavini, baytarlıq üzrə fəlsəfə doktoru, dosent, Səhman Bayramov, Baytarlıq ETİnin Kənd təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri şöbəsinin müdiri, baytarlıq üzrə fəlsəfə doktoru Azər Həsənov, Baytarlıq ETİ-nin Abşeron Eksperimental Dayaq Məntəqəsinin müdiri, Ramin Məmmədov, Tərtər RAEİM-nin baş zootexniki Süleyman Məmmədov, Tərtər RAEİM-nin aparıcı zootexniki Flora Ələsgərova əsasən bölgə fermerlərinə dəstək məqsədi ilə iri və xırda buynuzlu heyvanların, quşların mövsümi xəstəlikləri barədə, onlara qarşı mübarizə tədbirləri haqqında geniş məlumat vermişlər. Quşçuluq və heyvandarlıq təsərrüfatlarında infeksion, mövsümi parazitar xəstəliklərlə mübarizədə kimyəvi və bioloji preparatların istifadə qaydaları ilə bağlı, mövsümi xəstəliklərə qarşı baytarlıq-sanitariya tədbirləri haqqında tövsiyələr fermerlərin diqqətinə çatdırılmış və onlara bukletlər təqdim edilmişdir.

Tərtər RAEİM-nin direktoru bildirmişdir ki, bu cür təlimlərin, seminarların, fermerlərin şəxsi təsərrüfatlarında görüşlərin keçirilməsində əsas məqsəd heyvandarlıqda, quşçuluqda qulluq işlərinin, xəstəliklərə qarşı mübarizə tədbirlərinin səmərəliliyini yüksəltmək, nəticə etibarı ilə təsərrüfatların məhsuldarlığını, gəlirlərini artırmaq, daha da rentabelli işləməsi üçün onlara lazımi mütəxəssis tövsiyələri verməkdən ibarətdir.

Görüş qarşılıqlı müzakirə şəraitində baş tutmuşdur. Sonra fermerləri maraqlandıran suallar Baytarlıq Elmi-Tədqiqat İnstitutunun alimləri, eləcə də Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri tərəfindən cavablandırılmışdır.

Bəhruz NƏZƏROV,

Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru,

Mehman BABAYEV,

Kənd Təsərrüfatı İdarəsinin rəisi

20 Fevral 2021 06:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə