Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan multikultural dəyərləri ilə dünyaya nümunədir

Dünən Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu öz işini başa çatdırdı. İki gün ərzində davam edən tədbirdə dünyanın 86 ölkəsi və 24 beynəlxalq təşkilatından 580-dən çox nümayəndə iştirak edirdi. Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən forumun açılış mərasiminə qatılmışdılar. Dövlət başçımızın nitqi qonaqlar tərəfindən böyük maraqla qarşılandı. 
Əməkdaşımız forum iştirakçılarının tədbirlə bağlı fikirlərini öyrənib. Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç deyib: 
– Bakı Beynəlxalq Humanitar Forumu böyük siyasi və mənəvi əhəmiyyətə malik bir toplantıdır. Burada dünyanın müxtəlif ölkələrindən tanınmış dövlət xadimlərinin, elmin ayrı-ayrı sahələri üzrə Nobel mükafatı laureatlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, eləcə də dünyanın siyasi, elmi və mədəni elitası nümayəndələrinin iştirakı təsadüfi deyil. Dünyanın taleyini düşünmək iqtidarında olan insanlar Bakıda toplaşaraq bəşəriyyətin vacib problemlərini müzakirə edirlər. Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev bu illər ərzində forumun yüksək səviyyədə təşkili üçün böyük səylər göstərib. Azərbaycan lideri, eyni zamanda, forumun dünyada sülh, əmin-amanlıq, dinc yanaşı yaşama işinə ciddi töhfələr verməsinə çalışır. Biz bunu onun nitqindən də gördük. 
Biz bir daha əmin olduq ki, Azərbaycan sülhsevər, tolerant, multikultural dəyərlərə sadiq ölkədir, multikulturalizm burada yaşayan insanların həyat tərzidir. Münaqişələrdən, müharibələrdən təngə gəlmiş hazırkı dünyada bu, çox vacib məsələdir. Prezident forumdakı nitqində dedi: “Ənənəvi dinlərin məbədlərinin – katolik, pravoslav kilsələrinin, sinaqoqların bərpası və tikintisi Azərbaycanda reallıqdır. Bu reallıq ölkəmizdə çox gözəl ictimai iqlim yaradır. Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Deyə bilərəm ki, müasir Azərbaycan dövləti çox dərin milli dəyərlər, milli-mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, biz dünyaya açığıq. Qeyd etdiyim kimi, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır. Təsadüfi deyil ki, biz mənim sərəncamımla 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdik”.
Bu, onu deməyə əsas verir ki, Azərbaycan tarixin dərin qatlarından süzülüb gələn milli-mənəvi, multikultural dəyərləri ilə dünyaya nümunədir. Biz bu ənənələri öz ölkələrimizdə, bütün dünyada yaya bilsək, nə qədər insan faciəsinin qarşısını almış olarıq. 

 

Söhbəti yazdı: 
Paşa ƏMİRCANOV,
 “Xalq qəzeti”

27 Oktyabr 2018 00:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə