Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Astara nümayəndələri beynəlxalq forumda

Türkiyə Cümhuriyyətinin Antalya Böyükşəhər bələdiyyəsi və Dünya Vətəndaşlıq Təşkilatının (WCO) birgə təşkilatçılığı ilə 13-cü İpək Yolu Bələdiyyə Sədrləri Forumu keçirilmişdir. 
İpək Yolunun təkcə tacirlərin yolu deyil, müdriklərin, orduların, fikirlərin, dinlərin və mədəniyyətlərin yolu olduğunu simvolizə edən abidənin açılışı, iştirakçı dövlətlərin bayraqlarının fəxri təqdimatı və tanıtım videoçarxlarının nümayişi ilə başlanan Forumda Türkiyənin hökumət nümayəndələri, tarixi İpək Yolu üzərində yerləşən 32 dövlətin 67 şəhərindən icra başçıları və bələdiyyə sədrləri iştirak ediblər. Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rəhbərliyi ilə   nümayəndə heyəti də foruma qatılıb.
Forumda çeşidli mövzularda məruzələr oxunub, müzakirələr aparılıb və görüşlər keçirilib. Əsas məqsəd şəhərlərin ətraf mühitinin qorunması, davamlı iqtisadiyyat və xalq yönümlü inkişaf olub. Forumda iştirakçılara mədəniyyətlərarası əlaqələrdə, incəsənət, ticarət və turizm sahələrində tarixi İpək Yolunun mühüm rolu haqqında geniş məlumat verilib, həmçinin qloballaşmanın şəhərlərarası diplomatiya və müasir dünyada bələdiyyə xidmətlərinə təsiri barədə dəyərləndirmələr aparılıb. 
Astara nümayəndə heyətinin forum çərçivəsində bir sıra işgüzar görüşləri olub. Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Menderes Türel, Özbəkistanın Səmərqənd və Buxara, Qırğızıstanın Oş, Çernoqoriyanın Kotor, Monteneqronun Budva şəhərlərinin başçıları və bələdiyyə sədrləri ilə görüşlərdə Q.Ağayev son illərdə Azərbaycanın dinamik inkişafı, Astarada icra edilən iri sosial-iqtisadi layihələr və rayonun turizm potensialı barədə məlumat verib. Bölgənin daha sürətli inkişafına xidmət edəcək yeni layihələrə investisiyaların cəlb edilməsi ilə bağlı fikir mübadilələri aparılıb.  
Tədbirdə növbəti – 14-cü İpək Yolu Forumunun İslamabadda keçirilməsi qərara alınmışdır.  

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

26 Oktyabr 2018 23:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə