Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-da VI Bakı Beynəlxalq Humanitar Forumunun İrandan olan nümayəndələri ilə görüş keçirilib

Oktyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən İran nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlara rəhbərlik etdiyi qurum haqqında məlumat verən AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyada elmin prioritet istiqamətlərində aparılan araşdırmalardan, əldə olunan nəticələrdən və nüfuzlu beynəlxalq elmi təşkilatlarla əməkdaşlıq əlaqələrindən danışıb. 
Akademik humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş müzakirələr aparmaq üçün beynəlxalq platforma olan humanitar forumun əhəmiyyətindən söz açıb. Forumun regional əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfə verdiyini qeyd edib.
Akademik A.Əlizadə əvvəlki forumlarda da görkəmli elm və mədəniyyət xadimlərinin, o cümlədən Nobel mükafatı laureatlarının iştirak etdiyini vurğulayaraq onlarla AMEA alimlərinin görüşlərinin keçirildiyini bildirib. AMEA-nın rəhbəri Xəzər dənizinin statusu ilə bağlı Konvensiyanı xatırladaraq, sənədin region ölkələri ilə müştərək tədqiqatların aparılması, birgə elmi proqramların həyata keçirilməsi üçün imkanlar açdığını deyib.
İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun prezidenti, professor Məhəmməd Mehdi Məzahiri  göstərilən qonaqpərvərliyə, həmçinin Forumun yüksək səviyyədə təşkil edilməsinə görə təşəkkürünü bildirib. O, İran və Azərbaycanın elm və mədəniyyət mərkəzləri arasında əlaqələrin bundan sonra da genişləndirilməsi və bu yöndə səmərəli təkliflərin nəzərə alınması baxımından Forumun mühüm rol oynadığını vurğulayıb. M.M.Məzahiri, həmçinin gələcəkdə İranın tanınmış elmi jurnallarında Azərbaycan alimlərinin tədqiqatlarını əks etdirən məqalələrin dərc edilməsinin zəruriliyini söyləyib.
İranın İRNA Dövlət Xəbər Agentliyinin baş direktoru Seyid Ziya Haşemi və İran parlamentinin deputatı Məsumə Ağapur Əlişahi görüşdən məmnun olduqlarını ifadə ediblər. Forumun işini çox yüksək qiymətləndirən qonaqlar burada dünyanın ən nüfuzlu elm-siyasət, mədəniyyət adamlarının iştirak etdiklərini bildiriblər.
M.A.Əlişahi Azərbaycanla bağlı təəssüratlarını bölüşərək ölkələrimizin xalqlarını mədəniyyət, ənənələr və dinin birləşdirdiyini deyib.
Görüşdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Rəyasət Heyəti aparatının beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva iştirak ediblər.

26 Oktyabr 2018 23:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə