Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həmid Məhəmməd Elnur Əhməd: Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək göstərilməsi Sudanın prinsipial mövqeyidir

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Sudan Respublikasının federal hökumət palatasının naziri Hamid Muhamməd Elnur Əhmədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov beynəlxalq təşkilatlar, xüsusilə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyini deyərək, əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Sudanın nümayiş etdirdiyi ədalətli mövqeyə görə sudanlı nazirə təşəkkürünü bildirib.
Nazir Hamid Muhamməd Elnur Əhməd Azərbaycanın Sudan üçün önəmli ölkə olduğunu qeyd edib və ölkəmizin  ərazi bütövlüyü və suverenliyinə dəstək göstərilməsinin Sudanın prinsipial mövqeyi olduğunu və bu mövqeyin dəyişilməz qalacağını vurğulayıb.
Azərbaycan ilə iqtisadiyyat və ticarət sahələrində münasibətlərin inkişaf etdirilməsində maraqlı olduqlarını deyən nazir H.M.E.Əhməd ölkəmizin enerji, xüsusilə neft istehsalı sahəsində təcrübəsinin öyrənilməsində istəkli olduqlarını vurğulayıb.
Öz növbəsində, nazir E.Məmmədyarov Azərbaycanın enerji sahəsində Sudanın ehtiyac duyduğu istiqamətlər üzrə təcrübə mübadiləsi həyata keçirməyə hazır olduğunu qeyd edib.
Tərəflər, həmçinin iki ölkə arasında kənd təsərrüfatı, yüksək texnologiyalar, ictimai xidmətlər və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

26 Oktyabr 2018 23:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə