Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir Həmid Məhəmməd Elnur Əhməd: Sudan Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir

Oktyabrın 26-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Sudan Respublikası Federal Hökumət Palatasının naziri Həmid Məhəmməd Elnur Əhmədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 
AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən bu görüşdən məmnun qaldığını deyib. Qeyd edib ki, sudanlı həmkarlarla beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Bildirilib ki, Bakıda keçirilən Forumun mövzusu insan inkişafına həsr olunan qlobal bir mövzudur. Azərbaycan belə mövzulara həmişə önəm verir.
Milli Məclis sədrinin birinci müavini ikitərəfli formatda, həmçinin beynəlxalq təşkilatlar, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verdiyini bildirib. Qeyd edib ki, Sudan BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanı hər zaman dəstəkləyir. O, ümidvar olduğunu bildirib ki, Sudanla iqtisadi, mədəni, humanitar sahələrdəki əməkdaşlıq daha da genişlənəcək.  
Ziyafət Əsgərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı barədə məlumat verib. O, 2014-cü ildə Sudan Milli Assambleyasının qətliamı pisləyən qətnamə qəbul etdiyini xatırladıb, buna görə təşəkkürünü bildirib. Qeyd edib ki, məhz bu qətnamə Azərbaycan-Sudan əlaqələrinin nə qədər dərin tarixi köklərə malik olduğunun göstəricisidir. 
Həmid Məhəmməd Elnur Əhməd Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Bildirib ki, Sudan Azərbaycanla əlaqələrə önəm verir və bu əlaqələrin daha da genişlənməsi üçün perspektivlər mövcuddur. Buraya ticari, iqtisadi, humanitar sahələrdəki əməkdaşlığı aid etmək olar. Sudan Azərbaycanla, həmçinin enerji, kənd təsərrüfatı sahələrində də əməkdaşlığı genişləndirmək niyyətindədir. Sudan həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. 
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

26 Oktyabr 2018 23:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə