Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özünüməşğulluq proqramı ilə əhatə olunanların sayı son üç ildə 11 dəfə artırılıb

Ölkəmizdə məşğulluq imkanlarının artırılması və əmək münasibətlərinin leqallaşdırılması istiqamətində aparılan işlər son üç ildə əmək müqavilələrinin sayının 30% artması ilə nəticələnib.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, əmək müqavilələrin sayı 2018-ci ilin əvvəli ilə müqayisədə 393 min artaraq 1 yanvar 2021-ci il tarixə 1 milyon 703 min 249-a çatıb. Özəl sektor üzrə əmək müqaviləsi artımı 63%, dövlət sektoru üzrə 10% təşkil edib. Təkcə 2020-ci ildə əmək müqavilələrinin sayında 149 min və ya 10% artım qeydə alınıb.

Son üç ildə minimum əməkhaqqı 2 dəfədən çox artaraq 250 manata, median əməkhaqqı 66% (o cümlədən dövlət sektoru üzrə 85%, özəl sektor üzrə 36%) artaraq 343 manata çatıb.

Əmək müqavilələrinin sayında və əməkhaqlarında mütəmadi artım əməkhaqqı fondunda da ciddi artımı şərtləndirib. 2018-2020-ci illərdə aylıq əməkhaqqı fondu 81% artıb.  Artım özəl sektorda 87%, dövlət sektorunda 76% olub.  O cümlədən 2020-ci ildə aylıq əməkhaqqı fondu 12% (o cümlədən özəl sektor üzrə 18%, dövlət sektoru üzrə 6%) artıb.

Bu dövrdə Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunanların sayı 107% artaraq 2020-ci ildə 94 minə, o cümlədən ödənişli ictimai işlərlə təmin olunanların sayı 55 dəfəyə yaxın artaraq 48 minə çatıb.

Özünüməşğulluq proqramı ilə əhatə olunanların sayı isə son üç ildə 11 dəfə artırılıb və 2020-ci ildə 12600 nəfər bu proqrama cəlb olunub.

16 Fevral 2021 10:23 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə