Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaksinasiyada fəal olmaq, dövlətin vətəndaşına olan qayğısından yararlanmaq lazımdır

COVID – 19 xəstəliyinin uzun müddət davam etməsi danılmaz faktdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri bir aydan artıq müddətdir ki, virusun yeni variantlarına təkrar yoluxma halları baş verməsini təsdiq ediblər. Mütəxəssislərin bir çoxu bunun ikinci, üçüncü dalğa adlandırsalar da, fakt odur ki, virusun mutasiyaya uğraması ilə yeni ştammı yaranıb və sürətlə yayılması ilə fərqlənir. Ötən yazılarımızın birində bildirmişdik ki, ÜST ekspertləri Çinin Uhan şəhərinə COVID – 19-un yaranma və yayılma səbəbini araşdırmaq üçün səfər etmişdilər. Bu günlərdə ekspertlərin Uhan şəhərinə səfəri başa çatıb. Əslində ekspertlər bu virusun mənşəyi barədə ehtimal edilən 4 mümkün halı öyrənmək məqsədi ilə getmişdilər.

 

ÜST –nın zoonoz xəstəliklər üzrə eksperti Piter Ben Embarek deyib ki, COVID – 19 infeksiyasının necə başlanması barədə orada çox şey öyrənə bildik. 2019 –cu ilin dekabrında nələr baş verdiyini indi daha yaxşı anlayırıq. Səfər zamanı biz müəyyən edə bildik ki, o vaxt virus Uhanda bizim bildiyimizdən də çox aktiv yayılıbmış.
BMT – nin rəsmi saytında bildirilir ki, COVID – 19 xəstəliyini kəskin formada keçirmiş insanların çoxu uzun müddət özlərini pis hiss edir, bəzən işləmək iqtidarında olmurlar. ÜST – nın nümayəndəsi doktor Canet Diasın sözlərinə görə, belə adamlar “sağalandan sonra” onlarda bir ay, bəzən isə 3 aydan 6 aya qədər xəstəliyin simptomları müşahidə oluna bilər. Təşkilatın ekspertləri bildirirlər ki, ÜST–ə koronavirus xəstəliyini keçirmiş insanların virusun yeni variantlarından birinə təkrar yoluxması barədə məlumatlar daxil olur. Təşkilatın rəhbərinin müavini Sumiya Svaminatan bu barədə brifinqdə deyib: “Cənubi Afrikadan alınmış ilkin məlumata görə, infeksiyaya məruz qalmış insanlar yenidən yoluxa bilərlər”.
ÜST mütəxəssisləri daha bir vacib, diqqət yetirilməli məqama aydınlıq gətiriblər. Onlar xatırladıblar ki, hətta COVID – 19 –a qarşı peyvənd almış insanlar da ehtiyat tədbirlərinə yenə riayət etməli, yəni maska taxmalı, əllərini tez-tez sabunla yumalı və fiziki məsafəni gözləməlidirlər. Peyvənd yoluxmadan qorumur. Yoluxmadan ancaq qorunma tədbirlərinə əməl etməklə xilas olmaq mümkündür.
Rusiyanın tanınmış həkim və teleaparıcısı Aleksandr Myasnikov verilişlərin birində vaxtı naməlum olan, amma gəlişi gözlənilən növbəti pandemiyadan söz açaraq, onun təhlükəsi haqda məlumat verib və xilas olmaq üçün çıxış yolunu göstərib. A.Myasnikov bəşəriyyəti COVID – 19 virusundan da təhlükəli pandemiya gözlədiyini bildirib. O, koronavirus pandemiyasını daha qorxulu və təhlükəli pandemiya ərəfəsində məşqə bənzədib. Rusiyalı həkimin sözlərinə görə, yeni infeksiya iki yolla yayıla bilər: əvvəlcə quş və donuz qriplərinin heyvandan insana, sonra isə insandan insana keçəcəyi ehtimal olunur. Buna görə də A.Myasnikov bu bəladan çıxış yolunu qripə qarşı universal peyvənd yaradılmasında görüb. Həkimin fikrincə, yeni pandemiyanın bir il, yaxud 10 il sonra başlayacağını dəqiq demək mümkün deyil. O, bütün qüvvələri qripə qarşı universal peyvənd hazırlanmasına yönəltməyə çağırıb.
Hazırda isə dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da son bir ildə həyatı iflic edən yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiya aparılır. Yanvarın 18–dən başlayan pevəndləmə kampaniyası könüllülük prinsipi əsasında həyata keçirilir və hazırda yaşı 65–dən yuxarı olan insanlara vaksin vurulur. Qeyd edək ki, kampaniya başlayandan indiyədək tətbiq edilən peyvəndlər uğurlu nəticələr verir. Ümid etməyə dəyər ki, aparılan peyvəndləmə tədbiri dəhşətli və qorxulu bəlanı tədricən uzaqlaşdıracaq və həyatımız normal məcraya dönəcək. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya ilk başlayan və ən təhlükəsiz, ən effektli vasitələrin gətirilməsini təmin edən ölkədir.
Tibb elmləri doktoru, professor Nəsib Quliyevin ölkəmizdə tətbiq edilən vaksinin keyfiyyəti ilə bağlı dedikləri elə bu barədədir. Professor deyib: “Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini yeni növ koronavirusun öldürülmüş və tam zərərsizləşdirilmiş formasıdır. Bu, sovetlər vaxtında buraxılan peyvəndlərə bərabər tutulur. Orqanizmə onun inyeksiya edilməsi çox müsbət səmərə verir. Ona görə də Çin istehsalı olan həmin peyvəndə üstünlük verilir. Tibb işçiləri arasında aparılan vaksinasiya onun təhlükəsiz olduğunu bir daha sübut etdi və vaksinasiyadan sonra ağırlaşma hallarının baş verməsi müşahidə edilmədi. Peyvəndin vurulması hətta subfebril temperatur da yaratmadı, çox zəif başağrıları, zəif halsızlıq müşahidə olundu. Fevralın 18 –dən peyvəndin ikinci mərhələsinə başlanılacaq. Hazırda yaşı 65 –dən yuxarı olan əhali arasında peyvəndləmə aparılır. Əhalinin böyük hissəsi həmin mərhələni keçəndən sonra koronavirus təhlükəsinin sovuşacağına böyük ümidlər var”. Peyvənddən əvvəl gözlənilməli şərtlər barədə tövsiyələr verən N.Quliyev diqqətə çatdırıb ki, ən azı bir sutka qabaqcadan, peyvənd vurulandan da sonra ən azı bir, iki sutka spirtli içki qəbul edilməməlidir. Vaksinasiyadan əvvəl və sonra allergiyaya səbəb olan qidalardan imtina edilməlidir. Bu şərtlərə əməl olunması çox yaxşı olardı.
Təəssüf ki, COVID – 19 infeksiyası başlayanda onun mövcudluğunu qəbul etməyənlər kimi, virusa qarşı vaksinasiya prosesinin gedişində də peyvəndlərə inamsız yanaşanlar, onun qoruyuculuğuna etibar etməyənlər var. Həmsöhbətimiz həmin məsələ ilə bağlı bunları qeyd edib: “Belə “maarifləndirici” söhbətləri əsasən qeyri-ixtisas sahibləri aparır və müəyyən əhali təbəqəsi arasında inamsızlıq yaratmağa çalışırlar. Məhz elə bu inamsızlıq sayəsində indiyədək 3 mindən çox vətəndaş itirmişik. Peyvənd virusların yayılmasının qarşısını alan yeganə vasitədir. Onun tətbiqinin alternativi yoxdur. Noyabr – dekabr aylarında hər gün 4500, bəzən 5 minə yaxın yoluxma halı baş verirdi. Şükürlər olsun ki, indi bu rəqəmlər 200 – ə çatmır və lap yaxın vaxtlarda yoluxma sayının ikirəqəmli ədədə düşəcəyini arzu edirik”.
İnfeksionistlər daha bir vacib məqama da aydınlıq gətiriblər. Onlar bildirirlər ki, hətta koronavirusa tutulanlar da peyvənd oluna bilərlər. Bu şərtlə ki, həmin şəxslər qan müayinəsindən keçib onlarda virusa qarşı anticisimlərin yaranıb-yaranmadığını öyrənsinlər. Analiz nəticəsinə görə qanda anticisimlər yüksək olarsa, peyvənd vurdurmağa ehtiyac yoxdur. Lakin qanında həmin göstəriciləri aşağı olanlar peyvənd olunmalıdırlar. Əvvəllər anticisimlərin 4–6 ay orqanizmdə qaldığı güman edilirdi. Lakin təcrübələr, eləcə də, infeksiyanı keçirən insanların müayinəsi göstərir ki, həmin müddət ən azı 8 ay da davam edə bilər. Məsələn, xəstəliyi apreldə keçirən insanların bəzilərində infeksiyaya qarşı qoruyucu anticisimlər qala bilər və təcrübələr bunu təsdiqləyir. Ona görə də konkret müddət göstərmək çətindir. Şübhəsiz ki, orqanizmdən asılı olaraq immunitet həm də fərdi xarakter də daşıyır. Bəlkə də aramızda elə insanlar var ki, onlarda anticisimlərin yaşama müddəti bir ilə qədər davam edir.
Məlumdur ki, ildə bir dəfə sakinlər arasında qripə qarşı peyvəndləmə aparılır. Peyvəndin vurulması il ərzində qripə yoluxmaq təhlükəsini arxada qoyur. Artıq insanların genetik kodlarında COVID –19 –a qarşı da uyğuynlaşma gedir. Müqayisə etsək görərik ki, keçən ilin fevral – mart aylarındakı vəziyyətlə indiki dövr arasında çox böyük fərq var. Zaman keçdikcə, virusa uyğunlaşma baş verir və insanlar onu adi qəbul edirlər. Ömürlük bizimlə yol yoldaşı olan bu virus da qrip kimi adiləşəcək. Bunun üçün zamana ehtiyac var.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi nikbin proqnozlara görə, koronavirusun “Britaniya ştammı” sürətlə yayılsa da, yeni dalğaya səbəb olmayacaq. Son vaxtlar narahatlığa səbəb olan həmin mutasiyaya toxunan professor deyib: “Çin istehsalı olan peyvəndin həmin mutasiyanın qarşısını tamamilə aldığı və geniş yayılmasına imkan vermədiyi sübut olunub. Türkiyədə 150 –dən çox xəstədə “Britaniya ştammı” aşkarlanıb. Çin istehsalı olan peyvəndin tətbiq edilməsi onun yayılmasının qarşısını alıb. Ona görə çəkinmədən, tərəddüd etmədən peyvəndi vurdurmaq və bununla da həm özümüzü, həm də cəmiyyətimizi narahat edən bu bəladan xilas olmaq lazımdır”.
“Ölkəmizdə yanvarın 18 –dən etibarən COVID – 19 əleyhinə vaksinasiyaya start verilib. Əvvəlcə səhiyyə işçiləri vaksinasiyaya cəlb olunublar. Mən də koronavirus əleyhinə peyvənd olundum. Həm məndə, həm də digər həmkarlarımda heç bir yan təsir müşahidə olunmadı. İkinci doza 28 gündən sonra, yəni bu həftədən etibarən vurulacaq”. Bu fikirləri vaksinasiyanın başladığı ilk günlərdə peyvənd olunan tibb işçisi Günay Rəhimli deyib. O bildirib ki, bəzi vətəndaşlar peyvənd olunmaqdan çəkinir. Buna səbəb kimi əziyyət çəkdikləri xəstəliklərin vaksin vurdurduqdan sonra aktivləşməsindən, ya da peyvənddən sonra hansısa fəsadlaşmaların baş verəcəyindən qorxduqlarını dilə gətirirlər. Çünki bəzi sosial şəbəkələrdə peyvəndin ciddi əks - təsirlər yaratması, onun ziyanlı olması haqqında dezinformasiyalar yayılıb: “Vətəndaşlar bilməlidirlər ki, vaksinasiya prosesi hər zaman yoluxucu xəstəliklərin qarşısını almaqda xüsusi rola malik olub. Belə ki, uşaq yaşlarından suçiçəyi, qızılca, məxmərək kimi xəstəliklərə qarşı peyvənd olunmaqla onlardan qorunuruq. COVID – 19 əleyhinə vaksin pandemiyadan xilas olmağımızın yeganə yoludur. Həmin vaksinin vurulması qaydaları var və hər kəs peyvənd olunmur. Peyvənd vurulması üçün həkim müayinəsi və göstərişi vacibdir. Xroniki xəstəliklərin aktivləşməsi dövründə olanlar, onkoloji xəstəliklərdən əziyyət çəkənlər, 18 yaşadək uşaqlar, vaksinin tərkibindəki maddələrə qarşı allergiyası olanlar, hamilələr, südvermə prosesində olan qadınlar vaksinasiyadan kənarda qalırlar. Vaksinin inyeksiya yerində qızartı, ağrı olması, baş ağrısı, yorğunluq, halsızlıq, yüngül temperatur kimi yan təsirləri ola bilər. Ciddi yan təsirlərə də çox nadir hallarda rast gəlinir. Ölkəmizdə dörd həftəyə yaxındır ki, vaksinasiya kampaniyası aparılır. Bu müddət ərzində ciddi yan təsirlər qeydə alınmayıb”.
Onu da qeyd etmək lazımdır ki, vaksin vurduranlar arxayınlaşmamalı, qoruyucu vasitələrdən, gigiyena qaydalarından imtina etməməlidirlər. Vaksinasiyadan kənarda qalanları nəzərə alaraq, pandemiya bitənədək maska taxılmalı, gigiyena qaydalarına əməl olunmalı, sosial məsafə prinsipləri gözlənilməlidir. Xatırlatmaq istərdim ki, peyvəndin ikinci dozası birincidən 28 gün sonra vurulur. Qanda antitellər isə ilk dozadan təxminən bir ay sonra yaranır. Mütəxəssislərin fikirlərinə istinadən deyə bilərik ki, vaksin vurulandan sonra da xəstəliyə yoluxma ehtimalı var. Amma belə yoluxmalar zamanı xəstəlik ağırlaşma olmadan yüngül keçir. Peyvənddən sonra yaranan qoruyuculuq fərdi olsa da, əmələ gələn immunitetin 6 –8 aya qədər qaldığı deyilir. Pandemiyanın aramızdan tamamilə getməsi üçün isə mütləq əhalinin 60 – 70 faizində immunitet formalaşmalıdır ki, hazırda bunu da yalnız vaksinasiya ilə etmək mümkündür. Buna görə də hər kəs vaksinasiya prosesində fəal iştirak etməli, dövlətin vətəndaşına göstərdiyi bu əvəzsiz qayğı və diqqətdən yararlanmalıdır.
 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 Fevral 2021 01:46 - SƏHİYYƏ
SƏHİYYƏ
5 İyul 2022 | 09:00
Günvurmanın fəsadları

Köhnə versiyamızdan xəbərləri izlə