Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ata şəhid övladının ad gününü tək keçirmədi…

Ələddin kişi ailə üzvləri ilə birlikdə evdən çıxıb yaxınlıqdakı kənd qəbiristanlığına getməyə hazırlaşırdı ki, qapı döyüldü. Xəbər gətirdilər ki, rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev də gəlib. Şəhidin atası yenə kövrəldi. Artıq neçənci dəfə idi rayon rəhbəri, digər səlahiyyətli şəxslər bu qapıya gəlirdilər, ona təskinlik verirdilər. Bir gün əvvəl də rayonun hərbi komissarı və icra hakimiyyəti başçısının müavini gəlmişdi…


Etibarın ad günüdür, 30 yaşı tamam olur. Şəhidin məzarı başında qəhrəman Qarıkəndin qəhrəman oğlununun xatirəsi ehtiramla yad olunur. Məzarı üzərinə təzə-tər gül dəstələri, çiçəklər düzülür, ruhuna dualar oxunur, Allahdan rəhmət dilənir. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş oğlunun doğum gününü təkcə ailəsi deyil, el-obasının da qeyd etməsini Ələddin kişi göz yaşları ilə qarşılasa da bir qürur duyur, “Vətən sağ olsun” deyir. Ə. Həsənov şəhid atası kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirir. Oğlunun doğum günündə onun xatirəsinin yad olunmasını Etibarın simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirir.
…Şəhid Həsənov Etibar Ələddin oğlu 1991-ci il fevralın 7-də Gədəbəy rayonunun Qarıkənd kəndində anadan olmuşdur. 1997-ci ildə Qarıkənd kənd məktəbinin 1-ci sinifinə daxil olmuş, sonra təhsilini rayondakı peşə litseyində davam etdirmişdir. 2010-cu ildə hərbi xidmətini başa vurmuşdur. Lakin hərbiyə olan maraq onu yenidən “N” saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçuların hazırlığı kursuna yazılmağa sövq etmiş və o əsgər sürücü ixtisasına yiyələndikdən sonra “N” saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi işə başlamışdır. 2020-ci ilin sentyabr ayının 28-də ikinci Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq Vətənin müdafiəsinə yollanmışdır. Füzuli şəhərinin və digər kəndlərin və yüksəkliklərin alınmasında fəal iştirak etmişdir. Şuşa uğrunda gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 2020-ci il noyabr ayının 12-də doğulub boya-başa çatdığı Qarıkənd kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. O, ailəli idi, Fuad və Səma adlı iki azyaşlı övladı yadigar qalıb.
Qeyd edək ki, ölkədə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı Gədəbəydə də hər zaman örnək və nümunə kimi qəbul edilir. Bu baxımdan rayon rəhbərliyinin həyata keçirdiyi tədbirlər maraq doğurur və qəzetimizin yaxın saylarının birində bu barədə geniş söhbət açacağıq.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

16 Fevral 2021 01:37 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
5 İyul 2022 | 17:12
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə