Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görkəmli elm və təhsil təşkilatçısı, fəal ictimai xadim

Ömrünün müdrik çağını yaşayan gözəl ziyalı, böyük alim Arif Paşayev dünyada tanınan şəcərə ağacının baş şaxəsi olmaqla, nəslinin şöhrət tacını layiqincə ucaldan bir şəxsiyyətdir. Adı daim böyük ehtiramla çəkilən görkəmli elm və təhsil təşkilatçısı, ictimai xadim, Dövlət mükafatı laureatı, fizika–riyaziyyat elmləri doktoru, professor, akademik kimi örnək həyat yolu keçən Arif müəllimin 87 yaşı tamam oldu.
Akademik Arif Mir Cəlal oğlu Paşayev 1934-cü il fevralın 15-də Bakıda ziyalı ailəsində anadan olub. Atası Mir Cəlal Paşayev görkəmli yazıçı, tanınmış alim, böyük pedaqoq və ədəbiyyat xadimi idi. Arif Paşayevin uşaqlıq və gənclik illəri o dövrün böyük, adlı-sanlı tanınmış şəxsiyyətlərinin əhatəsində keçib. Elə onun dünyagörüşünün formalaşmasında, intibah meyilli görkəmli alim kimi yetişməsində həmin zəngin ədəbi, mədəni və elmi mühitin böyük rolu olub.

Yetmiş il öncə Bakıdakı 164 nömrəli orta məktəbi bitirən Arif Paşayev ali təhsilini Odessa Elektrotexnika Rabitə İnstitutunda alıb. İlk əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) laborant vəzifəsində başlayıb, akademiyada isə elmi fəaliyyətini davam etdirib. 1958-ci ildə AEA-nın astrofızika sektorunda kiçik elmi işçi, 1959-cu ildən 1971-ci ilədək Fizika İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. Sonra 1996-cı ilədək AMEA-nın Fizika İnstitutunun "Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları" laboratoriyasına rəhbərlik edib. Bu müddət ərzində o, böyük elm təşkilatçısı olduğunu dönə-dönə sübuta yetirib, Fizika İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində fəal iştirakı ilə nümunə göstərib.
Alim özünün məhsuldar elmi fəaliyyəti sayəsində ilk dəfə yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxıb. Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur. Alimin əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənərək beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunub, bir sıra sənaye müəssisələrində uğurla tətbiq edilib.
Görkəmli alim 1960-64-cü illərdə Moskvada keçmiş SSRİ-nin aparıcı elmi mərkəzlərindən sayılan Dövlət Nadir Metallar – QİREDMET İnstitutunun aspirantı olub, 1966-cı ildə isə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi alıb.
Gənc alimin dissertasiyası onunla əhəmiyyətli idi ki, o zaman yarımkeçiricilər fizikasında Qann effekti deyilən bir effekt müşahidə olunurdu. Mahiyyəti budur ki, yarımkeçirici monokristal elektrik sahəsində yerləşdirildikdə sabit cərəyan dövrəsində yüksək tezlikli elektrik rəqsləri əmələ gəlir və sıxılma nəticəsində yarımkeçirici dağıla bilir. Arif Paşayevin başqa yolla gedərək yaratdığı yüksək həssaslığa malik qurğunun sayəsində yarımkeçiricilərdə zədə yaranmasının qarşısı alınmışdır. Bu, çox münasib və səmərəli yol idi. Paşayevin metodu sonralar daha da genişləndirilmişdir.
Elmi axtarışlarını uğurla davam etdirən alim 1978-ci ildə "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb.
Arif Paşayev Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiya akademiyalarının akademikidir. O, yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratması ilə elm tarixinə düşüb. Akademik 40 ildən artıq bir dövrdə zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məhsuldar şəkildə məşğul olub.
Akademikin elmi irsi haqqında yazılmış məqalələrdən öyrəndiyimizə görə, 1986-cı ildə fizika elmində inqilab kimi qiymətləndirilən bir hadisə olub. Bu böyük elmi hadisənin mahiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq yüksək temperaturda ifrat keçirici halına keçən, yəni müqaviməti sıfır olan maddələr tapılmışdır. Hazırda artıq təcrübələr göstərir ki, 125 kelvinə yaxın temperaturda müqavimətləri sıfır olan maddələr mövcuddur. Bunun elm və texnika üçün böyük əhəmiyyəti var. Məsələnin əhəmiyyəti ondan ibarətdir ki, yüksək temperaturlu ifrat keçiricilərdən məftillər hazırlanaraq maqnit sahəsi yaradılır və elektrik enerjisinə böyük qənaət olur. Arif Paşayev bu prosesi Milli Elmlər Akademiyasının Fizika İnstitutunda 1987-1989-cu illərdə öyrənməyə başlayan ilk alimlərdən biridir. O, tədqiqatlarını keçmiş SSRİ Elmlər Akademiyasının bir qrup alimi ilə birgə aparırdı. Arif müəllim ilk dəfə yüksək temperaturlu ifratkeçirici materialların xüsusiyyətlərini, İttrium-Barium-Kuprum-Oksid (Y-Ba-Cu-O) sistemlərində infraqırmızı əksetdirmə spektrlərini və radiasiyaya davamlılığı məsələlərini tədqiq edərək, bu sistemlərdə atomların bir qisminin əvəz edilməsinin xarakterik keçid temperaturuna təsirini müəyyən etmişdir. Alim keçid xarakteristikalarını dəqiq öyrənmək üçün Fizika İnstitutunda orijinal, proqram təminatlı eksperimental qurğu yaratmışdır.
Bu istiqamətdə 1988-1990-cı illərdə aparılmış tədqiqatların nəticələrinə görə o, SSRİ Elmlər Akademiyasının "İfratkeçirici elektronika" Elmi Şurasının xüsusi mükafatına layiq görülmüşdür. Fizika sahəsində əldə etdiyi nailiyyətlərinə görə Arif Paşayev 1989-cu ildə "Elmi cihazqayırma" ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Daha sonralar fizika elminin inkişafında yüksək nailiyyətlərinə görə o, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Görkəmli akademik, Y.Məmmədəliyev bir sıra beynəlxalq akademiyaların həqiqi üzvü seçilmək şərəfini qazanmışdır.
Akademik Arif Paşayev 400-dən çox elmi əsərin, 30-dan artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 60-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi və sənaye nümunələri alıb, medallar və diplomlarla təltif olunub. Bundan əlavə, Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə "SSRİ-nin ixtiraçısı" medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülüb. "VEKTOR" – Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə "Azərbaycanın tanınmış alimləri" beynəlxalq layihəsinin qalibi olub və "XXI əsrin tanınmış alimi" beynəlxalq diplomu ilə təltif edilib.
Artıq 25 ildir ki, akademik Arif Paşayev "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasına yüksək bacarıqla rektorluq edir. Onun rəhbərliyi ilə akademiyada tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil olunub. Milli Aviasiya Akademiyasında rektor vəzifəsinə təyin edildiyi vaxtdan burada "İqtisadiyyat və hüquq", "Avianəqliyyat istehsalatı", "İxtisasartırma" kimi kafedra və yeni ixtisaslar açılıb. Burada ilk dəfə Azərbaycan dilində təhsilin aparılmasına başlanıb. Bir rektor kimi, o, Azərbaycan mülki aviasiyasında milli kadrlar – azərbaycanlı təyyarəçilər, mühəndislər, mütəxəssislər hazırlamaq, tədris prosesinin, elmi-metodiki işlərin yüksək səviyyədə təşkilinə nail olmaq üçün akademiyada əsaslı islahatlar aparıb. Akademiyanın ərazisində yeni tədris korpusu, müasir tələblərə cavab verən idman kompleksi, tələbə yataqxanası, mehmanxana və s. binalar inşa edilib.
Akademiyanın elmi fəaliyyəti buradakı dozimetrlərin, pilotsuz uçan aparatların, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzərət sistemlərinin yaradılmasına və s. yönəldilib. Onun rəhbərliyi altında Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə "Mülki Aviasiya ali təhsil müəssisəsi" sertifikatına layiq görülüb və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilib.
Milli Aviasiya Akademiyasında Azərbaycanda analoqu olmayan, dünya standartları səviyyəsində şəhərciyin salınması işində gərgin, müntəzəm şəkildə apardığı islahatlar, təhsilin səviyyəsinin yüksəldilməsinə şəxsi nəzarəti, akademiyada sağlam elmi-pedaqoji mühitin yaradılması, yüksək ixtisaslı mütəxəssislərinin ali məktəbə dəvət edilməsi görkəmli alimin necə yüksək elmi potensiala və təşkilatçılıq qabiliyyətinə malik olmasına sübutdur.
O, yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratmışdır. Akademik 40 ildən artıq bir dövrdə zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olmuşdur.
Akademik A.Paşayevin fərqli keyfiyyətlərindən biri də odur ki, yeni istedadları aşkara çıxarmağa və onları dəyərləndirməyə üstünlük verən nadir şəxsiyyətlərdəndir. O, fizika elmi ilə maraqlanan gənc kadrlara həmişə dəstək olur və onlara hər cür kömək göstərir. Onların bir çoxunun doktorluq dissertasiyasının elmi məsləhətçisi olub və onun rəhbərliyi ilə çoxlu sayda namizədlik dissertasiyaları müdafiə edilib. Respublikamızda, Rusiya, Ukrayna, Latviya və Estoniyada müdafiə olunmuş çoxsaylı doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi də A.Paşayev çıxış etmişdir.
Azərbaycana şöhrət gətirən Paşayevlər nəslinin görkəmli nümayəndəsi olan Arif müəllim ölkəmizdə elmin, təhsilin inkişafında yüksək xidmətlərinə görə 2004-cü ildə Vətənin daha bir yüksək mükafatına – "Şöhrət ordeni"nə layiq görülüb. Akademikin tərcümeyi-halının parlaq səhifələrinə 2009-cu ildə təltif edildiyi “Şərəf” ordeni, 2014-cü ildə layiq görüldüyü “İstiqlal” ordeni də işıq saçır.
Arif Paşayev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixtisaslaşdırılmış şuranın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvüdür.
Görkəmli akademik Arif Paşayev həmişəki kimi, böyük həvəslə, şövqlə çalışmaqdadır. O, geniş elmi-praktiki potensiala malik olmaqla yanaşı, yüksək vətəndaşlıq, vətənpərvərlik hissləri ilə yaşayıb-yaradır, respublika əhəmiyyətli işlərdə, xüsusən Azərbaycanda aviasiya təhsilinin müasir səviyyədə inkişafına, gənc nəslin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasına yorulmadan gərgin əmək sərf edir. Arif müəllim qayğıkeş rəhbər, səmimi insan və ətrafında olan hər bir işgüzar, yaradıcı əməkdaşın yaxın məsləhətçisi, yolgöstərənidir.
“Xalq qəzeti”

15 Fevral 2021 20:37 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə