Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan – mədəni müxtəlifliyin məkanı

Ölkəmizdə yaşayan azsaylı xalqlar Azərbaycanı özlərinin doğma Vətəni hesab edirlər. Bunun təsdiqi olaraq həmin xalqların igid oğullarının Qarabağ uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmələrini, hətta, şəhidlik zirvəsinə yüksəlmələrini göstərə bilərik.

Hazırda Azərbaycanda 20-dən çox millətin nümayəndəsi yaşayır və onların mədəni cəmiyyətləri fəaliyyət göstərir. Üç dini konfessiyanın – islam, xristian və iudaizmin nümayəndələri müxtəlif dövlət mərasimlərində, mədəni tədbirlərdə birgə iştirak edirlər. Mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilmişdir.

Azərbaycan ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı unikal geosiyasi və mədəni məkandır. Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Bunun nəticəsidir ki, hazırda ölkəmizdə onlarca milli-mədəniyyət mərkəzi fəaliyyət göstərir. Azərbaycan Mədəniyyət Nazirliyi UNESCO-nun, Avropa Şurası və ATƏT-in “mədəni müxtəlifliyə” dair proqramlarında fəal iştirak edir.

Ölkəmizdə yaşayan milli azlıqlar öz dillərindən istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, asso­siasiyalarını və ittifaqlarını yaradırlar. Belə təşkilatlardan Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (“Ronai”), Ləzgi Mədəni Mərkəzi (“Samur”), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, “Sa­xur” Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, udilərin “Orayin” Mədəni Mərkəzi, tatların “Azəri” Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan slavyan­larının Mədəni Mərkəzi, Rus İcması Cəmiyyəti, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanla­rın Milli-Mədəni Cəmiyyəti, Azərbaycan Yəhudiləri Cəmiyyəti, Axıska türklərinin “Vətən” Cəmiyyətini... göstərmək olar.

Milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının keçmişinə aid olan tikililər “tarix və mədəniyyət abidələri” kimi siyahıya alına­raq, dövlət tərəfindən qorunur və bərpa edilir. Buna misal kimi Şəki rayonunun Kiş və Qəbələ rayonunun Nic kəndlərindəki kilsələri göstərmək olar. Qax rayonu ərazisində xristian kilsəsi, Masallı rayo­nunun Ərkivan kəndində XIX əsr məscidi bərpa olunmuşdur. Dövlət tərəfindən “Milli azlıqların mədəniyyəti və etnoqrafiyası” adlı muzeyin yaradılması ideyası əsasında layihə hazırlanmış və bu, Avropa Şurası tərəfindən müsbət qiymətləndirilmişdir.

Milli azlıqları təmsil edən mədəni mərkəzlər və birliklərlərə dövlət tərəfindən xüsusi qayğı göstərilir. Dövlət büdcəsindən maliyyələşən Qusar rayonundakı Ləzgi Dövlət Dram Teatrının və Qax rayonunda yaradılmış Dövlət Kukla Teatrının mad­di-texniki bazaları möhkəmləndirilmişdir. Qax rayonunun Əlibəyli kənd mədəniyyət evində 1981-ci ildə yaradılmış və 1985-ci ildə “Xalq teatrı” adını almış gürcü dram dərnəyinə dövlət statusu verilmişdir.

Bu xalqların incəsənət kollektivləri, nəinki respublikamızda, eyni zamanda, xarici ölkələrdə də məşhurdur. Saatlının “Adıgün” – Axıska türkləri, Cəlilabadın “Ruçeyok” - rus, Qaxın “Şividkatsa” - gürcü, Zaqatalanın “Ceyranım” - saxur, Qubanın tat, yəhudi, Qusarın “Trillo”, “Şahnabat”, “Mel”, “Qayıbulaq”, “Şahdağ”, “Dustaval” və “Melodiya” - ləzgi, Laçının kürd, Balakənin “Xoylo” - avar, Lənkəranın “Şənlik”, “Bacılar” folklor mahnı və rəqs, Masallı rayonu “Halay”, Lerik rayonunun “Laqutto”, Astaranın “Sevinc” - talış, İsma­yıllı rayonunun İvanovka kənd mədəniyyət evinin - malakan, Bakı şəhərindəki “Gözəlim” tatar bədii özfəaliyyət kollektivləri bu qəbildəndir. Həmin kollektivlərə diqqət və qayğı Mədəniyyət Nazirliyinin fəaliyyətində xüsusi yer tutur. Kollektivlərin bir çoxu nazirlik tərəfindən geyim, musiqi alətləri və texniki vasitələrlə təchiz olunmuşlar.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə milli azlıqların mədəniyyətinə diqqət və qayğı dövlət siyasətində xüsusi yer tutmuşdur. Bu fəaliyyət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycanın dövlət siyasətində öz əksini tapıb. UNESCO-nun 20 oktyabr 2005-ci il tarixli “Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”ya uyğun olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti, incəsənəti, adət-ənənələri və dilinin qorunub saxlanıl­ması üçün məqsədyönlü iş aparılır. Prezi­dent İlham Əliyevin 2009-cu il 26 noyabr tarixdə imzaladığı qanunla ölkəmiz həmin konvensiyaya qoşulub.

Azərbaycan dövləti çalışır ki, ölkəmizdə yaşayan milli azlıqlar öz ənənələrini yaşat­sınlar və Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan bu xalqların mədəniyyətləri qo­runaraq nəsildən-nəsilə ötürülsün. Müxtəlif səpkili tədbirlərin keçirilməsi, heç şübhəsiz, milli azlıqların adət-ənənələrinin, bir sözlə, mədəni irsinin qorunub saxlanılmasına birbaşa xidmət göstərsə də, burada başlıca məqsəd xalqlar arasında qardaşlığa, səmimi ünsiyyətə, mehriban birgəyaşayışa maneə olmadığını, əksinə, buna stimul verdiyini göstərməkdir.

Bu gün Azərbaycan Qarabağda yaşa­maq istəyən ermənilərə də birgə yaşamaq barədə təkliflərini bildirir. Cənab Prezident xalqa müraciətlərinin birində demişdir: “Bizim erməni xalqı ilə problemimiz yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır və Dağlıq Qarabağda yaşayanları da öz vətəndaşlarımız hesab edirik. Biz onları Azərbaycanda bir çox digər millətlərin və etnik azlıqların nümayəndələri kimi bizimlə birlikdə yaşamağa dəvət edirik”. Əfsuslar olsun ki, ermənilər arasında bu müraciətin mahiyyətini başa düşmək istəyənlər çox azdır. Amma onlarin başqa yolu da yoxdur.

Son illər ərzində Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlara nail olub. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi multikulturalizm siyasəti ölkə daxilində olan etnik, dini və mədəni müxtəlifliklərin tənzimlənməsi və etnik- mədəni dəyərlərin qorunması sahəsində böyük nailiyyətlər qazanıb. Bu, demokratik cəmiyyətin norma və prinsiplərinə uyğundur. Belə ki, xalqların etnik-mədəni dəyərlərinin qorunması insan haqlarının tərkib hissəsidir. Bundan başqa, multikulturalizm Azərbaycan Respublika­sının daxili siyasətinin tərkib hissəsi kimi cəmiyyətdəki etnik-mədəni müxtəliflikləri tənzimləyərək, inteqrasiya proseslərinin dərinləşməsinə səbəb olur. Dərinləşən inteqrasiya prosesləri isə öz növbəsində etnik və dini zəmində baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını alır.

M.MÜKƏRRƏMOĞLU,“Xalq qəzeti”

13 Fevral 2021 02:22 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə