Ən son xəbərlər
Ermənistan faktiki olaraq bizə qarşı ekoloji terror törədib. Onlar Tərtər çayının qabağını bağlayırdılar və beləliklə, yüz minlərlə hektar torpaq su ilə təchiz olunmurdu. Onlar bunu yayda, insanların ehtiyacı olanda bağlayırdılar və qışda açırdılar, bu isə daşqına səbəb olurdu. Beləliklə, Ermənistanın terrorçu xisləti hər addımdadır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın təbii şəraiti burada aran və dağlıq ərazilərin mövcudluğu ilə fərqli ekoloji sistem təşkil edir. Bu sistemin mərkəzində nadir fauna və flora növləri var. Şuşa dərəsi, Daşaltı mağarası, Topxana meşəsi, Laçın və Kəlbəcər yaylaqları, Süsən və Şükürataz kimi yüksəkliklərə malik Kiçik Qafqaz sıra dağlarının xan Araza baş əyən aşağı ətəkləri – yaşıl kütləli düzənliklər göz oxşayır. Kəmfürsət, ekoloji terror törədən ermənilər illər uzunu məhz bu ekosistemə qənim kəsiliblər.
Elm sübut edib ki, ekosistemin bəzi komponentləri çatışmayanda o, dağılmağa başlayır, təbii tarazlığı pozulur. Florada məhsuldarlıq azalaraq tədricən məhv olur, fauna növləri yaşayış üçün daha yaxşı təbii şəraiti olan digər yerlərə köç edirlər. Bundan xəbərdar olan ermənilər şüurlu surətdə təbiətimizi məhv etməyə çalışıblar.
Prezident İlham Əliyev 2020-ci il dekabrin 1-də xalqa müraciətində Ermənistanın işğal altında olan torpaqları vəhşicəsinə istismar etdiyini faktlarla göstərib: “Orada on minlərlə hektarda taxıl əkilib, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında. Mənə verilən məlumata görə, Ermənistan işğal edilmiş torpaqlarda ildə 90 min ton taxıl yığırdı. Ermənistanın işğal edilmiş bu torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub. Onun yarısını bizim torpaqlarımızdan götürürdü. Bu, torpaqlarımızın qanunsuz istismarıdır... İndi öz ərzaq təhlükəsizliyini necə təmin edəcəklər? Orada böyük üzüm bağları mövcud idi. Mən Ağdam, Füzuli, Cəbrayıl rayonlarına gedərkən yolboyu görmüşdüm ki, bir çox üzüm bağlarımız dağıdılıb, orada köhnə şpalerlər qalıb. Amma bir çox yerlərdə üzüm bağları saxlanılıb. Ondan istifadə edirdi, bizim suyumuzdan istifadə edirdi, elektrik enerjisi istehsal edirdi”.
Ekoterrorçular istifadə etmədikləri yerlərdə hər yay bilərəkdən yanğınlar törədir, torpağın tərkibindəki mikroorqanizmləri məhv edirdilər ki, münbitliyi heçə ensin, ərazilər erroziyaya uğrasın və eyni zamanda, külək alovu təmas xəttinin bu üzündəki əkin sahələrinə keçirsin ki, azərbaycanlıların taxıl zəmiləri yansın. Ərşə bülənd olan qatı tüstü Azərbaycana aid məntəqələrə qədər gəlib çatırdı. Əkinçilərimiz məhsul yanmasın deyə, gecə-gündüz sahələrdə qarovul çəkməli olurdular.
Ümumiyyətlə, yanğınlar zamanı torpağın məhsuldar üst münbit qatı, ot və kolluqlarla birlikdə mikroiqlim yaradan yaşıl ağaclar və bütün canlılar məhv olur, ərazi qara rəng alır, səthin radioaktiv albedo əmsalı azalır, nəticədə səthin temperatur amplitudası yüksəlir. Əkilib-becərilməyən yerlərdə yabanı bitkilər artır, ilan, siçan, siçovul kimi gəmiricilər, ziyanverici həşəratlar hədsiz dərəcədə çoxalır və ətraf ərazilərə yayılaraq təsərrüfatlara ziyan vurur.
İşğal altındakı nəzarətsiz ərazilərdə təhlükə mənbələrindən biri də “Metsamor” AES-dir. Onun radioaktiv tullantıları qəsdən torpağa basdırılıb. Araz çayına birbaşa çirkab axıdılıb, metal filiz yataqlarının istismarında ekoloji tələbatın gözlənilməməsi Ermənistanda nəşr olunan “Lragir” qəzetinin də yazdığına görə, Sərsəng su anbarında balıqların kütləvi qırğınına səbəb olub. Arazın çirkləndirilməsi Ermənistan ərazisindən gələn Xonaşen, Qarqarçay, Oxçuçay, Bazarçay, Bəsitçay, Həkəriçay, Köndələnçay, Tərtərçay və Xaçınçay vasitəsilə baş verirdi. Kimyəvi və bioloji cəhətdən çirkləndirilmiş 350 milyon kubmetrdən artıq su kütləsi hər il Ermənistan ərazisindən gələrək Kür çayı hövzəsinə tökülür. Ermənistanın filiz mədənlərinin tullantıları ucbatından Oxçuçay ölü bir çaya dönüb. Bundan sonra daha sayıq olmalıyıq.
Xaricdən gətirilərək Qarabağda məskunlaşdırılan ermənilər də, qondarma rejimin hərbçiləri də əzəli torpaqlarımızı istismar edib, qanunsuz iqtisadi fəaliyyət göstəriblər. Onlar ələ keçirdikləri meyvə bağlarını öz tamahları xatirinə saxlayıb genişləndiriblər. Məsələn, Ağdamın Şelli kəndinin məşhur nar bağları şirə və şərab emalından ötrü yaxşı gəlir mənbəyi olub. Orada az da olsa, təzə bağlar salıb, istixanalar yaradıblar. Köçüb gedəndə isə hamısına od vurub yandırıblar. Nadir təbiət abidələrini kökündən məhv ediblər. Meşələrimiz yandırılıb, emal müəssisələri talan edilib. Yüzlərlə kilometr uzunluğunda suvarma sistemi tamamilə dağıdılıb. Yüz minlərlə qoyun və minlərlə mal-qara sürüsü işğal edilmiş ərazilərdən Ermənistana aparılıb.
Aşkar faktlardan biri də budur ki, ermənilər tərəfindən nəzarətsiz ərazilərdə aqrotexniki qaydada narkotik bitkilər yetişdirilib və onların məhsulları gizli yollara xarici ölkələrə ötürülüb. Separatçı rejim həmin ərazilərdə narkotik maddələrin qanunsuz kultivasiyası, becərilməsi, istehsalı və satışının inkişafı üçün bütün zəruri şərait yaratmışdı. Bu faktlar ABŞ Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət strategiyasına dair hesabatlarında öz əksini tapıb. Qondarma qurumun bədnam rəhbərləri narkobaron işbazları mümkün təhdidlərdən qoruyur, narkotiklərin satışından əldə olunan pulları isə işğal olunmuş ərazilərin nəzarətdə saxlanılması, muzdlulara və terror qruplarına haqq ödənilməsi üçün istifadə edirdilər. Hesabatlarda Ermənistan coğrafi yerinə görə narkotik vasitələrin beynəlxalq dövriyyəsində potensial subyekt kimi göstərilib...
Ekoloji terrora məruz qalan bölgələrdən biri də Cəbrayıl rayonu olub. Onlar bu rayonun da ərazisində məzarlıqları söküb, qəbirüstü daşları daşıyıb aparıblar. Qarxunlu kəndi tamamilə yox edilib. Bu barədə dəhşət doğuran videoçəkilişlər var. Müşahidələr və şahidlərin ifadələri Maralyan, Mərcanlı, Mehdili, Çaxırlı, Mahmudlu kənd və stansiyalarının tamamilə dağıdıldığını, yol kənarlarında və həyətlərdə əkilmiş qiymətli qoz ağaclarının qırılaraq məhv edildiyini, Araz vadisindəki bütün ağacların yandırıldığını təsdiqləyir. Qiymətli ağac növləri ilə zəngin meşələr və yeraltı ehtiyatlar talanıb. Ermənilər yerli tikinti materialları yataqlarını, Diridağın qeyri-adi bitkilər və heyvanlar aləminə malik guşələrini, habelə minerallarla zəngin içməli su mənbələrini məhv ediblər. Əsirlikdən azad olunmuş sakinlər deyirdilər ki, rayon ərazisindəki çoxlu qoz meşələri və ayrı-ayrı kəndlərdə yetişdirilən böyük qoz ağacları doğranaraq müxtəlif məqsədlərlə istifadə olunmaq üçün Yerevana göndərilirdi.
Vandallar işğal etdikləri Ağdam rayonundakı 400 illik təbiət abidəsini partladıblar. Hələ illər öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə və təbii ehtiyatlara dağıdıcı təsirin aşkar edilməsi ilə məşğul olan Operativ Mərkəzi”nin əməkdaşları Ağdamın işğalından sonra onun ərazisində müxtəlif üsullarla çəkilən videokadrlara baxış keçirərək, təbii ehtiyatların vəhşicəsinə talanması faktlarını üzə çıxarıblar. Ağdamın işğal olunmamış kəndlərinin sakinlərinin müşahidələri nəticəsində məlum olub ki, ermənilər yaşı 400 ilə yaxınlaşan çinar ağacını partladaraq doğramış və Ermənistana aparmışlar. Ağdam şəhərində olan 140-150 yaşlı 14 şərq çinarı və Boyəhmədli kəndi yaxınlığındakı 400 ilə qədər yaşı olan 71 çinar qorunan təbiət abidələri kimi qeydə alınmışdı. Qaniçən qonşuların Güllücə, Qərvənd, Göytəpə, Papravənd, Qalayçılar və Boyəhmədli kəndlərində törətdikləri yanğınlar nəticəsində yaşıllıqlar tamamilə məhv edilmişdir. Bu faktlara dair müvafiq aktlar var.
İşğaldan sonra tamamilə dağıdılmış Şıxlar kəndi ətrafında yandırılmış sahədə böyük ağacların iki “KAMAZ” avtomaşınına yükləndiyi müşahidə edilib. Maşınlarda hərbi qulluqçularla yanaşı, mülki geyimli şəxslər də olub. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə viran və talan edilib. Laçın və Kəlbəcərdə Ermənistandan, Suriya və Livandan köçürülüb gətirilən ermənilər məskunlaşdırılmışdı ki, onlar da bu yerlərdə müvəqqəti olduqlarını yaxşı bildiklərinə görə təbiətə qənim kəsilərək ekologiyanı darmadağın ediblər.
...İşğal edilmiş Azərbaycan ərazilərində hündürlüyü 45 metr, diametri 6-8 metrədək, yaşı 120 ildən 2000 ilədək olan Şərq çinarı, dağdağan, azat armud, palıd və saqqız ağaclarından ibarət 152 ədəd təbiət abidəsi – pasportlaşdırılmış ağaclar vardı. Bu ağaclardan 10-u Dağlıq Qarabağda, 4-ü Ağdərə, 2-si Xocavənd, 85-i Ağdam, 14-ü Cəbrayıl, 6-sı Zəngilan, 10-u Qubadlı, 10-u Laçın və 11-i Füzuli rayonu ərazisində idi. Hələ məşhur dövlət qoruqları, Zəngilanın çinar meşələri... Görəsən, hansı qalır? Vandal ermənilər 30 ildə işğal altındakı Azərbaycan torpaqlarına elə amansız müdaxilələr ediblər ki, müsbət cavab vermək mümkün deyil.
...Piçəniş və Hacışamlı meşə ərazilərindəki 4 min hektardan artıq qırmızı palıdı əldə etmək üçün hələ çar hökuməti dövründə fransızlar Qırxqız dağından ora araba yolu çəkmişdilər. Ötən illərdə Dağlıq Qarabağa səfər etmiş jurnalistlər Laçın ormanlarındakı dünya şöhrətli bu palıdın ermənilər tərəfindən necə qırılıb daşındığını müşahidə etmişdilər. Bu ağaclar bir ucdan qırılaraq qiymətli mebel və konyak çəlləklərinin istehsalı üçün Fransaya satılırdı. Məlumatlara görə, onların yerində ağac emalı sexləri, zavodları işləyib. Ermənistanın işğalı altında olan ərazilərdə vahid ekosistemə etdiyi təcavüz və beynəlxalq qurumların bu prosesə biganəliyi bölgədə ekoloji fəlakətə zəmin yaradıb. Bir az da belə davam etsəydi, daha nələr ola bilərdi. Azərbaycanın bu barədəki “həyəcan təbili” illərcə qulaqardına vuruldu. Nə yaxşı ki, biz bununla barışmadıq, qəsb edilmiş torpaqları öz gücümüzlə işğaldan, doğma təbiətimizi, ekologiyamızı amansız erməni vəhşətindən qurtardıq.
Tanınmış torpaqşünas V.Dokuçayev deyirdi ki, torpaq daş kömürdən, neftdən, qızıldan da qiymətlidir. Qarabağ torpağı isə bu baxımdan xüsusilə əvəzsizdir. Otuz il əvvəlki Azərbaycan hakimiyyəti onun qədrini bilmədi. Bu gün o müqəddəs yerlər artıq öz əlimizdədir. Tezliklə cana gətirək! Doğma təbiətimizi düşmənin murdar nəfəsindən bilmərrə təmizləyək ki, torpaqlarımızın bini-bərəkəti özünə qayıtsın.
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə