Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət qurumlarının İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi onların iqtisadiyyatın inkişafındakı rolunu gücləndirəcək

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları”, “Bakı Metropoliteni” qapalı səhmdar cəmiyyətlərinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında” 12 fevral 2021-ci il tarixli Sərəncam imzalayıb.

Sərəncama əsasən, adları çəkilən qapalı səhmdar cəmiyyətləri və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “Ba­kuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

İdarəetmədə yeniləşmə nə ilə bağlıdır? Mütəxəssislərin fikrincə, bu, ilk növbədə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafın sürətləndirilməsi və dövlət müəssisələrinin profisitinin artı­rılması, onların büdcədən asılılıqlarının azaldılması məqsədi daşıyır. Prezi­dent İlham Əliyevin 2020-ci il 7 avqust tarixli sərəncamına əsasən yaradılan Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətində də bu amil xüsusi diqqət çəkir. Başqa sözlə, Azərbaycan İnves­tisiya Holdinqi idarəetməsinə verilən qurumların maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, maliyyə resurslarının, habelə xarici borcların cəlb olunmasını səmərəli meyarlar əsasında nəzarətdə saxlamaq üçün tədbirlər reallaşdırır.

Ekspertlərin fikrincə, dövlətimizin başçısı tərəfindən aparılan islahatla­rın məntiqi davamı olan Azərbaycan İnvestisiya Holdinqinin yaradılması respublikada yerli və xarici investi­siyaların sağlam təməllər üzərində reallaşdırılmasına da öz müsbət təsirini göstərəcək. Çünki hazırda respublika­mıza investisiya yatırmaqda maraqlı olan iri şirkətlər var. Pandemiya ilə bağlı layihələrin sürəti son bir ildə bir qədər zəifləsə də, postpandemiya dövründə onların Azərbaycan iqtisadiyyatının in­kişafında rolu, şübhəsiz ki, güclənəcək. Ən əsası isə xarici investisiyaların fəal şəkildə iqtisadiyyata cəlb edilməsi sürətlənəcək.

Ümumiyyətlə, Azərbaycan İnvesti­siya Holdinqinin yaradılması yuxarıda vurğulanan məsələlərin həlli ilə yanaşı, həm də dövlət müəssisələri vasitəsilə yatırılan investisiyaların səmərəsinin artırılmasına, investisiyalardan əldə olunan əlavə dəyərin iqtisadiyyata yönəldilməsinə böyük töhfə verəcək.

Hazırda respublikamızda davamlı struktur və institusional islahatlar həyata keçirilir və bu islahatlar bütün sektorlar­da üfüqi və şaquli vektor üzrə aparılır. Yəni, islahatlar yeni tipli idarəetmədən, optimallaşdırmanı həyata keçirmək üçün yeni mobil qurumların yaradıl­masından başlamış cəmiyyətin bütün sosial-istisadi sahələri üzrə hər gün bir qədər daha əhatəli və daha köklü forma alır. Azərbaycan İnvestisiya Holdinqinin yaradılması da bu baxımdan struktur və institusional islahatlara dəstək verən strateji bir qərardır və milli iqtisadiyyatı­mızı neft asılılığından tamamilə qurtara­cağına real zəmin yaradır.

Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdik. Mütəxəssislər bildirirlər ki, dövlət şirkətlərinin idarə olunması hazırda bir sıra ciddi problemlərlə müşahidə edilir. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı deyib: “Dövlət şirkətlərində itkilər kifayət qədər bö­yükdür. İndi, baxın, bizim qaz itkiləri, düzdür, son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir. Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim. Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir. Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var. Amma özəl sektorda əgər itki varsa, bu özəl sektorun subyekti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir. Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq. Hətta ölkəmizdə qazlaş­dırma dövlət büdcəsi hesabına aparılır. Halbuki, bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir…”.

Azərbaycan İnvestisiya Holdinqinin yaradılmasında da məqsəd, məhz yu­xarıda vurğulanan nöqsanların aradan qaldırılması, iqtisadiyyatımızda böyük bir hissə təşkil edən dövlət şirkətlərinin idarə olunmasında səmərəliyin artırıl­masıdır.

Xatırladaq ki, İnvestisiya Holdinqinin nizamnaməsində də dövlət müəssisələrində müasir şərtlərə uyğun şəffaf idarəetmə sisteminin qurulması qarşıya mühüm vəzifə kimi qoyulub. Başqa sözlə, bu, həm də Azərbaycanda bir çox sahələrdə liberallaşma prosesi­nin sürətlənməsi deməkdir. Holdinqin təsis olunması, idarəetmədə effektivliyin artırılması, qeyri-neft sahələrinin effektiv idarə edilməsi həmin sahələrin inkişafı­na təkan verəcək.

Mütəxəssislərin bildirdiyinə görə, bu gün dövlət şirkətlərində idarəetmədə şəffaflığın, ictimai iştirakçılığın olma­ması, kənar nəzarətin zəif təşkili və hesabatlılığın aşağı səviyyəsi bir sıra ciddi problemlər yaradıb ki, yeni yara­dılan İnvestisiya Holdinqinin qarşısına həmin çətinliklərin aradan qaldırılması mühüm vəzifə kimi qoyulub. Bu barədə adı çəkilən holdinqin yaradılması haqqında fərmanın giriş hissəsində, həmçinin Nizamnaməsində ətraflı bəhs edilib. Eyni zamanda, fərmanda yeni idarəetmə sisteminə keçiddə dövlət və özəl şirkətlər arasında əməkdaşlıq formasının qurulması mühüm məsələ kimi vurğulanıb. Prosesə özəl sekto­run cəlb olunması isə şəffaflaşma və vəsaitlərin idarəedilməsində səmərəlilik prinsiplərinin yüksəldilməsi məqsədi daşıyıb. Çünki aydın məsələdir ki, dövlət vəsaitlərinin səmərəli və şəffaf reallaşdırılması dövlət siyasətində hər zaman prioritet istiqamət olub. Ölkə rəhbəri də öz fəaliyyətində bu amili daim diqqətdə saxlayıb, dövlət vəsaitinin şəxsi maraqlar istiqamətində yönləndirilməsinə, istifadə olunma­sına qarşı ciddi mübarizə tədbirləri gerçəkləşdirib. Təcə son bir il ərzində idarəetmə strukturlarında bununla bağlı görülən tədbirlər, daha dəqiq desək, bir sıra vəzifəli şəxslərin cəzalandırılması bunun bariz ifadəsidir.

Burada bir məsələni də qeyd etməyi zəruri bilirik. Belə ki, hazırda qeyri-neft sektorunda dövlət müəssisələrinin payı yüksəkdir, onların məşğulluqdakı payı isə təqribən 25 faizdir. Təxminən on beş ən iri dövlət müəssisəsinin aktivi­nin həcmi ölkənin ÜDM ilə müqayisə edilə bilən səviyyədədir. Dövlət isə səhmdar olaraq həmin müəssisələrin müasirləşməsi, texnoloji yenilənməsi, kapitallaşması və maliyyə dayanıqlı­ğını təmin edərək onların keyfiyyət və səmərəlilik baxımından yeni inkişaf səviyyəsinə keçidi üçün əlverişli zəmin yaradır. Lakin onların daha səmərəli, daha yüksək səviyyədə idarə olunması zərurətinə bu gün daha çox ehtiyac du­yulur. Bütün bunlara görə də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə son vaxtlar bir sıra dövlət qurumlarının Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi mühüm önəm daşıyan bir addımdır.

“Xalq qəzeti”

13 Fevral 2021 00:57 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə