Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlk növbədə risk qrupuna aid insanların həyatı xilas edilməlidir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus və ”Bloomberg LP” media konserni ilə ”Bloomberg Philanthropies” təşkilatının təsisçisi Maykl Blumberq dünya ölkələrinə çağırış ediblər. Birgə açıqlamada bildirilir ki, diabet, hipertoniya, qan-damar xəstəlikləri, xərçəng və bir sıra nəfəs yolları xəstəlikləri kimi qeyri-infeksion xəstəliklərə qarşı qlobal fokus gücləndirilməlidir. Çünki bu xəstəliklər dünyada ölüm hallarının 74 faizindən çoxuna səbəb olur və COVID –19 pasiyentlərində xəstəliyin gedişinə ağırlaşdırıcı təsir göstərirlər. Qeyd edilib ki, koronavirus pandemiyası qeyri-infeksion xəstəliklərin nə qədər təhlükəli olduğunu, eləcə də bu xəstəliklərə qarşı mübarizədə ictimai səhiyyə sisteminə sərmayə qoyuluşunun vacibliyini nümayiş etdirir.

T.Qebreyesus deyib ki, “ona görə də biz dünyanın siyasi və iqtisadi liderlərini qeyri-yoluxucu xəstəliklərə qarşı kəskin addımlar atmağa çağırırıq. Qeyri-yoluxucu xəstəliklərin səviyyəsi nə qədər az olarsa, pandemiya dövründə ölüm halları bir o qədər aşağı ola bilər”. M.Blumberq isə bildirib ki, ”Bloomberg Philanthropi­es” təşkilatı tütün istehlakının azaldılması, sağlam qidalanma­nın təşviq olunması, qan-damar xəstəliklərinin qarşısının alınması və digər sahələrdə ÜST ilə sıx əməkdaşlıq edir və yoluxucu olmayan xəstəliklərin yaranması­na yol açan səbəblərlə mübarizədə beynəlxalq təşkilat və ölkələrlə əməkdaşlığı davam etdirəcək.

ÜST – nın məlumatına görə, qeyri-infeksion xəstəliklər dünyada hər il 40 milyon insanın ölümünə səbəb olur. Bu xroniki xəstəliklər koronavirus pande­miyası dövründə sayı 2 milyonu ötən ölüm hallarının artımına təsir göstərir. Kök (adipositas) adamların, tütün istehlakçısı olan və həmçinin hipertoniyadan əziyyət çəkən insanların COVID – 19 –a yoluxaraq bu xəstəliyi ağır formada keçirmələrinə və ölüm hallarına daha çox rast gəlinir. “Bloomberg”in qeyri-infeksion xəstəlik və xəsarətlərə qarşı mübarizəyə töhfəsini nəzərə alaraq, T. Qebreyesus, həmçinin elan edib ki, M. Blumberq artıq üçüncü müddətə ÜST –nın bu sahə üzrə qlobal elçisi vəzifəsinə layiq görülüb.

Qeyd etmək lazımdır ki, hazırda ölkəmizdə koronavi­rus infeksiyasına qarşı aparılan mübarizə tədbirlərinə xüsusi diqqət və nəzarət olduğundan, son bir ayda xəstəxanalarda xəstə sayı azalan tendensiya ilə davam edir. Demək olar ki, bir çox xəstəxanalarda xəstələr sadəcə bir şöbədə yerləşdirilib. Yəni ciddi anlamda azalma müşahidə olunur. Vaksinasiyanın başlaması ilə bağlı cəmiyyətdə onun orqanizmə mənfi təsiri kimi yanlış fikirlər də dolaşır. Hansı ölkədəsə baş vermiş bir hadisənin kütləvi hal kimi yayılması bəzi insanlarda qorxu, həyəcan yaradır.

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Aişə Kərimova ölkəmizdə aparılan vaksina­siya prosesindən söz açaraq, peyvəndləmədən sonra yara­nan yan təsirlərdən bəhs edib: “Vaksinasiyadan sonra yaranan narahatlıqlarla əlaqədar müraciət edənlər çox az saydadır. Bunlar peyvəndin istifadə qaydalarında yazılan əlavə təsirlərlə üst-üstə düşür. Demək olar ki, peyvəndlə əlaqədar normal təsirləri bəzən vətəndaşlar əlavə və ya yan təsir olaraq qəbul edirlər. Məsələn, peyvənddən sonra 24–48 saat ərzində yüngül dərəcəli qızdırma, halsızlıq, vaksin vurulan yerdə yerli iltihabi reaksiya qeydə alına bilər. Bunlar peyvəndə aid normal əlamətlərdir. Əslində həmin əlamətlərin olması peyvəndə qarşı vücudun yaxşı bir cavab verməsinin və yüksək səviyyədə qoruyuculuğun əmələ gəlməsinin göstəriciləridir. Vətəndaşlar bunları əlavə təsir olaraq qəbul edə bilərlər, ancaq bunlar yan təsir deyil. Hələ ki, bugünədək aparılan peyvəndləmə prosesi zamanı ciddi yan təsir görülməyib”.

Həkim-infeksionistin sözlərinə görə, hazırda dünyada koronavirusun yeni mutasiyası aktiv mövzuya çevrilib: “İlk dəfə İngiltərədə qeydə alınan mutasiya B.1.1.7 olaraq adlandırılıb. Hazırda haqqında danışılan variant isə ko­ronavirusun qeydə alınan genetik mutasiyasıdır. Azərbaycanda hələ ki, qeydə alınmayıb. Koronaviru­sun milyonlarla mutasiyası olsa da, yalnız iriçaplı mutasiyadan bəhs edə bilərik. Çünki kiçikçaplı mutasiyaları təsbit etmək mümkün deyil. Onun klinik təzahürləri barədə bir fikir söyləmək çox tez­dir. Hələ COVID –19 –un gedişatı, onun kliniki təzahürləri barədə məlumatlar pandemiyanın altıncı ayından sonra formalaşmağa başladı. Buna baxmayaraq, köhnə variantın yeni klinik təzahürləri də üzə çıxır və xəstəlik əlamətləri sırasına əlavə olunur. Ona görə də İngiltərədə, Braziliyada qeydə alınan mutant virusların klinik şəklinin necə olacağını söyləmək çox tezdir. İlk mülahizələr korona­virusun yeni mutasiyasının daha sürətlə yayılma potensialına malik olduğu istiqamətindədir. Xəstəliyin gedişatı, klinik ağırlıq dərəcəsi ilə əlaqədar bir fikir irəli sürülməyib”.

Həkimin bildirdiyinə görə, hər şeyə rəğmən, biz ehtiyat tədbirlərini hər zaman olduğu kimi görməliyik: “Bu, virusun mutasiyasından asılı deyil. Çünki virusun insanda xəstəlik yaratması üçün hansısa formada orqanizmə daxil olması lazımdır. İstər mutasiya olunmuş, istərsə də köhnə virus olsun, qorun­ma yolları dəyişilməzdir. Həm fizi­oloji, həm də mexaniki baryerlərdən istifadə olunmalıdır. Yeni növ koronavirusun mutasiyaya uğramış variantının klinik təzahürləri, kimlərdə necə müşahidə olunacağı, hansı yaş qruplarını əhatə edəcəyi, hansı orqana daha çox təsir edəcəyi haqqında danışmaq çox tezdir. Hazırda bu istiqamətdə araşdırmalar aparılır”.

Mütəxəssis, həmçinin bildirib ki, yeni növ koronavirusa yoluxub sağalan və qanında anticism yaranan, o cümlədən peyvənd olunanlarda COVID –19 –un yeni mutasiyasına yoluxma riski az olur: “Çünki koronavirusun yeni mutasiya olunmuş növü desək də, onun ana strukturu köhnə virusun, hətta koronavirusların 50 il öncəki ana strukturuna bənzəyir. Çarpaz immunitet adlanan bir fenomen var. Hər hansı bir koronavirus növü ilə təmas edən və xəstəlik keçirən insanlarda digər növə yo­luxma, yoluxsa belə ağır keçirmə ehtimalı nisbətən daha azdır. O cümlədən xəstəliyi keçirənlər, peyvənd olunanlarda əmələ gələn immunitet sayəsində yeni ştamm ilə təmas və yoluxma halı olsa belə, bunun yüngül keçəcəyini düşünmək olar. Bizi narahat edən məsələlərdən biri yeni ştammın ölümə təsiridir. Sürətli yoluxma­nın özü dünya, ölkələr üçün ciddi problemlər yaradır. Bu günədək Azərbaycanda koronavirusdan ölüm halı 2 faizi keçməyib. Baxmayaraq ki, ölkəmizdə ko­ronavirusa yoluxanların 98 faizi sağalır, bu gün pandemiya bütün dünyanı çənginə alıb. COVID –19 xəstəliyi əmək qabiliyyətinin müvəqqəti itməsinə səbəb olur. Bu gün koronavirusa yoluxan şəxs heç bir şikayəti olmasa belə izol­yasiya olunmalı, əmək fəaliyyətini dayandırmalı və müşahidə altında saxlanılmalıdır. Bunların hamısı dünyanın sosial-iqtisadi vəziyyətini poza bilir. Ona görə də ölüm faizindən ziyadə yoluxma sayı da çox önəmlidir. Təbii ki, virusun daha sürətlə yoluxdurması problemdir. Öldürücülüyünün də eyni dərəcədə qalması daha ciddi bir problem ola bilər. İlkin mülahizələrə görə, mutasiya viru­sun sadəcə yoluxduruculuğunun artımı üzərindədir, amma ölüm dərəcəsində azalma gözlənilir. Belə olarsa, virusla mübarizə nisbətən asanlaşa bilər”.

A.Kərimova sonda pande­miyanın bir nəfərdən başlasa da, onunla mübarizədə hər kəsin məsuliyyətinin böyük olduğunu, buna görə də hamının bunu dərk etməli olduğunu bildirdi.

Qeyd etməliyik ki, korona­virusun sürətlə yayılan mutasiya variantlarının ortaya çıxması peyvəndlərin sürətli və ədalətli paylanılmasını daha vacib edir. Bütün dövlətlərin ilk növbədə öz səhiyyə işçilərini və yaşlı insanları vaksinasiya etməsi doğru seçimdir. Ancaq son zamanlar zəngin ölkələr daha çox vaksin əldə edərək gənc, daha sağlam yetkinlərin vaksina­siyasını aparır. Bu addım yoxsul ölkələrdə vaksin çatışmazlığına, tibb işçilərinin və yaşlı insanların peyvəndlənməsi üçün lazımi qədər peyvəndin olmaması nəticəsində onların xəstələnməsinə və hətta ölümünə səbəb ola bilər.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1 – də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak edərkən Azərbaycan Televiziyasına verdiyi müsahibədə ölkədə pandemiyanın vəziyyəti və ona qarşı aparılan mübarizə tədbirlərindən söz açaraq, məhz bu məsələyə də toxundu. Prezident vaksin böl­güsü ilə bağlı bildirdi ki, inkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil etsə də, onlar bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər: “Yaxşı, bəs kasıb ölkələrin vətəndaşları nə etməlidirlər, xəstələnməlidirlər? Onlar xəstələnəndə onların ölmək ehtimalı daha böyükdür. Çünki o ölkələrdə səhiyyə sistemi inkişaf etmiş ölkələrdən müqayisəedilməz dərəcədə geridə qalıb”.

Dövlət başçısı bildirdi ki, əhalisi 38 milyon olan Kanada 154 milyon vaksin sifariş edib, onun pulunu verib. Yəni, dörd dəfə çox peyvənd alıb. Deməli, 120 milyon insana bu vaksin çatmayacaq: “Onlar almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər. Bunların vecinə deyil. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokrati­yadan söhbət gedə bilər? Deməli, kasıb ölkələrin insanlarının haqla­rı tapdalanır, onların səhhəti, sağ­lamlığı risk altına düşür. Amma zəngin ölkələr öz maraqlarını artıqlaması ilə təmin edirlər”.

Azərbaycan Prezidenti Qo­şulmama Hərəkatına sədrlik edən ölkə olaraq bu məsələdə səssiz qalmayacağını dedi: “Bu gün mən bu imkandan istifadə edərək Qo­şulmama Hərəkatının üzvlərinə də çağırış edirəm ki, onlar da bizim səsimizə qoşulsunlar və biz bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmalıyıq.” Dövlət başçısı bəzi ölkələrin vaksin böıgüsündə olan bu yanlış praktikadan əl çəkmələri üçün ÜST –ə, şirkətlərə, hətta, həmin ölkələrə müraciət etməyin vacib­liyini vurğuladı. Eyni zamanda, zəngin ölkələrin bu addımını ədalətsizlik adlandırdı.

Sonda onu deyək ki, həmin zəngin dövlətlər başa düşməlidirlər ki, vaksin is­tehsalı ilə məşğul olan bütün şirkətlərdə hər kəs üçün kifayət qədər peyvənd istehsal olunacaq. Ancaq hazırda bütün ölkələrdə ön xəttdə duran əsas məsələ eynidir: COVID – 19 virusu ilə birbaşa mübarizə aparan, həmçinin ağır xəstəlikləri və ölüm riski olan insanların həyatı virus təhlükəsindən ilk növbədə xilas edilməlidir.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

12 Fevral 2021 01:41 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə